Bəxtiyar Sadıqov prezident İlham Əliyevə müraciət ünvanlayıb

 

“Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Bəxtiyar Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlayıb. B.Sadıqovun baş redaktoru olduğu rəsmi dövlət qəzetinin bu günkü sayında dərc olunmuş müraciətdə deyilir:

“Zati-aliləri, möhtərəm cənab Prezident!

Düşünülmüş, sürətli və davamlı inkişaf yolu ilə irəliləyən  Azərbaycan  son ildə bir sıra möhtəşəm uğurlara  imza atmışdır. Ölkə iqtisadiyyatı 3 dəfə yüksəlmiş, dövlət büdcəsi 25 milyard dolları keçmiş, ölkənin strateji valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşmış, işsizlik 49 faizdən 5 faizədək enmiş, əməkhaqları artmış, quruculuq-abadlıq işləri görünməmiş vüsət almışdır. İqtisadi sahədə  keçid dövrünü  başa vuraraq inkişaf etmiş ölkələr sırasına qoşulmağı  hədəfə alan Azərbaycan 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü seçilmiş, dünyada söz sahibinə  çevrilmişdir. İnvestisiya qoyulan ölkədən xaricə  investisiya yatıran dövlətə çevrilən Azərbaycan bir sıra beynəlxalq  layihələrin təşəbbüsçüsü və maliyyələşdirənidir.

İqtisadi, siyasi, mədəni, idman və digər sahələrdə qazanılan uğurlar bütün ölkə vətəndaşları kimi, biz jurnalistləri də hədsiz dərəcədə sevindirir. 15 il bundan əvvəl ulu öndər Heydər Əliyev tərəfindən mətbuata senzura nəzarətinin ləğv edilməsi ölkəmizdə həqiqi mətbuat və söz azadlığının bərqərar olması ilə nəticələnmişdir. Siz Heydər Əliyev  siyasi kursunun ən layiqli davamçısı olmaqla  bu sahədə də bir sıra yeniliklərə müəlliflik etmisiniz. Məhz  Sizin rəhbərliyiniz  və iradəniz  sayəsində  ayrı-ayrı qəzetlərin mətbəələrə borcları dövlət hesabına silinmiş, jurnalistlərin kütləvi şəkildə dövlət mükafatları və fəxri adlarla təltif edilməsi ənənəsi yaranmış, KİV-in inkişafına Dövlət Dəstəyi Fondu fəaliyyətə başlayaraq mətbuatın maddi-texniki bazasının möhkəmlənməsinə və jurnalistlərin sosial rifahının  yüksəlməsinə yeni töhfələr vermişdir.

Möhtərəm cənab Prezident!

Azərbaycan iqtidarı insana qayğı sahəsində də dünya liderləri cərgəsindədir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində  doğma el-obasını tərk etmək məcburiyyətində qalan yüz minlərlə insan çox ağır və çətin şəraitdə yaşayırdı. Xalqın böyük dəstəyi ilə  dövlət başçısı  seçildiyiniz ilk illərdə "Bir nəfər də olsun çadır şəhərciyində  yaşayan məcburi köşkün qalmayacaqdır!" bəyanatını  verdiniz.  Vədinizi  vaxtından da qabaq və şərəflə yerinə yetirdiniz. Artıq nəinki ölkə ərazisindəki çadır şəhərcikləri ləğv edilmiş, 78 müasir tipli, hər cür infrastruktura malik yeni qəsəbələr salınaraq  ictimai binalarda, kommunal şəraiti olmayan yerlərdə məskunlaşan məcburi köçkün ailələri təmirli  evlər və mənzillərlə  təmin olunmuşlar. Sizin imzaladığınız Dövlət Proqramına əsasən, 2014-cü ilədək məcburi  köçkünlərin mənzil problemləri tamamilə həll ediləcəkdir. Respublikanın bütün bölgələrində yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri də müntəzəm və planlı şəkildə yeni mənzillərə və evlərə köçürülürlər.

Çox hörmətli cənab Prezident!

2010-cu il iyul ayının 22-də Azərbaycan Milli Mətbuatının  yaranmasının 135 illik yubileyi münasibətilə Sizin tapşırığınız  əsasında Mətbuat Şurası üçün tikilmiş, müasir və analoqu olmayan binanın açılışını etdiniz, Mətbuat Şurası İdarə Heyəti üzvləri ilə görüşdünüz. Bizim üçün unudulmaz olan həmin görüşdə qayğı və problemlərimizlə maraqlandınız,  jurnalistlərin sosial durumunun, mənzil şəraitinin yaxşılaşdırılması barədə xahişimizi dinlədiniz. Yenə də dünyada analoqu olmayan addım! Elə həmin gün, bir neçə saatdan sonra jurnalistlər  üçün ayrıca binanın tikilməsi üçün Prezidentin  Ehtiyat Fondundan 5 milyon manat vəsait ayırdınız. Yubiley  şənliyində iştirak etmək üçün "Gülüstan"  sarayına toplaşmış jurnalistlərə Sizin sərəncamınız barədə informasiya verilərkən keçirdiyimiz  sevinc və qürur  hissini təsəvvür etmək çox çətindir! Azərbaycan yenə də ilkinə imza atmışdır! Dünyanın  heç bir yerində jurnalistlərə belə qayğı göstərilmir, dövlət hesabına bina inşa etdirilərək təmir olunmaqla onlara təmənnasız paylanılmır.

Əziz Prezidentimiz!

156 Azərbaycan jurnalisti həmin binada ev almaq səadəti yaşadı! Siz qırmızı lenti kəsərək xeyir-duanızı verdiniz. Eyni zamanda, biz jurnalistlər üçün daha bir binanın təməlqoyma mərasimində iştirak etdiniz. Deməli, tezliklə  daha onlarla jurnalist yeni mənzillərdə yaşaya biləcəkdir!

"Azərbaycan" qəzetinin beş nəfər əməkdaşına da yeni mənzilə köçmək xoşbəxtliyi qismət olmuşdur. Onlar Rizvan Cəfərov, Fərman  Bağırov, Rəsmiyyə Qarayeva, Daşdəmir Tağıyev və Flora Xəlilovadır. Bu münasibətlə redaksiyada şənlik keçirdik, bayram etdik.

Bu sevinc və səadəti kollektivimizə Siz bəxş etdiniz! Buna görə Sizə sonsuz təşəkkür və minnətdarlığımızı bildiririk!  Siz bununla həm də "Jurnalistlərin dostu" olduğunuzu bir daha əyani şəkildə təsdiq etdiniz!

Qarşıdan növbəti Prezident seçkiləri gəlir.  Azərbaycanın müstəqilliyini və sürətli inkişafını istəyənlər, dövlətimizin qüdrətli, ölkə  vətəndaşlarının firavan yaşayışını arzu edənlər artıq öz seçimlərini  dəqiqləşdirmişlər. Azərbaycan xalqı növbəti  beş ildə də Sizi dövlət sükanı arxasında  görmək istəyir! Bu inamı və etimadı Siz onillik fəaliyyətiniz nəticəsində Azərbaycan dövlətçiliyi və xalqı yolunda gördüyünüz nəhəng işlər sayəsində qazanmısınız. Əminik ki, hələ uzun illər Sizin rəhbərliyiniz altında çalışmaqla Azərbaycanın yeni böyük nailiyyətlərinin  şahidi olacaq, onun təbliğatçısı və tərənnümçüsü missiyasını  sevinc və həvəslə həyata keçirərək müasir tariximizin yazılmasında  bilik və bacarığımızı əsirgəməyəcəyik.

Zati-aliləri,  Sizə möhkəm  cansağlığı, coxcəhətli, gərgin və səmərəli  fəaliyyətinizdə daha böyük uğurlar arzulayırıq!

Böyük hörmət və ehtiramla,      

Bəxtiyar SADIQOV,

"Azərbaycan" qəzetinin baş redaktoru, 

Milli Məclisin deputatı”

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə