Milli Şurik(lər) (BAXIŞ)

Elçin MİRZƏBƏYLİ

 

Yaşıdlarım Sovet dönəminin ""I" əməliyyatı və Şurikin məcaraları" kinokomediyasını yəqin ki, yaxşı xatırlayarlar. Ən böyük əyləncəmiz Şurikin məcaraları, "Qafqaz əsiri", "Brilliant əl", "Mimino", "Küp" kimi tam və qısametrajlı filmlərə baxmaq idi bir zamanlar... Baxırdıq... gülürdük... Amma Sovet ideoloqlarının arzuladığı kimi yox, öz istədiyimiz kimi. 

...Sovet kinosunun digər müsbət qəhrəmanları kimi rejim senzorlarının qəlibə saldığı "ütülü komsomol" Şurik də sevilmirdi... "Sovet adamları" belə obrazları məsxərəyə qoyur, onları müxtəlif lətifələrin "qəhrəmanına" çevirir, aşağılayır və bununla da rejimə qarşı olan qəzəblərini azacıq da olsa soyudur, təsəlli tapırdılar. 

...Biz istəsək də, istəməsək də o dövrün, yəni, dünənin uşaqlarıyıq. Dünyagörüşümüzə müəyyən yeni çalarlar əlavə olunsa da, bu gün ölkə həyatının ayrı-ayrı sahələrində aparıcı mövqedə dayanan çoxluğu sovet ideoloji sisteminin formalaşdırmağa çalışdığı yarımçıq "sovet adamları" təşkil edir. Yarımçıq "oktyabryat"lar, "pioner"lər, "komsomol"lar... Onların bir qismi və təbii ki, çox az hissəsi öz dünyagörüşlərinə çağdaş dünyanın tələblərinə uyğun koorektələr etməyi bacarıblar. Bəziləri isə buqələmun kimi, sadəcə rəng dəyişiblər. Çərçivəyə salınmış avtoritar düşüncə, maskalanmış pedantizm dünənin şuriklərinin obrazını dəyişsə də mahiyyətini dəyişə bilməyib. 

..."Milli Şura" ideyası gündəmə gələr-gəlməz ötən əsrin əvvəllərində Tiflisdə cərəyan edən hadisələr düşdü yadıma: Zaqafqaziya seyminin süqutundan sonra 1918-ci il mayın 27-də Azərbaycanın ilk parlamenti kimi fəaliyyətə başlayan 44 nəfərdən ibarət Milli Şura yaradıldı. Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə, onun müavini Əhməd bəy Ağayev, İcraiyyə Komitəsinin sədri isə Fətəli xan Xoyski seçildi. Mayın 28-də isə Azərbaycanın dövlət müstəqilliyi haqqında Bəyannamə qəbul olundu... Və 95 il sonra yoxdan bir dövlət, bir bayraq yaradanların tariximizə qızıl hərflərlə yazdıqları Milli Şura ideyası yenidən gündəmə gətirildi. Həm də yeni dövrün əliheydər qarayevləri tərəfindən... İroniyaya bax... Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Fətəli Xan Xoyski və... Rüstəm İbrahimbəyov, Eldar Namazov... Millətin Şurasını yaradıb Azərbaycan Xalq Cümhuriyyətini elan edənlər və "milli" sözünün arxasında gizlənərək "əliheydər qarayev missiyası"nı yerinə yetirən "şurik"lər, "şurka"lar, "paşka"lar, "peşka"lar... 

Mənzərə göz qabağındadı!

...Amma reallıq fərqlidi. Azərbaycan vətəndaşlarının siyasi dünyagörüşü, Azərbaycan dövlətinin imkanları da həmçinin...

P.S. Gənc Şurik folklor nümunələrini toplamaq üçün yenidən Qafqaza gəlir və məclislərdən birində tamadanın növbəti tostunu qələmə alır: "Rusiyada məşhur bir müğənni var, Kabzon, böyük adamdı. Hətta Dumaya da seçiblər. Amma o daha böyük vəzifə istəyir. Dumaya gedə bilər, lakin getmək istəmir... Beləliklə, gəl içək o sağlığa ki, bizim arzularımızla imkanlarımız üst-üstə düşsün".

xalqcebhesi.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə