Əli Həsənov dünyanın neft-qaz maraqları ilə Rusiyanın siyasətini qarşılaşdırdı

PA rəsmisi: “Azərbaycanın təşəbbüsü yeni şəraitdə bütün Avrasiya məkanında və dünyada enerji maraqları üzərində qurulan geosiyasi mənzərənin formalaşmasında müstəsna rol oynadı”

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Türkiyənin “Zaman” qəzetində “Xəzər-Qara dəniz hövzəsində enerji siyasətləri” başlıqlı məqaləsi dərc olunub. 168.az qəzetin internet səhifəsinə istinadən təhlildə yer alan bəzi məqamları diqqətə çatdırır.

Geniş siyasi mətləblərə toxunulan məqalədə bildirilib ki, Sovetlər Birliyinin süqutu ilə Orta Asiya və Xəzər hövzəsinin zəngin enerji ehtiyatlarının beynəlxalq bazarlara açıqlığı, xarici ölkələrin və şirkətlərin bölgəyə ciddi şəkildə maraq göstərmələri yeni geosiyasi və geoiqtisadi şərtlər formalaşdırıb. Regionun təbii ehtyatlarının bütün dünyaya açıqlığını qeyd edən PA rəsmisi ərazinin enerji, nəqliyyat, rabitə layihələrinin, həmçinin beynəlxalq siyasətin mərkəzinə çevrildiyini vurğulayıb: “SSRİ-nin süqutu eyni zamanda bölgədə öz mənafelərindən çıxış edən yeni müstəqil dövlətlərin Xəzərin karbohidrogen ehtiyatlarına sahib olmalarına və bunları öz mənfəətləri çərçivəsində istifadə etmələrinə imkan yaratdı”.

Məqalədə bildirilib ki, bölgə dövlətləri arasında neft və təbii qazı, eləcə də neft və qaz məhsullarını sərbəst şəkildə beynəlxalq bazarlara çıxarmaq mövzularına münasibətdə fərqliliklər, mövqe qarşıdurmaları və rəqabət mühiti meydana gəlib. O, belə məsələlərdə dövlətlərin rentabelliliyə xüsusi yanaşdıqlarını qabardıb. Mövcud durumda Azərbaycanın oynadığı rola nəzər salan cənab Həsənov ölkəmizin neft və təbii qaz yataqlarının işlənməsi və əldə edilən məhsulların ixracatının reallaşdırılması istiqamətində iradə ortaya qoyduğunu  vurğulayıb: “Azərbaycanın təşəbbüsü yeni şəraitdə bütün Avrasiya məkanında və dünyada enerji maraqları üzərində qurulan geosiyasi mənzərənin formalaşmasında müstəsna rol oynadı”.  

PA-nın şöbə müdiri eyni zamanda bildirib ki, XXI əsrdə Xəzər hövzəsinin geoiqtisadi və geostrateji xarakterinə təsir edən ikinci qrup əhəmiyyətli faktorlardan biri kimi Orta Asiya ölkələrinin beynəlxalq bazara çıxış imkanlarının məhdudluğu şəraitində bölgənin enerji ehtiyatlarının ixracatında və ümumi olaraq Şərq-Qərb münasibətlərində Cənubi Qafqazın ənənəvi Rusiya yoluna alternativliyi üzərində dayanılır. O, belə mövzuların gələcəkdə daha çox qabardılacağı, dünya siyasətinin və qlobal enerji maraqlarının başlıca xəttini və yeni prioritet sahələrini formalaşdıracağı üzərində dayanıb.

Ə.Həsənov boru xəttləri və marşrutları mövzusunda Azərbaycanın, Türkiyənin, Orta Asiya ölkələrinin, Gürcüstanın və Qərbin iqtisadi baxımdan daha ucuz və məhsuldar yollardan istifadə ilə ixracatın və idxalatın həyata keçirilməsinə tarafdar çıxdıqlarını önə çəkib.  Bildirib ki, bunun müqabilində Rusiya və İran beynəlxalq bazarlardakı mövcud qiymət siyasətləri üzərində köhnə fəaliyyətlərini, dünyada və bölgədə öz üstünlüklüklərini qorumağa, başqa ölkələrin beynəlxalq enerji bazarlarına təsirini azaltmağa, onların enerji sahəsində alternativ və müstəqil rol oynamalarının qarşısını almağa çalışırlar.

Məqalədə bölgənin zəngin təbii ehtiyatlarının nəqli üzərində dayanılaraq bu məsələdə təhlükəsizliyin müxtəlif aspektlərinin ətraflı təhlili verilib. “Zəngin enerji ehtiyatlarına sahib ölkələr öz məhsullarını kimsəyə asılı olmadan, ən əlverişli yolları istifadə edərək, ən etibarlı boru xəttləri üzərindən beynəlxalq bazarlara daşımaq və mövcud beynəlxalq bazar qiymətinə satmaq istəyirlər. Digər tərəfdən, bölgənin neft və təbii qaz ehtiyatlarından istifadə xarici dövlətlər və digər müştərilər bu məhsulları ortaya vasitəçi salmadan birbaşa birinci əldən və sabit qiymət zəmanəti ilə almağa üstünlük verirlər” fikirlərinin əksini tapdığı məqalədə hər iki tərəfin hansısa kənar müdaxiləni arzulamadığı vurğulayıb.

Konkret olaraq Rusiyanın bölgədəki siyasətinə toxunan Ə.Həsənov Moskvanın Avropa dövlətlərinə müxtəlif təzyiq və təhdidlər etdiyini, beynəlxalq bazarlarda özü ilə əlaqədar “etibarsız ortaq” imici yaratdığını, neftdən və təbii qazdan siyasi vasitə kimi yararlandığını xatırladıb. Qeyd edib ki, Kreml mövcud istiqamətdəki addımlarını enerji qaynaqlarının satış qiymətlərinin yüksəldilməsindən tutmuş nəql miqdarının aşağı salınmasınadək dəyişik üsul və formalarla reallaşdırıb. Rusiya ilə Ukrayna, Türkmənistan və Belarus arasındakı son enerji böhranı bunun açıq sübutudur. Yaşanan son böhran əsnasında soyuq havalarda qazsız qalan Avropa ölkələrinin uğradığı zərər təxminən 2 və ya 3 milyard dollar olaraq hesablanıb: “Bir tərəfdən Rusiyanın həm bölgədə, həm də dünyada enerji qaynaqlarını getdikcə daha çox geosiyasi təzyiq vasitəsi olaraq istifadə etməsi, digər yandan son illərdə Avropanın təbii qaza tələbatı Xəzərin alternativ neft və təbii qaz ehtiyatlarına və onların daşınması üçün boru xəttlərinə ehtiyacı artırmaqdadır”.

Avropanın təbii qaza olan tələbatının perspektivlərindən geniş bəhs edilən məqalədə o da bildirilib ki, köhnə qitənin qarşıdakı 20 ildə yalnız təbii qaza olan illik tələbatının 450 milyard kubmetrdən 600 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə