Mən sizi itirmək istəmirəm! (BAXIŞ)

Azər HƏSRƏT

 

Biz qəribə millətik vallah! Dəyərlərimizi ağına-bozuna baxmadan, uf demədən xərcləyə bilirik. Öz sahəsində millətə əvəzsiz xidmət verə biləcək tək-tək dühalarımızı, sənətçi və alimlərimizi bir anda öz siyasi iddialarımıza alət edirik. Və sonuc da o olur ki, həmin nəhəngləri sadəcə olaraq diriykən öldürürük.

Bu sözlərim təsadüf deyil. Hələ bir müddət öncə keçmiş millət vəkili, mənim siyahılarımda daim təqdirlə adı çəkilən Gültəkin Hacıbəyli haqqında yazmaq istəyirdim. Onun deputat fəaliyyətini bəyənmişdim və düşünürdüm ki, bir zaman gələcək daha irəli gedəcək və dövlətimiz üçün faydalı işlər görəcək. Ancaq sonradan o, Ziyalılar Forumuna qoşuldu. Buna da normal yanaşdıq. Ardından da müxalifətçilik etməyə başladı. Və bu müxalifətçilik indi onu sonu və rəngi bəlli olmayan Milli Şuraya gətirib çıxarıb. Biz artıq bir zamanlar təqdir və sayğıyla yanaşdığımız Gültəkin Hacıbəylini itiririk. Bir az da belə davam etsə onu tam olaraq itirəcəyik. Ayrıntılara varmadan bu xanım haqqında bu qədər yazıram.

Əslində, bizim belə itirmələrimiz təzə deyil. Biz müxalifətçi olaraq bir zamanlar Azərbaycanın ən möhtəşəm səsi, canlı korifey və həqiqi mənada böyük sənətkar, nadir səs sahibi Flora Kərimovanı da yavaş-yavaş itirirdik. Biz onu mitinqlərdə, meydanlarda xərcləyirdik. Dünyaya böyük bir sənət adamı missiyasını daşımaq üçün gəlmiş Flora xanımdan siyasətçi düzəltmək istəyirdik və onu məhvərindən çıxarıb genində olmayan işə sarı dartırdıq. Və beləliklə də böyük bir səsi məhv edirdik. İddiamız da bu idi ki, sənət adamları da bu hakimiyyətdən narazıdır və baxın, görün ki, bizimlə birlikdə meydanlara eniblər.

Biz Flora Kərimovanı meydanlarda xərcləməkdəykən sənət səhnəsində dərin boşluqlar yarandı. Həmin boşluqları isə küçədən gəlmiş təsadüfi adamlar doldurdu. Elə adamlar ki, onlardan birinə “Prezidentin sizə hədiyyə etdiyi evi neylədiniz” sualı veriləndə tərbiyəsizcəsinə, “ondan qarderob kimi istifadə edirəm” cavabını verdi. Yaxud da “Xalq  artisti”, “Əməkdar artist” kimi ən yüksək adları mənimsəyərək sənətləri ilə deyil, bazar arvadları kimi saçyoldu xəbərləri ilə efir-ekranı doldurdular. Olacağı bu idi zatən. Çünki biz əsil-nəcabət sahibi Flora Kərimovanı meydanlarda xərcləyirdik və onun doldurmalı olduğu ekranlar bu əldəqayırma sənətçilərə buraxılmışdı.

Biz Akif İslamzadə kimi canlı əfsanəni də meydanlarda xərcləyirdik bir zamanlar. Onun da ekranlardan millətə gerçək sənət təqdim etməsi lazımkən, bu həqiqi mənada saf və dürüst insanı siyasi oyunlarımıza alət etmişdik. O, doğrudan da milləti, vətəni və dövləti üçün daha yaxşı günlər arzu edirdi. Biz isə onun bu ülvi hislərini istismar edərək özünü meydanlara daşıdıq və Flora Kərimova kimi onun da ekranlardakı yerini başqaları tutdu. Hətta bəzən elələri tutdu ki, nəinki sənətkarlığını, heç cinsiyyətini belə düz-əməlli müəyyən edə bilmədik.

MDB məkanındakı rəngli inqilablar fonunda bir də nadir səs sahibi, Rəşid Behbudov, Müslüm Maqomayev kimi sənət zirvələrinin yerini layiqincə doldura biləcək Azər Zeynalovu da meydanlara endirdik. Onu da inandırdıq ki, sənətçi deyil, siyasətçi olması lazımdır. Boynuna qoyduq ki, sən millətə Rəşidin, Müslümün davamçısı kimi deyil, bir siyasətçi kimi lazımsan. Amma şükürlər olsun ki, o, yanlış yolda olduğunu zamanında anladı və geriyə, millətə doğrudan da fayda verə biləcəyi sənətinə qayıtdı. Yəni onu tam olaraq xərcləyib qurtara bilmədik.

İndi yenə də bu qəbildən xərcləmələrlə məşğuluq. Bir müddət öncə dünya şöhrətli alim, böyük ziyalı Rafiq Əliyevi xərcləmək istəyirdik. Nə yaxşı ki, bu müdrik insan zamanında və yerində durmasını bildi və xərclənməsinə imkan vermədi.

Ancaq onun kimi dayanmağı, düşünməyi və xərclənməməyi bacarmayanlarımız da var. Və həmin böyük şəxsiyyətləri də yavaş-yavaş itirməkdəyik. İtirmək istəməzdik əlbəttə. Amma özləri özlərini xərcləyirlər. Nəyin uğruna? Bunu da düz-əməlli şəxsən mənə izah edə bilmirlər.

Söhbət hər zaman sayğı duyduğum, istər millət vəkili, istər keçmiş cəbhəçi, istərsə də bir tarixçi kimi dəyər verdiyim Professor Cəmil Həsənlidən gedir. Bu böyük insan haqqında hər zaman sayğı ilə danışmışam. Onun siyasi dünyagörüşünə və milli təəssübkeşliyinə də heç zaman şübhə etməmişəm. Ancaq son gəlişmələr çox hörmətli Cəmil müəllimin də xərclənmək üzrə olduğunu göstərir. O da xərclənir. Halbuki mən onun xərclənməsini heç arzu etmirəm. Çünki Cəmil müəllim Azərbaycan tarixinin ən şanlı səhifələrini araşdıran, fundamental əsərlər ortaya qoyan və nəinki ölkəmizdə, hətta uzaq ABŞ-da belə tanınan, sayılan dünya şöhrətli bir alimimizdir. O bu sadalanan keyfiyyətləri ilə bu millətə çox gərəklidir və kim bilir daha neçə illər lazım olacaq ki, yeni bir Cəmil Həsənli yetişsin. İndi bizim böyük ümidlə baxdığımız bu böyük alim də özünü çox ucuz bir ideya uğrunda xərcləməkdədir. İstəməzdim, arzu etməzdim bunu. Mənə bugünkü hakimiyyəti devirmək istəyən Cəmil Həsənli deyil, ABŞ-da, Avropada, Rusiyada, Türk Dünyasında Azərbaycan gerçəklərini bir alim kimi tanıdacaq, Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı yeni araşdırmalar ortaya qoyacaq Prof. Cəmil Həsənli lazımdır.

Milli Şuradan söz düşmüşkən, onun başına gətirilmiş, yenə də öz sahəsində yetərincə tanınan və qəbul edilən bir nəfəri də xərcləyirik biz. Rüstəm İbrahimbəyovu deyirəm. Bu şəxs də öz sahəsində sayılan, seçilən və sayğı duyulan birisidir. Onun çəkdiyi filmlər, yazdığı senarilər, mənsub olduğu çevrələr Azərbaycana nəinki indi, gələcəkdə də çox yüksək xidmət göstərə bilər. Təbii ki, bir kino xadimi kimi qalsa. Ancaq görünən odur ki, bu kino nəhəngini də siyasi iddialarımıza alət edərək xərcləyirik. Hətta onu inandırmışıq ki, səndən ölkə prezidenti belə olar. 74 illik ömründə bircə gün belə siyasətlə məşğul olmayan bu kino xadimini artıq 10 ildir ki, Azərbaycan kimi keşməkeşli bir ölkəni ustalıqla idarə edən, çöküşdən dirçəliş və inkişaf yoluna daşıyan İlham Əliyev kimi təcrübəli siyasətçiyə rəqib olaraq meydana sürmüşük. O da uşaqcasına özünü inandırıb ki, bir az daha cəhd etsə İlham Əliyevin yerini tuta bilər. İndi biz buna izah da edə bilmirik ki, siyasət kino çəkmək, senari yazmaq qədər asan məsələ deyil. Üstəlik, bunun gərəkdirdiyi bir sıra keyfiyyətlər var ki, onları biz sizdə görə bilmirik. Yəni siz siyasətçi, hələ bir ölkə prezidenti qəlibinə heç cür uyğun gəlmirsiniz.

Amma onu deyə bilərik ki, Rüstəm İbrahimbəyov bundan sonra da möhtəşəm filmlər çəkə bilər. Örnək üçün, Qarabağ müharibəsi ilə bağlı dünya ekranlarına daşınacaq çox ciddi bir filmə ehtiyacımız var və onu da məhz kino nəhəngi olan Rüstəm İbrahimbəyov çəkə bilər. Özü də bu film Hollivud filmlərini kölgədə qoya biləcək qədər böyük bir sənət əsəri ola bilər. İndi prezidentlik kimi sonu zatən bəlli olan mənasız və uyğunsuz bir iddiamı yaxşıdır, yoxsa yaxşı bir film çəkib Azərbaycanın ən ağrılı problemini dünyaya tanıtmaqmı? Məncə, sonuncuya enerji xərcləməyə dəyər, Rüstəm müəllim. Siz, lütfən, mənim kimi sizdən həm yaşda kiçik, həm də mənsub olduğunuz sənət sahəsində piyada olan birisinin bu fikirlərini qəribçiliyə salmayın. Kino çəkməkdən anlamasam da az-çox siyasi fəaliyyətim və bu sahədə anlayışım var və hazırda baş verən proseslərin nəticələrini indidən görürəm. Ona görə də Rüstəm İbrahimbəyov böyüklükdə kino xadimimizin ucuz siyasi sensasiyalar naminə xərclənməsinə göz yuma bilmirəm. Necə ki, Flora Kərimovanı, Akif İslamzadəni, Rafiq Əliyevi, Azər Zeyanlovu, Cəmil Həsənlini və hətta Gültəkin Hacıbəylini bu millətə fayda verə biləcəkləri uyğun yerdə görə bilirəm, Rüstəm İbrahimbəyovun da bu millətə mənsub olduğu sahədə çox fayda verə biləcəyini qəbul edirəm.

Mən sizi itirmək istəmirəm! Heç birinizi! Çünki siz olmalı olduğunuz yerdə bu millətə çox gərəklisiniz! Hələ sizinlə bərabər millətə fayda verə biləcək başqa böyük şəxsiyyətlərimizi demirəm! Bizim sizə siyasətçi kürsüsündə deyil, kinoda, elmdə, sənətdə ehtiyacımız var! Nə olar, gec deyilkən bunu anlamağa və millətə daha faydalı ola biləcəyiniz cəbhəyə dönməyə çalışın. Bu bir vətəndaş istəyi, hayqırtısıdır və Sizin kimi böyük insanların bu hayqırtıya biganə qalmağa haqqı yoxdur! 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə