Zamanın tələbi (PRİZMA)

Elçin MİRZƏBƏYLİ

...İllərdir Azərbaycanda yeni siyasi münasibətlər sisteminin qurulmasına ehtiyac duyulduğundan yazırıq, danışırıq. 
Amma nə fayda... 

Yazdıqlarımız da, dediklərimiz də daşa-divara dəyib qayıdır üzərimizə...

Bir millət olaraq bəxtimiz gətirməyib...

Bəxtimiz gətirməyib ki, dünya ədəbiyyatına, elminə və mədəniyyətinə misilsiz töhfələr vermiş yüzlərlə ədəbiyyat, elm və mədəniyyət adamının insanlıq öyrədə bilmədiyi bir xalqın istilası altında olmuşuq...

Bəxtimiz gətirməyib ki, 23 aylıq istiqlalımızı elə bu insanlıq öyrənə bilməyən xalqın bətnindən çıxan təpəgözlər qəsb ediblər...

Bəxtimiz gətirməyib ki, 73 il ərzinə düşünən beyinlərimiz dünyanın ən amansız və şərəfsiz bir rejimi tərəfindən məhv edilib, düşüncəmiz, dünyagörüşümüz, inamımız və imanımız assimilyasiya olunub, mənəviyyatımız deqradasiyaya uğradılıb...

Bəxtimiz gətirməyib ki, bir ictimai-siyasi formasiyadan digərinə təkamül yolu ilə deyil saxta ideyalara söykənən inqilibi sıçrayışla keçmişik...

Və nəhayət, bəxtimiz gətirməyib ki, milli azadlığımız uğrunda başladığımız hərəkatın başına keçirilənlərin əksəriyyəti beyinləri yuyulmuş, şizofreniyanın son həddinə çatdırılmış xəstə təfəkkürlü insanlar olublar...

Artıq 22 ildən çoxdur ki, təfəkkürü 1991-ci ilin oktyabrından bu yana "adlaya" bilməyənlərlə yol getmək məcburiyyətindəyik. Siyasi amneziyanın ən son həddini yaşayan bu adamlar həyatımızı qaraldıblar, ömrümüzün ən gözəl günləri onların reablitasiya edilərək cəmiyyətə inteqrasiya olunmaları kimi boş və mənasız bir işə sərf olunub...

"İnqilabı dahilər düşünür, fanatlar həyata keçirir, nəticəsindən isə dələduzlar yararlanırlar". Hətta Bismarkın dəfələrlə sınanılmış bu deyimi də Azərbaycanda özünü doğrultmadı. Azərbaycanda inqilabı fanatiklər düşündü, dələduzlar həyata keçirdi və... nə yaxşı ki, nəticəsindən dahilər yararlana və xalqın potensialını dövlət quruculuğu prosesinə yönəldə bildilər. Amma təəssüf ki, dahilər də siyasi arenanın ön cərgəsini inqilabi proseslər nəticəsində önə çıxmış dələduzlardan və fanatlardən təmizləməyə nail ola bilmədilər. Zaman və yaxud hansısa digər səbəblər buna imkan vermədi... 

Cəzasını isə biz çəkirik, ölkənin siyasi sistemi çəkir...

...Həmkarım Rauf Arifoğlu indi anlayır baş verənlərin mahiyyətini, yaxud illər ərzində formalaşmış fikirlərini indi açıqlayır. Nə qədər səmimi olduğunu zaman göstərəcək.

Ümid edirəm, həmkarımın son açıqlamaları ona qarşı olan hücumlara reflektiv reaksiya deyil, təcrübənin və təhlilin gətirdiyi məntiqi nəticədir, qənaətdir...

...Amma hər şeyin bir sonu olmalıdır. 22 il bir ölkənin siyasi münasibətlər sisteminin və bu siyasi sistemi inkişaf etdirmək iqtidarında olan insanların formalaşması üçün kifayət qədər yetərli zaman kəsiyidir. Dünəndə qalmalı olanları dünənə, tarixin arxivinə yola salmanın zamanı çatıb artıq. Zaman öz adı və öz siması ilə önə çıxmağı bacaranların zamanıdır. Bir az cəsarətli olmaq, lənətlənmiş mirasdan imtina etmək, imtina edə bilməyənləri isə mirasla birlikdə siyasətin dibsiz məzarlığına gömmək lazımdır...

Baymedia.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə