43 min imza artıq var - Zahid Orucun imzatoplama kampaniyası sona yaxınlaşır

Artıq bir həftədən çoxdur ki, Azərbaycan Respublikasının Prezidentliyinə namizəd, millət vəkili Zahid Məhərrəm oğlu Orucun Seçki Qərargahı fəaliyyətə başlayıb. Qərargahın rəhbəri Ərəstun Əlioğlu bildirib ki, imzatoplama kampaniyasında irəliləyişlər hər keçən saatda bir qədər də artmaqdadır.

Z.Orucun prezidentliyinə namizədliyinin rəsmən təsdiqi üçün avqustun 18-dən başlanmış kampaniyadan bu günə kimi artıq 43 minə yaxın imza toplanıb. Ə.Əlioğlu hazırda prosesin ölkə üzrə fəliyyət göstərən bir çox seçki dairəsini, respublikamızın bütün etnik və milli coğrafiyasını əhatə etdiyini vurğulayıb. Kampaniyada namizədin doğulub böyüyüb başa çatdığı Gədəbəy rayonunun insanları, o cümlədən rayonun İvanovka kəndində yaşayan ruslar da aktiv şəkildə iştirak ediblər. “Biz onların dəstəyini çox yüksək qiymətləndirir və dərin minnətdarlığımızı bildiririk. Bu insanlar yüz illərdir, Azərbaycanda, Vətənimizin ən səfalı guşələrindən olan Gədəbəydə yaşayır, əməli fəaliyyətlərilə dövlətçiliyimizə sədaqətlərini nümayiş etdirilər. Aralarında ərazi bütövlüyümüz uğrunda şəhid olanlar da var. Bu gün istər ruslar, istərsə də qeyri millətlərin nümayəndələri dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar, mövcud istiqamətdəki siyasət uğurla davam etdirilir. Ümumiyyətlə, çoxmillətlilik və tolerantlıq qürur mənbəyimizdir. Buna görə də miqyasına görə ümumxalq əhəməyyəti daşıyan prezident seçkisi kimi önəmli prosesdə müxtəlif dini və milli dəyərləri bölüşən insanlara geniş meydan verilməsi hər birimizin başlıca vəzifəsinə çevrilməlidir”, - deyə Ə.Əlioğlu əlavə edib.

Qeyd edək ki, Z.Orucun namizədliyi avqustun 13-də özü tərəfindən irəli sürülüb. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası avqustun 17-də onun prezidentliyə namizədliyini təsdiq edib.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə