Biryulqeyt, yaxud RUSiya hiddətinin təbil zəngi (BAXIŞ)

Əvəz RÜSTƏMOV

Yəqin təkrar-təkrar deməyə ehtiyac yoxdur ki, azərbaycanlı Orxan Zeynalovun rus Yeqor Şerbakovu qətlə yetirməsinə dair söz-söhbətlər adi kriminal olaya baxış müstəvisindən çıxıb və təqdimatın fərqli yöntəm almasında başlıca rol Rusiyanın kütləvi informasiya vasitələrinə məxsusdur. Hamı şimal qonşumuzun media orqanlarının sırf kriminal zəmində baş vermiş olayı ictimailəşdirməsində ilk baxışdan bəlli təsir bağışlayan motivlərləri incələyir. Müxtəlif məqamlar üzərində dayananlar var. Digər azərbaycanlıların məsum görüntüsünü yaratmaq cəhdlərindən tutmuş, rus hüquq-mühafizə orqanlarının vəhşiliyinin qabardılmasınadək hər şeydən danışılır. Bu mənada deyəcəklərimin müəyyən mənada təkrar ola biləcəyindən də ehtiyatlanıram…

Bəli, Rusiyada yaşayan həmvətənlərimizin heç də hamısı mələk deyil. Biryulyovoda baş verənlərə bənzər vəziyyətlər indiyədək çox yaşanıb. Tam əksi, rusların azərbaycanlıları qətlə yetirmələrinə dair faktlar da istənilən qədərdir. Hər gün Şimaldan Azərbaycana böyük pullarla yanaşı, tabutlar da gəlir… Sanki buna öyrəncəyik. Əslində rus insanı da azərbaycanlıya öyrəşib. Tək azərbaycanlını yox, bütün gəlmələri hər cür «kaprizləri» ilə birgə qəbul edir. Müəyyən mənada qəbul etmək məcburiyyətindədir. Rusiya hakimiyyətinin də miqrant amili ilə hesablaşmadığını söyləmək mümkünsüzdür. Elə isə Biryulyovo olayı nəyə görə bu qədər şişirdilir? Nə səbəb var ki, Kreml dairələri hesablaşdıqları amili nəzərə almayacaq qədər fərqli metod seçiblər?

Məsələ üzərində düşünərkən yadıma Rusiyanın məşhur teleaparıcısı Kseniya Sobçakın yazdığı məqalə düşdü. Putin iqtidarı ilə aşkar problemlər yaşayan xanım Sobçak Bakıya bu il aprelin 11-13-də keçirilmiş Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) məzunlarının "Birlikdə gələcəyə" I Ümumdünya forumu ilə bağlı təşrif buyurmuşdu və sözügedən yazı aparıcının səfər təəssüratlarına əsaslanırdı. Bu təəssüratlarda ölkəmizin gözəlliyinə olan vurğunluqla yanaşı, insanımıza münasibət də ifadə olunurdu. Sobçak rus ictimai rəyinin istər keçmiş SSRİ dönəmində, istərsə də imperiyanın dağılmasından sonrakı mərhələdə azərbaycanlıya baxışını zövq müstəvisində ortaya qoyurdu. Bakının gözəlliyini görüb heyfsəlinirdi ki, illər ərzində rusların böyük millət eynəyi ilə baxdıqları kiçik Azərbaycan müasir şəhər estetikası baxımından xeyli irəlidədir.

Sizləri deyə bilmərəm, mən Rusiya ictimai fikrində önəmli mövqeyilə seçilən, demokratik ideyalar daşıyıcısı kimi tanınan Sobçakın Bakı etirafında rəğbət yox, izaholunmaz hiddət əlamətlərini duydum. O hiddətin miqyasını təsəvvür etdim. Məhz təsəvvürümə gətirdiyim hiddəti Orxan Zeynalov olayında, konkret olaraq Rusiyanın daxili işlər naziri Vladimir Kolokotsevin sifətində qabarıq formada gördüm. Sobçak Rusiya hakimiyyətini hədəf seçən fikirləri ilə sanki həmin hakimiyyətə vaxtilə gülüş obyektinə çevirdikləri azərbaycanlının çox irəliyə getdiyi eyhamını vururdu. Zənnimcə, Kolokoltsevin sifəti eyhama diqqət yetirən hakimiyyətin reaksiya idi.

Bəli, bu günün Azərbaycanı nəinki abadlaşır, gözəlliyi ilə zövq oxşayır, eyni zamanda  balanslaşdırılmış siyasi xətt yeridir. Hər kəslə bərabər məsafə saxlayaraq özünün mili maraqlarını düşünür. Mövcud xüsusda ölkəmizin müstəqil şəkildə seçki keçirməsini də vurğulamağa ehtiyac var. Yadınızdadırsa, bir vaxtlar Kreml «Milyarderlər İttifaqı» deyilən təşkilat formalaşdıraraq prosesə müdaxilə yolu tuturdu. Çalışırdı ki, Rusiyadakı azərbaycanlı «pul kisələrini» Azərbaycana təsir göstərəcək mütəşəkkil siyasi qüvvə olaraq təqdim etsin. Mövcud istiqamətdə xeyli təbliğat aparıldı da. Sadəcə Azərbaycan indi bir vaxtlar olduğu qədər zəif deyil. Özünü dəyişən dünyanın siyasi şərti kimi təqdim etdirməyi bacarıb. Bu şərt ikinci «28 aprel»in baş vermə ehtimalını sıfıra endirir. Yəni, «güclüyəm, əzərəm» deyimi ölkəmizə münasibətdə keçərsizdir…

Nəticə etibairilə «Milyarderlər İttifaqı» siyasi isteriyadan o yana keçmədi. Azərbaycanın ictimai rəyinin Rusiyanın əli ilə hərəkətə gətirilən qruplaşmanın mövcudluğunu yaxına buraxmadığını görən Kreml zamanında oyundan geri çəkildi. Söyün Sadıqovlar, Abbas Abbasovlar və digərləri yerlərinə oturdular. Ancaq Mosvkanın tamamilə geri çəkiləcəyini, Azərbaycandakı prezident seçkisi kimi mühüm prosesdən divident götürmək istəməyəcəyini düşünmək sadəlövhlük olardı. Putin administrasiyası fəaliyyətini Qərbin Azərbaycandakı seçkiyə münasibətinin hansı formada olacağını izləmək və həmin münasibətdən yararlanaraq Azərbaycana təsir göstərmək notları üzərində qurmağa üstünlük verdi. Beləcə Moskva rus meylli Rüstəm İbrahimbəyovun Qərb, konkret olaraq ABŞ yönümlü Cəmil Həsənli kartı ilə əvəzlənməsinə seyriçi qaldı. Rusiya Qərb dəyərlərinin Azərbaycan cəmiyyətində populyarlığını anladığından hətta İbrahimbəyovun Həsənlini dəstəkləməsinə də razılaşdı.

Nəhayət, 9 oktyabr seçkisi baş tutdu və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev yenidən dövlət başçısı postuna seçildi. ATƏT və Birləşmiş Ştatların əli ilə hərəkətə gətirilən digər nüfuzlu beynəlxalq təşkilatlar seçkiyə hesablanmış etiraz bəyanatlarını sıralamaqla Azərbaycan hakimiyyətinə aşkar təzyiq yolunu tutdular. Və belə bir məqamda Yeni Azərbaycan Partiyasının namizədini seçkidə qalib gəlməsi münasibətilə ilk təbrik edənlərdən biri məhz Rusiya prezidenti Vladimir Putin oldu. Bu təbrik çox güman, Azərbaycanın Qərbin təzyiqləri qarşısında Kremlə sığına bilmə mümkünlüyünə işarəydi. Bu, eyni zamanda ölkəmizi özünün dəstəklədiyi layihələrə qatmaq yolundakı şirnikləndirici jest də sayıla bilərdi. Yəqin söhbətin hansı layihələrdən getdiyini və Azərbaycanı həmin layihələrdə görməyin Rusiya üçün hansı önəm daşıdığını isbatlamağa ehtiyac yoxdur…

Amma Azərbaycan hakimiyyəti seçki ilə əlaqədar beynəlxalq təpkilər qarşısında zəiflik göstərmədi. Üstəlik Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin şəxsində demokratik dəyərlərdən dəm vuran ABŞ strateqlərinin bazar təfəkkürlərini tam çılpaqlığı ilə ortaya qoydu. Bu, hadisələrin kuliminasiya anı oldu. Moskva hiss edəndə ki, Qərbin təzyiqləri qarşısında Azərbaycanda qeyri-sabitliyin yaranmasından divident götürmək cəhdi baş tutmayacaq, Kseniya Sobçaklı rus ictimai fikrinin təsəvvüründəki azərbaycanlını canlandırmaq və onu sındırmaq planı işə salındı. Orxan Zeynalov da, onun qətlə yetirdiyi Yeqor Şerbakov da məhz bu məqsədlə tapıldı. Kreml bir daha Rusiyadakı Azərbaycan faktorundan «bəhrələndi». Amma bu dəfə fərqli tərzdə. İmperiyanın varisi olan ölkə ərazisində çörək dalınca çıxan orxanların olduğunu və lazım gəldiyi halda onların Azərbaycana geri qayıtmaları üçün təpiklənərək alçaldıla biləcəyini nümayişkəranə şəkildə göstərdi. Orxanların sayının isə üç milyon olduğu bildirilir və təsəvvür edin ki, həmin üç milyon Kolokoltsevin şovvinizm yağan sifətindən, millətçi skinhedlərin təqiblərindən qurtulmaq üçün Vətənə dönürlər…

Bəli, Biryulqeyt olayı hər baxımdan Azərbaycana təzyiqdir. Bu təzyiq Orxan Zeynalovla bağlı xırda elementdə də özünü göstərir. Həmyerlimizin dindirilməsi ilə bağlı video görüntüyə diqqət yetirin. Orxan danışmazdan öncə çox sakit tərzdə televiziya və radionun səsi eşidilir. Həmin səs Rusiyanın baş naziri Dmitri Metdvedyevin Kremlin qurub yaratdığı Gömrük İttifaqı barədəki fikrini açıqlayır. Söhbət Moskvanın hər vəclə Azərbaycanı tərkibində görmək istədiyi ittifaqdan gedir. Sizcə, bu səslənmə sıradan məsələdirmi? Necə düşünürsünüz, qətldə şübhəli bilinən birinin dindirilməsi zamanı arxa planda televiziya, yaxud radio səsinin, özü də Gömrük İttifaqı ilə bağlı xəbəri çatdıran anda eşidilməsi təsadüf ola bilərmi? Məncə, burada təsadüf yox, əvvəlcədən planlaşdırılmış ssenari var.

Sonda Rusiyadakı Azərbaycanlı amilinə təkrarən diqqət yetirmək istərdim. Bu amildə başlıca söz sahibi olduğu deyilən ölkəmizin keçmiş baş naziri Abbas Abbasovun Biryulgeytlə bağlı açıqlamasını eşitdik. Cənab Abbasov «ampulasına» sadiqdir və görünən budur ki, Azərbaycan hakimiyyətinə təzyiq kampaniyasının mərkəzində dayanır. O, soydaşlarımıza ictimai yerlərə getməməyi məsləhət görür, bir növ, qorxu aşılayır. Və ən əsası mesaj verir ki, Orxan Zeynalov adlı səfilə, bomja görə azərbaycanlıların işlərini itirmə təhlükəsi var…

Hələlik azərbaycanlıların kompakt fəaliyyət göstərdikləri bir bazar bağlanıb və bazardan söz düşmüşkən, Azərbaycanın Rusiyadakı səfiri cənab Polad Bülbüloğlunun məlum hadisə ilə bağlı fikri də maraqlı gəldi. Cənab səfir təxminən belə bir sual ünvanlayır: qətl törədən azərbaycanlı kosmik stansiyada işləsəydi, oranı damı bağlayacaqdılar? Əlbəttə, Polad Bülbüloğlunun arqumenti tam məntiqidir. Problem isə ondadır ki, azərbaycanlıların Rusiya həyatındakı böyük hesablı təmsilçiliyi kosmik stansiyalarda, telekanallarda, müxtəlif mədəni mərkəzlərdə deyil, məhz bazarlardadır. Və mövcud durum aradan qalxmayınca bir deyil, min Orxan Zeynalovun vəhşi azərbaycanlı simasında meydana çıxarılaraq alətə çevrilməsi, Abbas Abbasov kimi «bazarkomlar»ın sapı özümüzdən olan balta rolunda çıxış etmələri tam mümkündür. Ən təəssüflüsü də elə budur. 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə