Qaz genosidi (BAXIŞ)

Zahid ORUC, Milli Məclisin deputatı

 

Dünən Yerevanda yüzlərlə etirazçının səsi Rusiya-Ermənistan əlaqələrinin mövcud durumunu dərk etmək baxımından əlamətdar idi. Mavi yanacağın tariflərinin qaldırılması barədə ArmRosqazpromun müraciəti ölkədə açıq sosial narazılığın və geopolitik itaətsizliyin son damlasına çevrilmişdir.

Əslində qazın qiymətinin qalxması 38 faizlik işsizliyə və ildə 100 mindən artıq miqrasiyaya malik olan bir respublikanın istehsal potensialına ciddi zərbə deməkdir. Müxtəlif əhali qrupuna verilən qaz tariflərinin indikindən hər 10 min kubmetrə görə 100 dollara yaxın bahalaşması avtomatik olaraq orta sahibkarlığı çökdürəcək, ərzaq və yüngül sənaye məhsullarının qiymətinə mənfi təsir göstərəcək. Məhz buna görə də əhali hökumətlə konfliktin səbəbini onda görür ki, Rusiyayönümlü kurs belə iqtisadi asılılıq və alternativsizlik yaradıb. Əsas tutumlu sahələri-metal, şərab və kommunikasiya sektorlarını siyasi mərkəzə - Kremlin elitasına tabe etdirən Ermənistanın müstəqil qərarlar verərək indiki şəraitdən çıxması müşkül məsələdir.

Sadə ermənin tələbini yerinə yetirmək mümkündürmü? Yəni, fərqli qiymətlər axtarışında rəsmi Yerevan kimə müraciət edə bilər?

İranla qurulmuş əlaqələr və çəkilən yeni kəmər fonunda nəzərdə tutulurdu ki, alınacaq 1 milyard kubmetr qazdan əlavə 2014-cü ildən başlayaraq Ermənistan daha çox miqdarda qazı kommersiya şərtləri ilə müxtəlif ölkələrə sata biləcək. Əslində Rusiya özü maraqlı idi ki, erməniləri təmin edə bilmədiyindən İran bu bazara daxil olsun və Təbriz-Meğri xətti vasitəsilə cəmi 140 km uzunluqda borular vasitəsilə problem həllini tapsın. Lakin proses nəzərdə tutulduğu vaxtda başa çatdırlmadığından hazırki şərait - “Qazpromun genosidi” adlandırılan gerçəklik meydana çıxdı.

Bütün həyatı ideolojiləşmiş bir xalqın Rusiyadan belə şikayətlənməsində bir rəmzi məna vardır. Qarabağı tutmaq və müharibəni qazanmaqla özü mövcud şəraitin girovuna çevrilən Ermənistan indi Qafqazlarda daimi soyqırımlar törədən və iqtisadi sümürgəçilik aparan şimal ağasını ittiham etməyə başlayıb. Ona görə deyirlər ki, süngünü yemək olmur. Döyüşü qazanmaq və Şuşada qələbə paradı keçirməklə erməni xalqının qələbədən eyforiyaya gəldiyini düşünmək sadəlövlükdür. İndi nə Zəngilan, nə Qubadlı erməni fəhləsi və kəndlisinin qaz problemini həll etmir. Qalib Ermənistan məğlub Azərbaycandan qat-qat pis yaşayır.

Sarkisyanın Azərbaycandan bəhs edən ən orijinal ittihamı bilirsizmi nə olub? O, beynəlxalq toplantıların brində ölkəmizi onda qınayırdı ki, neft kəmərini Qarabağdan keçirməməklə respublikamız ermənilərin ağır iqtisadi durumda yaşamasına qərar verib. Əsil “absurd teatrı” buna deyərlər. Sən demə, ərazilərin beşdə-birinin işğalı gerçəkliyini unudaraq və xalqın müqavimət-heysiyyat gücünü tapdalayaraq Azərbaycan hakimiyyəti neft-qaz nəqlini Xankəndinə yönəltməli, ermənilərə müharibə qəniməti və mükafatı verməli imiş. Sarkisyan bununla nəinki siyasi gerizəkalı, həmçinin də dayaz coğrafiya ikiqiymətlisi olduğunu bir daha sübuta yetirmişdi.

Lakin tarixin ironiyasına bir baxın ki, əzəli Azərbaycan əraziləri olan Təbriz və Meğrinin qaz xətti bu gün ermənilərin iqtisadi nəfəsliyinə və yeganə alternativinə çevrilib. Torpağın üstünü yağmalayanlar, onun yeraltı sərvətlərinə də əl uzadıblar. Əsil “qaz genosidi” bax buna deyərlər!

Yazı millət vəkili Zahid Orucun facebook səhifəsindən götürülüb.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə