Abbas Abbasovun separatçılığı (MÜNASİBƏT)

Yunus OĞUZ

Onun haqqında informasiyanı oxuduqdan sonra təəssüf hissi keçirib əllərimi yuxarı qaldırdım və Tanrıma şükür etdim ki, insan içini nə qədər incəliklə açıb cəmiyyətə göstərərmiş.

Sabiq baş nazir müavini tez-tez müsahibələrində qeyd edirdi ki, mən Heydər Əliyev, İlham Əliyevə xəyanət etmərəm, həmişə onların yanındayam, bundan sonra da olacam.

Mətbuat məlumat verdi ki, bu yaxınlarda Abbas Abbasov Mahacqalada “Dağıstan xalqlarının vəhdət günü” tədbirinə qatılıb. Daha sonra qeyd olunur ki, onun bu tədbirə qatılmasını Dağıstanda yaşayan azərbaycanlılar hiddətlə qarşılayıb, çünki bu bayram hər il sentyabr ayının 15-16-da “Dağıstan xalqlarının Nadir şah zülmünə qarşı mübarizəsi və qələbəsi” şərəfinə keçirilir. Bu bayramı Dağıstan xalqları antitürk, antiAzərbaycan günləri kimi qeyd edirlər. Mən başa düşürəm ki, sabiq baş nazir müavini pul saymaqdan, belə-belə separatçı, bölücü işlərdən heç zaman ayrıla bilmədiyindən Nadir şah haqqında heç nə oxumayıb. Onun xatirəsində yalnız gəncliyində baxdığı “O olmasın, bu olsun” filmindən Məşədi İbadın Nadir şah haqqında dediyi yalnız bircə cümlə qalıb. İstisna etmirəm ki, o Nadir şahı heç azərbaycanlı da hesab etmir. Hardan tanıyacaq ki, evdə öyrətməyiblər, məktəbdə tədris etməyiblər.

Amma, məsələ bundadır ki, rəhmətlik Heydər Əliyevin yanında siyasi burulğanlar məktəbini keçmiş və guya “məzun” adını almış A.Abbasov sən demə dərs saatlarında yuxuladığından belə incə məsələlərə fikir verməyib, odur ki, yaşının ahıl çağında “bişmiş siyasətçi” adına damğa və ləkə vurmaqla məqsədini, niyyətini ortaya qoydu.

H.Əliyev belə məsələlərdə çox incə addımlar atardı.

“Aydın” oldu ki, hələ də imperiya təfəkküründən qurtula bilməyən, Azərbaycan dövlətinin, millətinin maraqlarını şəxsi varidatı və maraqlarından aşağı tutan, lazım gəlsə buna görə, separatizmə, bölücülüyə dəstək verən A.Abbasov üçün heç bir şey müqəddəs deyildir. “Məndən sonra lap dünyanı su basın” fikrini əlində rəhbər tutan kəs bilmir ki, tarix onun özünü suyun altındakı lilin içinə gömməklə lənətləyəcək, sözdən düzəldilmiş daşları onun üzərinə atacaq. Məlumat üçün bildirim ki, Dağıstan xalqlarının Nadir şah üzərində heç zaman qələbəsi olmamışdır və bunu sovetlər dövründə ortalığa çıxarıb din və fikir qardaşlarını bir-birindən ayırmaq məqsədilə etmişdilər.

Nadir şah böyük istedad sahibi və sərkərdə olduğundan I Pyotrın zamanında Rəştdən tutmuş Dərbənddən iki yüz kilometr o yana işğal edilmiş əraziləri bir güllə belə atmadan azad etmişdi. Bu Oğuz tayfasının Avşar boyundan olan bir azərbaycanlı türkünün diplomatik qələbəsi idi. Müasir italyan tarixçiləri Nadir şahı XVIII əsrin Napoleonu adlandırmaqda səhv etmirlər. Hindistanı və Orta Asiyanı da vassalına çevirən Nadir şah olub. Qızılbaşların paytaxtını əfqanlardan o azad edib. Millətinə özünəgüvənlik və bütövlük gətirib. Abbas Abbasov isə bölücülük gətirib.

Nadir şah iki dəfə Dağıstana yürüş edib. Dövlətin bütövlüyü naminə üsyançılarla vuruşub.  Əslində bu üsyanların da səbəbi tamam başqa olub. Səfəvilərin dövründə sərhəd xalqlarına illik xərac verilərdi ki, həm sərhədləri qorusunlar, həm də sakit dursunlar. Bunu indi də Moskva edir, amma müxtəlif adlar altında. Nadir şah isə bunu etmədi və Dağıstanda bəzi etnoslar ona qarşı çıxdılar. Məsələnin məğzi bu idi. Bir də Dağıstan xalqları necə bu böyük hökmdarın üzərində qələbə çalıblar ki, onun qoşunu Kuban çayına qədər irəliləyib və ingilislərin təhrikinə baxmayaraq ruslarla vuruşmaqdan imtina edib ordusunu Azərbaycana qaytarıb.

Bu tarixdir, yazdıqlarımı ingilis alimi Lokart özünün “Nadir şah” əsərində qeyd edib.

Bütün bu yazdıqlarımı A.Abbasov bilməyə bilər, “Aydındır”, amma “Vəhdət günü” kimi qeyd edilən bir mərasimdə qırmızı lenti kəsənlərin yanında dayanıb müdrükcəsinə gülümsəməyi, ümumiyyətlə orada olması başa düşülən deyil.

Başa düşülənsə başqa bir şeydir; A.Abbasov üçün dost, düşmən anlayışı yoxdur. Onun üçün Azərbaycan dövlətinin və millətinin maraqları yoxdur-şəxsi maraqlar hər şeydən üstündür.

Ona “İstiqlal” ordeni verilib. Xalqın İstiqlalını beləmi qoruyurlar? Məlum oldu ki, Abbas Abbasovun istiqlalı varidatını qorumaqdan və onu genişləndirməkdən ibarətdir. Bölücülük ideyasını təbliğ edən bir insanın “İstiqlal”ını geri almaq zamanı yetişməyibmi? Hər halda düşünməyə dəyər.

P.S. İstisna etmirəm hərgah sabah, ya o birisi gün onu Yerevanda, yaxud Xankəndində görsəniz təəccüblənməyin.

P.S.P.S.S. İran adlı dövlətin tarixi yalnız rəsmi olaraq 1936-cı ildən başlayır.

olaylar.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə