Zahid Orucun Seçki Qərargahı gələcək planları açıqlayır

 

“Artıq birinci mərhələnin nəticəsi kimi qarşıya qoyduğumuz məqsədə nail olduq. Zahid Məhərrəm oğlu Orucun namizədliyi rəsmən təsdiqləndi. Bu, bir daha onu göstərdi ki, biz demokratik, hüquqi və dünyəvi cəmiyyətdə yaşayırıq. İnsanlırmızın seçiminə hörmət və ehtiramla yanaşılır”. Bunu prezidentliyə namizəd Zahid Orucun Seçki Qərargahının rəhbəri Ərəstun Əlioğlu bildirib.

Ə.Əlioğlu bildirib ki, hər kəsin həyat missiyası fərqli ola bilər, lakin xalqının və dövlətinin quruculuğunda yer alan insan dərk etməlidir ki, Allah ona bu məqamı minlərlə vətəndaşın taleyində müsbət rol oynamaq üçün verib: “Bu baxımdan bizlər bu yükün məsuliyyətini olduqca yaxşı dərk edərək, gələcək siyasi-ictimai fəaliyyətimizdə də vətəndaşımızın bizə olan etimadını, inamını doğrultmağa çalışacağıq. Təbii olaraq hər bir insan seçim edərkən özünə, ideyalarına, qarşılaşmış olduğu problemlərə nəzərən seçim edərək gözləntilərinə cavab axtarmağa çalışır. Millət Vəkili Zahid Oruc da ümummilli problemlərin həllində yardımçı olmaq, mövcud hərtərəfli tərəqqinin ən yüksək nöqtəyə çatdırılmasında öz töhfəsini daha yaxından verə bilmək, cəmiyyətimizdə müəyyən problemləri olan insanların sözünü eşitmək, vətəndaşın ideyasını tribunaya gətirmək, onları özününküləşdirərək mövcud problemlərin üzərinə getməklə vətəndaşını daha yüksk zirvədə görmək üçün prezident seçkilərinə qatılıb. Biz düşünürük ki, bu kimi ideya və prinsiplərin reallaşdırılması, cəmiyyətimizin firəvan, azad və demokratik bir aurada yaşaması üçün kifayət qədər potensial mövcuddur. Bir daha bizlərə öz imzalarını vermiş vətəndaşlarımıza, imzatoplama kampaniyasında könüllü olaraq bizlərə yardım edən, zəhmət çəkən, çoxsaylı ünvanlara gedərək Zahid Orucun namizədliyinin önəmini əsaslandıran, kampaniya zamanı öz xoş münasibətlərini bildirən insanımıza rəğbət və hörmətimizi çatdırmağı özümüzə borc bilirik. Seçki Qərargahı hazırda tam gücü ilə fəaliyyət göstərir. Hazırki işimiz rayonlarda səlahiyyətli nümayəndələrin təlimatlandırılması və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, habelə təbliğat-təşviqat kampaniyasının uğurla davam etdirilməsi ilə bağlıdır”.

Ə.Əlioğlunun bildirdiyinə görə, Seçki Qərargahı Z.Orucun siyasi ideyalarının bütün mümkün vasitələrlə cəmiyyətə çıxarılmasına çalışacaq və fəal seçki rəqabətində onun platformasını təbliğ etməyə nail olacaq: “Azərbaycanda seçkinin azad, demokratik və şəffaf keçirilməsi üçün dövlət tərəfindən edilməli olan bütün işlər həyata keçirilir. Ona görə də əminik ki, qarşıdan gələn prezident seçkiləri tam demokratik, şəffaf və beynəlxalq standartlara uyğun formada keçiriləcək və bu Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldəcək”.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə