Zahid Oruc: “Bizi irəliyə Allahın bayrağı və insanların ədaləti aparır!”

 

Prezidentliyə namizəd Zahid Oruc özünün facebook səhifəsində “İmza günü” adlı yazı paylaşıb. Yazını təqdim edirik.

“Dünyada formalaşmış ənənə var: ünlü əsərlərin, tirajlı dərgilərin və nəşrlərin təqdimatlarını edər, "imza günü"nü keçirərlər. Bu yerdə müəllifin qələmi ilə yazılmış kiçik bir söz o kitabların içi qədər önəmli sayılar, müəllifin konkret oxucuya münasibətini ifadə edər.

Bizsə, Prezident seçkilərində namizədliyin müdafiəsi üçün imza vərəqələrini götürərək işə başladıq. Bu mərhələdə yerlər dəyişir, "oxucular" - sizlərin ifadə etdiyi mövqe toplanaraq millət vəkili Zahid Orucun söykəndiyi ən dəyərli və möhkəm bazis olacaqdır.

Ötən günlər ərzində şəxsimə göstərdiyiniz sayğıya, həmrəyliyə və xoş arzulara görə hər birinizə ayrılıqda təşəkkürlərimi bildirirəm. Bu anların duyğusunu yaşamaq çox şərəfli idi. Deməli, bu illər ərzində millətimiz adına göstərdiyimiz bir misqal da olsa xidmət sizlərin nəzərində qiymət alıb, məna kəsb edib və dəqiq qənaətlər formalaşdırıb. Dəyər vermək ilahi xüsusiyyətdir. İstər telefon açaraq, istərsə də buradan-sosial şəbəkələr üzərindən göndərdiyiniz mesajlar çatdı. Bunlar heç virtual deyildi, mənim üçün maddi güc mənbəyi və real ruhi qüvvə idi. Onları daha soyuq ağılla təhlil edərək nəticə çıxarmağımız üçün qarşıda günlərimiz var. Bu yerdə face və book mənə ingilis dilli sözdən daha çox "simalarımızın kitabı" kimi gəldi. Əksəriyyətinizdə bir ucalıq gördüm. Sizlər sübut etdiniz ki, Yüksəklik fiziki göstəricilərlə deyil, urəklərin böyüklüyü və boyu ilə ölçülər!

Könül istərdi ki, sizlərin hər birinin imzası kiçik elektron daşıyıcıda bizə çatardı. Hökümətin işlərindən biri də bu olmalıdır - Amerika seçiciləri səsini evindən göndərir. Lakin başlıcası, əsas ideya ətrafında səfərbər olunmaq, kimə və necə müraciət etməyin yollarını müəyyənləşdirməkdir. Peşəkar seçki texnoloqlarının, cəmiyyətlə kommunikasiya qurmağı bacaran mütəxəssislərin və necə deyərlər, insan qəlbləri üzrə "mühəndis"lərin Qərb siyasi həyatında oynadığı rolu burada da görmək istərdik. Çünki bu da incə sənətdir.

Lakin yola davam edərkən inamımız qətidir. Dəqiq bildiyimiz odur ki, bütün böyük işlərin, milli uğurların və uzaq məsafələrin qət edilməsinin də əsasında Birinci Addım dayanır. Böyük sərkərdələrdən birinin sözünü tarixi gerçəklərimizə uyğun bir az dəyişsək, deməliyik ki, bizi irəliyə Allahın bayrağı və insanların ədaləti aparır!”

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə