Qarabağsız illərimiz... (PRİZMA)

Arzu ŞİRİNOVA

 

Əslində bu yazımı bir neçə gündən sonra yazmağı planlaşdırmışdım. Və bir qədər də fərqli yazmağı qərara almışdım. Yəni 2013-cü ili də Qarabağı azad etmədən başa vuracağımızdan və yola saldığımız ilin aylarında nələri yaşadığımızdan bəhs edəcəydim. Ancaq dünən Bakı-Sumqayıt marşurutunda sərnişinlə sürücü arasında əsasən Dağlıq Qarabağ problemi ətrafında yaranan qısaca dialoq və bu dialoq zamanı eşitdiyim sözlər məni mütəəssir etdi. Dialoqu olduğu kimi diqqətinizə çatdırıram.

Sərnişin:-Xırdalanda məktəb yolunda saxlayarsan.

Sürücü:-Yaxşı.

Sərnişin:-Birdən yadından çıxar, ha.

Sürücü:-Harahat olma. Bu da Qarabağ deyil ki, yadımızdan çıxa.

Sərnişin:-Demək istəyirsən ki, Qarabağı yaddan çıxarmışıq?

Sürücü:-Yox, bir çıxarmamışıq. Əlbəttdə çıxarmışıq. Biri elə sən özün, Qarabağ yadından çıxmayıb? Vallah heç yadına da düşmür. Hər gün evdən çıxanda fikirləşirsən ki, necə eləyim evə əliboş qayıtmayım. Buna görə də bütün günü beynin hardan olsa pul qazanmaq problemiylə məşğul olur. Evə gedəndə də Allah verəndən yeyib yatırsan. Uzaqbaşı evinin problemləri ilə maraqlanırsan.

Sərnişin:-Düz sözə nə deyəsən. Bir tərəfdən də bu bahaçılıq adamı dəli olmaq həddinə gətirir. Yanacağın qiyməti artıb deyə bütün hər şeyin qiyməti də artıb. A kişinin oğlu, aldığın əməkhaqqının yarıdan çoxunu uşaq geyiminə verirsənsə, o zaman yaşa görüm necə yaşayırsan. Bu hökumətin heç insafı yoxdur. Sənin ölkən neft ölkəsi sayıla, ancaq məvacibin qəpik-quruş ola. Doğrudan da əhalinin əksər hissəsi elə bir çətin vəziyyətdə yaşayır ki, Qarabağı fikirləşmək belə yadlarına düşmür. Ancaq deyəsən həmsədrlər gələn il yenə də görüşəcəklər. Hazirlərin də görüşü gözlənilir.

Sürücü:-Hansı görüşün bir faydası olub ki, indi də nəsə gözləyəsən. Boş, mənasız işlərlə məşğul olurlar. Daha doğrusu havalarını dəyişmək üçün buralara gəlirlər. Hansı ağlı başında olan millət aldığı torpağı öz xoşuyla geri qaytarar? Yadındadı keçən il erməni deputatlar Bakıya gəlmişdi. Burada onları yaxşıca yedirib-içirtdilər, gəzdirdilər.

Sərnişin:-Hə, ermənilərin Bakı yamanca xoşlarına gəlmişdi.

Sürücü:-Hənəmin 80 yaşı var. Eşidəndə ki, ermənilərin Bakı xoşuna gəlib, bilirsən nə dedi? Dedi ki, Qubadlının Ermənistanla sərhəd kəndlərinə gələn ermənilər bu torpaqların bərəkətli olduğundan elə hey danışardılar. O qədər dedilər ki, axırda o yerləri də işğal elədilər. Yazıq arvad qorxdu ki, Bakıdan xoşu gələn ermənilər gizlincə iş görüb məqsədlərinə çatarlar. Çünki keçən əsrin əvvəlində onların Bakıda, eləcə də digər yerlərdə törətdikləri soyqırımlar indi-indi üzə çıxarılır. Ona görə də ayağa durub, dava eləməyincə o torpaqların geri qaytarılacağını fikirləşmək ağılsızlıqdır. O gün də bir qəzetdən oxuyuram ki, guya ermənilər Türkiyənin sözünü eşidib bizim rayonlardan ikisinimi, yoxsa beşinimi qaytaracaqlar. Buna da inanmıram. Erməni gəlirini-çıxarını çox gözəl bilir. Ona görə də torpaqların hələm-hələm qaytarılması vədi boş şeydi.

Beləcə sərnişin dediyi yerdə düşüb getdi. Və bir müddət maşında sakitlik yarandı. Mənə elə gəldi ki, burada oturanların hamısı Dağlıq Qarabağ problemini, itirilmiş torpaqlarımızı, əsirlikdə qalan ana-bacılarımızı, başımıza gətirilən faciələrimizi fikirləşir. Təki belə olaydı.

Doğrudan da Azərbaycan cəmiyyətində bu cür fikir formalaşıbsa, onda əhəmiyyətsiz görüşlərdən nəsə gözləməyə və insanları da bu ümidlə yaşamağa məcbur etməyə nə ehtiyac var?

Ermənistan öhdəliklərə niyə əməl etmir?

Məlum olduğu kimi həm Azərbaycan, həm də Ermənistan Avropa Şurası qarşısında öhdəliklər götürüblər. Həmin öhdəliklər sırasında Dağlıq Qarabağ probleminin sülh yoluyula nizama salınması da var. Xatırladaq ki, Ermənistan Avropa Şurasına üzv qəbul olunduqdan sonra bu qurumun Parlament Assambleyası 14 və 16 saylı qətnamə qəbul etdi. Həmin qətnamələrdə Ermənistan ordusunun Azərbaycanın 20 faiz ərazisini işğal etdiyi göstərilir və erməni qoşunlarının qeyd-şərtsiz çıxarılması, məcburi köçkünlərin torpaqlarına geri qayıtması öz əksini tapıb. Ancaq buna baxmayaraq Ermənistan bu istiqamətdə götürdüyü öhdəliklərin heç birinə əməl eləmir. Əksinə, ildən-ilə bir qədər də azğınlaşır. Məsələn, əvvəlcə Dağlıq Qarabağ ətrafındakı rayonların işğaldan azad olunması real görünürdüsə, bu gün həmin reallıq da artıq gündəmdən çıxıb. Və yerini Ermənistanın şərtləri tutub. Həmin şərtlərə görə, Azərbaycan Dağlıq Qarabağın «müstəqilliyini tanıyacağı halda» ətraf rayonlar işğaldan azad oluna bilər. Bəllidir ki, bu günə kimi bu və digər şərtləri dilə gətirən ermənilərin arxasında birinci olaraq Rusiya dayanıb.

Azərbaycan Qarabağı uduza bilər?

Dağlıq Qarabağ probleminin həlliylə bağlı məsələdə ATƏT üzvü olan dövlətlərin-Rusiya və Fransanın mövqeyi birmənalı olaraq aydındır. Bu ölkələr hər zaman Ermənistanın maraqlarına uyğun addımlar atır, Azərbaycanı təslimçi sülhə sürükləyir və ölkəmiz müharibəyə başlayacağı təqdirdə onu sanksiyalar gözlədiyini bildirirlər. Amerika Birləşmiş Ştatları bu ölkələrə nisbətən fərqli siyasət yeritsə də, ancaq Azərbaycanın maraqlarına uyğun da nələrsə həyata keçirməyib. Bütün bu münasibətlər əsas verir ki, Azərbaycan nəhayət Dağlıq Qarabağla bağlı siyasətində dönüş yaratsın. Yəni, ərazi bütövlüyünün təmin olunması, torpaqlarının işğaldan azad edilməsi istiqamətində addımlar atsın. Bu addımlar atılmağa başlayacağı halda isə heç bir ölkə Azərbaycana irad tuta bilməz. İrad tutub nə deyəcəklər? Deyəcəklər ki, niyə ərazi bütövlüyünü təmin edirsən? Və yaxud deyəcəklər ki, niyə öz tarixi torpaqlarından işğalçı Ermənistan ordusunu çıxarırsan? Məgər Rusiyanın, Fransanın, ABŞ-ın ərazilərini qonşu dövlətin işğalçı ordusu zəbt etsəydi o zaman bu ölkələr gözləmi mövqeyimi tutardılar? Əlbəttə ki, yox. Onlar bu cür problemlərini çoxdan həll edərdilər. Ancaq Azərbaycandan münaqişənin sülh yoluyla həll olunmasını istəyirlər. Həmin istəyi yerinə yetirən Azərbaycan isə uduzur. Başımızın altına sülh balıncı qoyan dövlətlərin istəyini yerinə yetirə-yetirə illər keçə bilər. Bir vaxt ayılıb görəcəyik ki, mənasız danışıqlar acı bağırsaq kimi uzanır, nəticə isə yoxdur. Bu yerdə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibələrindən birində dediyi fikirləri xatırlatmaq yerinə düşər: «Heft ehtiyatları tükənməyə doğru getdikcə Azərbaycanın torpaqları geri qaytarmaq imkanları da azalacaq. Azərbaycan hazırda neft hasil, ixrac edən, həm də onun tranzitində mühüm rol oynayan bir ölkədir. Ona gərə də buradan neft aparan Qərb dairələri, ölkələri məsələyə həssas yanaşmaq məcburiyyətindədir. Heft amili ortadan qalxandan sonra Azərbaycana maraq kəskin surətdə aşağı düşməyə başlayacaq. O halda Ermənistana daha açıq surətdə dəstək veriləcək. Azərbaycanın sonradan hərb yolu ilə bu torpaqları geri alması xeyli çətinləşəcək. Azərbaycan Qarabağı itirə bilər. Hecə deyirik ki, Zəngəzur, İrəvan bizim torpaqlarımız olub, nə zamansa Azərbaycan Qarabağla bağlı da eyni vəziyyətlə üz-üzə qala bilər».

Bir sözlə, Dağlıq Qarabağ proleminin həlli istiqamətində gedən prosesi demək olar ki, anbaan izləyirəm, nəyin və necə baş verdiyini az-çox bilirəm. Həmin informasiyalar əsasında apardığım təhlillərdən gəldiyim qənaət də bundan ibarətdir ki, 2014-cü il də Qarabağ münaqişəsinin həlli baxımından 2013-dən fərqlənməyəcək. Belə düşünmək üçün sadə məntiq var. Münaqişənin aradan qalxması üçün tərəflərdən biri geri çəkilməlidir. Azərbaycan bəyan edir ki, münaqişə yalnız onun ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Ermənistan isə əks arqumentlə çıxış edir ki, müharibə ilə tutduğum torpaqlardan nəyə görə çıxmalıyam? Yaxud da ki, «mən işğal etdiyim torpaqlardan çıxıramsa, əvəzində nə alacam?» Yəni ortada bu qədər ziddiyyətlər var… Onlar çözülməyənə qədər münaqişənin tezliklə həll olunacağını demək, bağışlayın, demaqogiyadan başqa bir şey deyil.

Eyni zamanda, Minsk qrupunun tutduğu mövqeyə də nəzər salmaq lazım gəlir. Açıq-aydın görünür ki, vasitəçi dövlətlər Qarabağ münaqişəsinin «Kosovo modeli» üzrə həll olunmasını istəyirlər. Onların bütün cəhdləri Ermənistanı bu münaqişədən maksimum uduşla çıxarmaqdır. Azərbaycan isə hələ ki, bu təzyiqlər qarşısında dayana bilir. Vəziyyət bu həddə çatıbsa, danışıqlar prosesində heç bir irəliləyiş yoxdursa, Qarabağ münaqişəsinin gələn il aradan qalxacağına ninki inanmaq, heç düşünmək belə lazım deyil.

"Xalq cəbhəsi" qəzeti, 11 dekabr 2013-cü il.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə