İcra başçısının müavini Naqif Həmzəyev: “Bu, çirkin kampaniyadır”

 

 

“Yeni Müsavat” qəzetində getmiş “Gəncədə Hadisə üçün pulyığma kampaniyası” adlı yazıda yer alanlar həqiqətə uyğun deyil, təxribatdır. Bu fikri Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev “AzVision.az” saytına açıqlamasında deyib.

N.Həmzəyev bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılır və bu kimi xoşagəlməz halların aradan qaldırılması istiqamətində işlər görülür. “Heç kim belə bir riskə gedib bu cür addım ata bilməz. Ümumiyyətlə isə burada adı hallanan şəxslərin heç birindən pul yığılmayıb. Bu bizə qarşı aparılan çirkin kampaniyadır”, - deyən N.Həmzəyev qeyd edib ki, nalayiq təqdimatlardan məqsəd Gəncə və gəncəlilərə qara yaxmaqdır. O, qəzetin iddialarının heç bir əsasının olmadığını, yazıda mənbənin göstərilmədiyini, fakta söykənilmədiyini vurğulayıb.

Qeyd edək ki, “Yeni Müsavat” qəzetinin “Gəncədə Hadisə üçün pulyığma kampaniyası” adlı yazısında iddia olunub ki, 10 may - Gül bayramı münasibəti ilə Gəncədə keçirilən konsertdə iştirak etmiş məşhur türk müğənniləri Hadisə və Mustafa Cecəliyə ödənilən 250 min manat qonorar büdcə təşkilatlarından, müəsissələrdən, bələdiyyələrdən, icra nümayəndəliklərindən və ticarətlə məşğul olan sahibkarlardan yığılıb. Bildirilib ki, pultoplama işinə rəhbərliyi Kəpəz rayon icra başçısının müavini, Gəncə şəhər YAP-ın sədri Naqif Həmzəyev həyata keçirib. Konsert üçün yığılan vəsaitin həcmi isə 400 min manata yaxın olub.

 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə