“Siyasi arxitektura”nın tektonik çatları (MÖVQE)

Başqasına məxsus siyasət tarlasında rəncbərlik etmək, yaxud da qeyrisinin oyun taxtasında “piyada”ya (bu oyunçunun adı rusca daha dəqiq və koloritli səslənir - !) çevrilmək rol sahibini həmişə tragikomik vəziyyətdə buraxır. İnanmırsınızsa, kinodramaturq R.İbrahimbəyovun ssenarisində yer almış personajların halətinə nəzər salın. Çox güman ki, adı gedən zat Azərbaycanda seçkiöncəsi “bataliya”lardan bəhs edən “siyasi vestern”inin bu qədər uğurlu alınacağını xəyal belə etmirmiş. 

“Bizim yol”un bugünkü sayında kinoçu və “El” hərəkatı idarə heyətinin üzvü Eldəniz Quliyev çox ciddi suallara daha çox sönük müsahibəsində Milli Şuranı məslək yoldaşı “İbrahimbəyovun siyasi arxitekturası” ( - ?! ) adlandırdıqdan sonra Nyutonun bağçasına da bir yekə səlbə tolazlayaraq “demokratik düşərgənin birləşməsi hörmətli dramaturqun cazibə qüvvəsiylə həyata keçdi” söyləyir. Heç şübhəsiz, ölkə müxalifətinin son 20 ildən bəri yaratdığı SİDSUH, Ziyalılar forumu, Milli Şura, daha nə bilim nələrin uğursuzluq reseptini, talesizlik düsturunu axtaran olsa, elə bu cür uyğunsuz və məntiqsiz cavablarda tapacaqdır. 

Ölkənin hakimiyyətə iddialı müxalif kəsimini neçə vaxtdır bir pasportla əsir-yesir eləyən R.İbrahimbəyov ölkədə ictimai rəyin olmadığını iddia edir. Əvvəla, şəxsi və ictimai rəyin hansı mənanı ifadə etdiyini bilmək üçün kəlmənin etimoloji kökəni ilə yanaşı, sırf sosioloji mahiyyətini də dərk etmək gərəkdir. Toplum heç də hər bir informasiyanı, qənaəti, münasibəti ümumi müzakirə müstəvisinə çıxarıb ona ictimai status vermir. Azərbaycan ictimaiyyəti haqlı olaraq birilərinin hakimiyyətə özünüifadə deyil, barınma vasitəsi kimi baxan, xalqın deyil, firqəsinin, “divan”ının çıxarlarını güdən maraqlarını ciddiyə almır. Bir rəy ki, onda millətin, xalqın taleyüklü istəkləri ifadə olunmayıb, ictimai mündəricə daşıması mümkünsüzdür.

Daha sonra E.Quliyev bir qədər də irəli gedərək müxalifətin 20 illik bədnam siyasi karyerasının baiskarı kimi mətbuatı günahlandırır. - Azərbaycan unikal ölkədir, burada siyasi mübarizə partiyalar arasında yox, qəzetlər arasında gedir. Yəni nüfuzlu qəzetlər bir çox hallarda bir partiyadan daha çox iş görür- deyir. 

Belə bir mövqe siyasi texnologiyalar baxımından nə qədər anormal, atipik olsa da, faktdır. Çünki yalnız parlament və prezident seçkilərində tərpənib “qurdunu tökən” müxalifət 20 il əvvəl özünü necə dondurubsa, bu gün-sabah təqaüdə də eləcə buz mumiya kimi çıxacaq. Siyasi radikallığı və bir az da mürtəceliyi ilə fərqlənən müxalifətin avanqard qüvvəsinin firqə mətbuatı olduğu sirr deyil. Onun mitinqi də, daşı da, şüarı da qəzet səhifəsi və zavallı jurnalistləridir. Və bəlkə elə aramsız məğlubiyyətlərinin bir nədəni də elə siyasi mübarizə meydanını qələm əhlinə buraxmasıdır. “Çörəyi çörəkçiyə verərlər” – deyib atalarımız. Özlərini siyasətçi elan edənlərin hər ifşa olunduqda, süqut etdikdə, tükəndikdə günahı mətbuatda görməsinin özü də professional immun çatışmazlığının bir nişanəsidir. 

Bu gün doğrudan-doğruya jurnalistikanın əsas qayə və məqsədini təhrif edən peşə mərəzi kimi onun siyasiləşməsini göstərmək mümkündür. Və ciddi mətbuatın inadla qurtulmaq istədiyi bu əlamət ara-sıra ciddi müzakirə predmetinə də çevrilir. Heç şübhəsiz, mətbuat cəmiyyətin aynası olduğuna, onun bir seqmenti kimi çıxış etdiyinə görə siyasi proseslərə ilıq reaksiyası, məmləkətin siyasi ab-havasının "meteoroloji" özəlliklərini saf-çürük etmək istəyi başadüşüləndir. Ancaq bu münasibət heç vəchlə məhrəm lobbiçilik müstəvisinə keçməməli, funksiyaların çulğaşmasına aparmamalıdır. 

Günümüzün bəzi mətbu nəşrləri üzərindən firqə mənsubiyyətini atsa da, siyasi partiyaların mübarizə funksiyalarını mənimsəyiblər. Mübarizə ideoloji rıçaqların önə keçməsi kontekstində deyil, qəzetlərin açıq-aşkar müharibəyə başlaması müstəvisində gedir. Bu isə artıq hüquqi nihilizmdən də irəli gedərək ideoloji təxribatdır.

kaspi.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə