Heydər Əliyev və Ordu quruculuğu (BAXIŞ)

Heydər Əliyev Azərbaycan xalqının milli sərvətidir. Zənnimizcə, zəmanəmizin dühası olan Heydər Əliyevi ən lakonik şəkildə xarakterizə etsək, bu yanaşmanı məqbul hesab etmək olar. O, ölkə həyatının bütün sahələrində inkişaf və tərəqqinin banisi və ilhamçısı olmuşdur. Xüsusilə ümummilli liderin ordu quruculuğu sahəsində fəaliyyətinin nəticələri dövlətimizin bugünkü etibarlı təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynamışdır. Təsadüfi deyildir ki, ölkəmizin nə zamansa müstəqillik yoluna qədəm qoyacağını öncədən görən ulu öndər Azərbaycan hərb sənətini yenidən dirçəltmək və müstəqil dövlətin Silahlı Qüvvələri üçün yüksək ixtisaslı milli zabit kadrlarının hazırlanması üçün əlindən gələni əsirgəməmişdir. Hələ 1970-ci illərdə minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı təhsil və elm ocaqlarına göndərilmiş, milli hərbi kadrlar hazırlanması üçün hər cür qayğı göstərilmişdir.

Uzun və yorucu bürokratik əngəllərdən sonra Heydər Əliyev 1971-ci ildə Cəmşid Naxçıvanski adına respublika orta hərbi internat məktəbin yaradılmasına nail olmuşdu.

Əslində o dövürdə belə bir hərbi məktəbin yaradılması öz ideyası və miqyasına görə inqilabi səciyyə daşıyırdı. Belə ki, milli ruhlu hərbi kadrların yetişdirilməsi, bu  prosesin zəruri vəsilələrini təşkil edən təhsil bazası və tədris korpusunun yaradılması heç vaxt mərkəzi hakimiyyətin strateji maraqları çərçivəsinə daxil olmamışdı. Ancaq Ulu Öndər Heydər Əliyevin tarixi xidməti və heç nə ilə müqayisəyə gəlməyəcək nailiyyəti böyük bir sovet imperiyasının, onun ideoloji maşınının qurub keşiyində durduğu stereotipi yerindən tərpətməyə müvəffəq oldu, şəxsi münasibəti, nüfuzu, əlaqələri, nəhayət, iradəsi və qətiyyəti sayəsində respublikada milli hərbi kadr hazırlığı üçün baza rolunu oynaya biləcək ilk hərbi məktəbin təməlini qoya bildi. Maraqlıdır ki, o zaman tez-tez bu məktəbdə olan Heydər Əliyev, pedoqoji kollektivlə, kursantlarla görüşlər keçirərək, faydalı və işgüzar məsləhətləri ilə şəxsi heyəti daim daha böyük uğurlar qazanmağa səsləyirdi.

Təsadüfi deyildir ki, o, öz çıxışlarından birində söyləmişdir: «...sizə ixtisaslaşdırılmış məktəbdə oxumaq, hərbi peşəyə hazırlaşmaq kimi böyük şərəf nəsib olmuşdur. Silahlı Qüvvələrin sıralarında xidmət etmək, xüsusən də kadr kimi, zabit kimi xidmət etmək çox şərəfli və məsul vəzifədir, xalqın böyük etimadıdır. Buna görə də gərək siz biliklərə möhkəm yiyələnəsiniz, mənəvi, fiziki cəhətdən özünüzü möhkəmləndirəsiniz...».

İllər ötdükcə Cəmşid Naxçıvanski məktəbinin səsi-sorağı bütün ölkəyə yayılır. Bakının ali hərbi məktəbləri ilə yanaşı, Leninqraddakı Hərbi Tibb Akademiyasında, Hava Hücumundan Müdafiə Hərbi-Siyasi Məktəbində, Mühəndis-Texniki və Hərbi-Dəniz Məktəblərində, Kiyevdəki Hərbi Radiotexnika Mühəndisləri və Hərbi-Siyasi Dəniz Məktəblərində, Simferepol Ali Hərbi-Siyasi Məktəbində, Çerniqov Ali Hərbi Aviasiya Məktəbində, Ali Zenit-Raket Komandirləri Məktəbində və ümumiyyətlə, SSRI-nin 26 şəhərinin 47 ali hərbi məktəbində yüzlərlə azərbaycanlı gənc təhsil almışdır. Təkcə onu qeyd etmək olar ki, 70-80-ci illərdə SSRI-nin 50-dən çox şəhərində 105 hərbi ali məktəbdə müxtəlif hərbi ixtisaslar üzrə 17 mindən çox azərbaycanlı zabit hazırlanaraq hərb sənətinin sirlərinə yiyələnmişdir.

Gənc hərbçi kadrların hazırlanmasında təcrübəli veteran hərbiçilərin də potensialından istifadənin vacibliyini qiymətləndirən Heydər Əliyev onlara xüsusu qayğı göstərir, onlarla birgə milli hərbçi kadrların hazırlanmasında yaxından iştirak edirdi. Əslində faşizmə qarşı mübarizədə Azərbaycan xalqının oynadığı rolun düzgün qiymətləndirilməsinə önəmli qiymət verən Heydər Əliyev bununla öz vətəninin təcrübəli hərbçilərinə hər zaman sahib çıxacağına xüsusi diqqət çəkmişdi. O, Mehdi Hüseynzadənin Avropanın böyük antifaşist hərəkatında qəhrəmanlığının təbliğinin, haqqında əsərlərin yazılmasının, kinofilm çəkilməsinin,  heykəllər qoyulmasının təşəbbüsçüsü olmuşdur.

70-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Taqanroqda 416-cı Azərbaycan diviziyasının böyük qələbəsinə və Sevastopolda Sapun-dağda 77-ci Azərbaycan diviziyasının şərəfinə böyük abidələr ucaldılır. Bütün bunlarla yanaşı, o, həm də Bakı neftinin İkinci Dünya Müharibəsində faşizm üzərində qələbədə oynadığı ümumdünya tarixi əhəmiyyətli rolunun SSRI rəhbərliyi tərəfindən etiraf edilməsinə də nail olaraq, 1978-ci ildə doğma Bakının Lenin ordeni ilə təltif edilməsi sahəsində müstəsna xidmətə imza atmışdır.

Azərbaycanın siyasi həyatının sürətlə inkişafı, millətin milli özünüdərk prosesindəki məqsədyönlü siyasi fəaliyyəti və gələcək müstəqil Azərbaycanın ordu qruculuğu sahəsində misli görünməmiş fədakarlığı əslində Heydər Əliyevin şəxsiyyəti, onun çoxcəhətli idarəçilik istedadı və iti siyasi fəhmi ilə sıx surətdə bağlı olmuşdur.

1976-cı ilin martından etibarən Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrından etibarən isə Siyasi Büronun üzvü seçilərək, SSRI Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və sovet dövlətinin aparıcı rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyev Moskada çalışdığı vaxtlarda da Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamış, doğma respublikanın yalnız keçmiş SSRI məkanında deyil, həm də dünyada tanıdılması üçün əlindən gələni etmişdir. Azərbaycana gəldiyi zamanlarda isə daim hərbi təhsil müəssisələri ilə dərindən maraqlanmış, onların iş fəaliyyətlərinin operativləşməsi üçün lazımi göstərişlər vermişdir.

Bu isə M.S.Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyini narahat etməyə başlamışdı. Ətrafına mənşəcə erməni olan siyasi «işbazları» toplayan M.S.Qorbaçov onların uydurma «Böyük Ermənistan» xülyasını həyata keçirmək üçün bütün təsir rıçaqlarını işə salmışdır. İlk hədəf məhz Heydər Əliyev olur.

1987-ci ildə M.Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olan akademik Aqenbekyan Fransada “Humanite” qəzetinə müsahibəsində Qarabağın Ermənistan SSR-ə birləşdirilməsinin vacibliyi haqqında fikirləri yuxarıda söylənilənləri təsdiqləyir. Aqanbekyan əslində SSRİ rəhbərliyinin mövqeyini ifadə edirdi. Bu hadisə eyni zamanda Azərbaycan xalqına qarşı cox ciddi və məkrli planların hazırlandığını təsdiqləyirdi. Elə belə də oldu. Ermənistan SSR-dən 200 mindən artıq azəri türkü yer-yurdlarından didərgin salındı.

1990-cı ilin 20 yanvar gecəsində isə Azərbaycan özünün müstəqilliyi uğrunda ilk şəhidlərini verir. Xalqın başsız qalması ölkədaxili xaosun durmadan artmasına rəvac verməkdə idi. Hadisədən dərhal sonra Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək 20 yanvar faciəsinə ilk hüquqi-siyasi qiymət verərək, əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu bildirir. «Bizim Ümumittifaqdan nicatımız yoxdur» sözlərini deyən Heydər Əliyev qorxmadan, çəkinmədən imperiya rəhbərlərini ən qatı qatillər adlandırır.

Xalqının ağır bir vəziyyətdə olduğunu görən Heydər Əliyev ona qarşı repressiv təzyiqlərə baxmayaraq, 1990-cı il iyulun 20-də Bakıya dönür. Bakıda özünə qarşı sui-qəsdlərin törədilə biləcəyindən xəbərdar olan Heydər Əliyev 2 gün sonra- iyulun 22 də Naxçıvana gedir. Elə həmin gün xalq Naxçıvan şəhərinin Azadlıq meydanında 80 min nəfərlik bir izdihamla Heydər Əliyev şəxsiyyətinə sahib çıxacağına nümayiş etdirdi. Xalqın respublikanın müxtəlif bölgələrindən gəlmiş nümayəndələri ilə mütəmadi görüşlər keçirən Heydər Əliyev, onları müstəqillik uğrunda axıradək mübariz olmağa çağırır. Azərbaycan xalq deputatlığına namizədliyi irəli sürüldüyü Nehrəm seçki dairəsində seçiciləri ilə görüşən Heydər Əliyev: «Azərbaycan Respublikasının milli dövlət kimi inkişaf etməsi indi əsas məsələdir. Bunun üçün Azərbaycan tam müstəqil, azad, demokratik respublika olmalıdır...» ifadəsi ilə əslində açıq-aşkar xalqı bütün yekdilliyi ilə mübarizəyə səsləmişdir.

Bu dövrdə ermənilər və onların havadarları olan Rusiya hərbçiləri tərəfindən hərbi-siyasi və iqtisadi blokadaya salınmış Naxçıvan çıxılmaz vəziyyətə düşmüşdü. Təkcə Naxçıvanın deyil, bütün Azərbaycanın da halı ağır idi. Məhz belə bir ağır şəraitdə Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə deputat seçilən Heydər Əliyev Naxçıvandan Azərbaycan xalqının imperiyapərəst qüvvələrə qarşı mübarizəsini öz üzərinə götürür. 1990-cı il noyabrın 17-də Heydər Əliyev Azərbaycan xalqının istiqlal mübarizəsinə özünün ən böyük töhfəsini verdi.  Böyük siyasətçi cəsarətli addım ataraq, Muxtar Respublikanın rəsmi adından «sovet sosialist» sözlərini götürülməsi və Azərbaycan Cümhuriyyətinin üçrəngli, ay-ulduzlu bayrağını dövlət bayrağı kimi qəbul edilməsinə nail olmuşdur. Artıq Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü başlanmışdır. Bu şərəfli yolda qorxub-çəkinmədən irəliləyən Heydər Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illərdə muxtar respublikanın siyasi, sosial-iqtisadi inkişafının ən çətin bir mərhələsində xalqla bərabər Ermənistanın silahlı təcavüzü və işğal təhlükəsinə qarşı da olmuşdur.

«...Naxçıvanın statusunun dəyişdirilməsinə yönəldilən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin qarşısı qətiyyətlə alınacaqdır...»

Heydər Əliyevin ən böyük fəaliyyətlərindən biri də blokada vəziyyətinə düşmüş Naxçıvan Muxtar Respublikasını Ermənistanın silahlı təcavüzü və işğal təhlükəsindən xilas etməsi idi.

Muxtar respublikada həyata keçirilən demokratik islahatların təsiri altında 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti sessiyasının qərarı ilə ölkə «Azərbaycan Respublikası» adlandırılır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilir. 1991-ci il oktyabrın 18-dən isə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı yekdilliklə qəbul edilir.

Uzun və keçməkeşli bir tarixi inkişaf yolu keçmiş Heydər Əliyev axır ki, illərdən bəri görmək istədiyi müstəqil Azərbaycan dövlətinin öz istiqlalına qovuşmasının şahidi olur. Müstəqilliyin qazanmasının asan olmadığını dərk edən Heydər Əliyev onun qorunmasının da asan olmayacağını yaxşı başa düşürdü. Bu məsələnin nə dərəcədə çətinliyini anlamayan insanlar isə Heydər Əliyev kimi şəxsiyyətin önəmliliyini qəbul etmir, mərkəzi hakimiyyətə isə yaxın buraxmaq belə istəmirdilər.

Heydər Əliyevin mərkəzi hakimiyyətdən uzaq tutulması, dırnaqarası işbaz siyasətçilər tərəfindən ölkə iqtisadiyyatının və siyasi həyatının inkişafının düzgün istiqamətə yönləndirilməməsinə gətirib çıxarır.

Ölkə bütünlüklə xaos içində idi. Bütün bunlar isə erməni silahlı dəstələrinin Dağlıq Qarabağ və ona yaxın ərazilərdə daha da fəallaşması üçün geniş imkanlar açırdı. Ordu quruculuğuna böyük ehtiyac duyulmaqda idi.

1991-ci il avqustun 30-da prezidentin milli ordu deyil, milli qvardiya yaratmaq təklifi Ali Sovetdə qəbul edilməyərək milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında qərar qəbul olunur. Sentyabrın 5-də Müdafiə Nazirliyi təşkil edilərək general Valeh Bərşadlı müdafiə naziri vəzifəsinə təyin olunur. Azərbaycan Respulikasının Ali Soveti 1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının silahlı qüvvələri haqqında qanun qəbul edir. Qanun və qərarların qəbul edilməsinə baxmayaraq, ordu quruculuğuna lazımi diqqətin yetirilməməsi isə ölkə torpaqlarında erməni terrorizminin misli görünməmiş qırğın və talanlarına geniş vüsət vermişdir. Nizami ordunun 3-4 çağırışda formalaşdırılması və döyüşə tam hazır olmayınca cəbhəyə göndərilməsi, bu vaxta qədər isə yerlərdə könüllü muzdlulardan təşkil edilmiş özünmüdafiə taborlarının fəaliyyəti nəzərdə tutulurdu ki, bütün bunların da səmərəsi olduqca aşağı idi. Noyabrın 19-da 22 rayon və şəhər özünümüdafiə taborunun yaradılması haqqında əmr verildi. Özünümüdafiə taborlarının komandirləri və onların müavinləri rayonun hərbi komissarları tərəfindən seçilir, icra hakimiyyəti başçısının razılığı ilə Müdafiə Nazirliyi tərəfindən təsdiq edilirdi. Lazımi döyüş qabiliyyəti, təchizatı olmayan və müdafiə taktikasına keçməyə məcbur olan bu özünümüdafiə qüvvələri lazımi səviyyədə silahlanmış və təlim görmüş düşmənlə yaxşı vuruşa bilmir, tez-tez baş verən çətin döyüşlər nəticəsində olduqca ağır itkilərə məruz qalırdı. Hərbi hissələrin böyük əksəriyyəti müxtəlif siyasi qüvvələrin, eləcə də pozuculuqla məşğul olan xarici ölkələrin xüsusi idarələrinə işləyən satqınların güclü təsiri dairəsində idi.

Ölkə hakimiyyətinin səriştəsiz və siyasətdə delitant insanlar tərəfindən dəfələrlə əldən-ələ keçməsi və ordu quruculuğu sahəsində önəmli qərarların vaxtnda verilməməsi torpaqlarımızın bir-birinin ardınca işğalı ilə nəticələnirdi. Erməni vəhşilikləri susmaq bilmirdi. Xalq böyük fəlakətin yaxınlaşdığını hiss edirdi. Azərbaycanın müstəqilliyinə qənim kəsilmiş imperiyapərəst qüvvələr və onların əlaltıları iqtidarın səriştəsizliyindən məharətlə istifadə edərək ölkəni parçalamağa və vətəndaş müharibəsi törətməyə çalışırdılar.

Ölkənin belə çətin durumu qarşısında xalqın təkid və inadlı tələbindən sonra Heydər Əliyev 1993-cü il iyunun 15-də Bakıya dönür. Elə həmin gün Azərbaycan Respublikası Milli Məclisinin fövqəladə sessiyası Heydər Əliyevi Ali Sovetin Sədri vəzifəsinə seçir. Ölkədə yaranmış mürəkkəb vəziyyət, Əbülfəz Elçibəyin Naxçıvana getməsi ilə bir qədər də mürəkkəbləşir. İyunun 24-də Milli Məclis yaranmış vəziyyəti müzakirə edərək, respublika prezidentinin səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə verir. Qətiyyətli və inadcıl addımları ilə vətəndaş müharibəsi təhlükəsini tez bir zamanda aradan qaldırmağı bacaran Heydər Əliyev: «Azərbaycanın müstəqilliyi dönməzdir, əbədidir» deyərək müstəqil Azərbaycanın təməl bünövrəsini qoyur. 1993-cü il oktyabrın 3-də xalq Heydər Əliyevi alternativ əsaslı, səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçir.

Ermənistanın dövlət terrorizminin gücləndiyi bir zamanda xalqın iradəsi ilə hakimiyyətə gətirilən Heydər Əliyev tezliklə yeni ordu quruculğuna başlayır. Qarşıya qoyulan məsələlərə görə Heydər Əliyev birinci növbədə respublikanın aparmış olduğu xarici siyasətə yeni düzən verməli, Müdafiə Nazirliyinə tabe olmayan müxtəlif siyasi ambisiyalı, döyüş qabiliyyəti aşağı olan, nizam-intizamsız hərbi hissələri ləğv edərək, güclü nizami ordu yaratmalı idi. Bunun üçünsə ilk olaraq xalqı ayağa qaldıraraq onu birləşdirmək lazım idi. Heydər Əliyevin bu sahədəki ilk fəaliyyəti 1993-cü il sentyabr-oktyabr aylarında Surət Hüseynov, Əlikram Hümbətov və Rəhim Qazıyev kimi vətən xainlərinin güclü müqavimətini sındıraraq, onların əllərində cəmləşmiş bütün silah-sursatın və əsgəri heyyətin alınması olur.

1993-cü il noyabrın 1-də Prezident Fərmanı ilə təcili şəkildə Dövlət Müdafiə Şurası yaradılır. Onun həmin gün keçirilən ilk iclasında ordu quruculuğu, müdafiə məsələləri geniş müzakirə olunaraq, müvafiq qərarlar qəbul edilir. Səfərbərliyin təşkili, döyüş hazırlığının, qoşun hissələri şəxsi heyətinin təlim-tərbiyəsinin təkmilləşdirilməsinə istiqamətləndirilmiş tədbirlər müəyyən edilir.

Prezident Heydər Əliyev noyabrın 2-də televiziya və radio ilə xalqa müraciət edərək, hamını ölkənin azadlığı uğrunda birləşib düşmənə qarşı mübarizəyə qalxmağa çağırır.

Prezidentin çağırışı ilə minlərlə könüllü gənc vətənin torpaqları uğrunda gedən döyüşlərə qatılmaq üçün orduya üz tutur. Tezliklə könüllülərdən ibarət taborlar yaradılaraq cəbhəyə göndərilir. Əfqanıstan müharibəsindən çıxmış bir çox zabit-əsgər heyətinin Prezidentə müraciətindən sonra isə bu təcrübəli döyüşçülərdən ibarət hərbi hissə yaradılır.

1993-cü ilin noyabrın 23-də Milli Şura «Müdafiə haqqında» qanun qəbul edir. Qanunda ordu quruculuğunda məsul vəzifəli şəxs və orqanların fəaliyyəti sistemləşdirilərək, məsuliyyət sahələri dəqiqləşdirilir. Noyabr-dekabr aylarında 16, 7 min döyüşçüsü olan 40 ehtiyat taboru təşkil edilir. Bütün bunlarla yanşı prezident şəxsən cəbhə bölgələrində ordunun, əsgərlərin vəziyyəti ilə yaxından tanış olur, konkret tədbirlər müəyyənləşdirir, vəziyyətə uyğun çevik qərarlar qəbul edirdi.

Bu əsnada Səhra Cəbhə İdarəsi və 33 köhnə başıpozuq hərbi hissə tamamilə ləğv edilərək, bir çox satqın generallar bütünlüklə ordudan uzaqlaşdırılırlar. Bunların yerinə isə 36 yeni tabor təşkil edilərək, səmərəli hərbi təlimlər üçün proqramlar hazırlanmağa başlayır. Ordunun bütün döyüş hazırlığının yüksəldilməsi işi bilavasitə dövlət başçısının ciddi nəzarəti altına alınır. 1994-cü ilin sonunda milli ordunun sıralarında 54 min əsgər və zabit qulluq göstərirdi. Silahlı qüvvələrin bazası durmadan möhkəmləndirilirdi.

Bütün bunların nəticəsi olaraq Azərbaycan ordusu erməni silahlı birləşmələrinin respublikanın içərilərinə doğru hücumunu dayandıraraq, hətta əks-hücuma keçib 1994-cü il yanvarın 5-də müvəffəqiyyətli əməliyyatlar nəticəsində Füzuli rayonunda strateji əhəmiyyətli Horadiz qəsəbəsini, 22 kəndi işğaldan azad edə bilir. Qısa zaman kəsiyində hücumunu genişləndirən Azərbaycan ordusu Cəbrayıl rayonu ərazisinin bir hissəsini, Kəlbəcər rayonunda Bozlu, Təkəqaya, Babaşlar, Qanlıkənd, Çənli, Susuzluq, Qasımbinəsi, Yanşaqbinə, Yanşaq, Bağırsaq, Qamışlı, Bağırlı kimi yaşayış məntəqələrini düşmən işğalından tamamilə azad edir. Düşmən Kəlbəcər-Ağdərə, Goranboy-Tərtər istiqamətlərində aparılan hərbi əməliyyatlarda ağır itkilərlə geri çəkilməkdə idi.

Azərbaycan ordusunun inadla irəliləməsi Ermənistan tərəfi ilə yanaşı, müttəfiqi olan o zamankı Rusiya hakimiyyətini də durmadan narahat etməyə başlamışdı. Regionda formalşmiş yeni geosiyasi reallıqları nəzərə alan Heydər Əliyev Azərbaycanın suverenliyinə hörmət çərçivəsində qonşu Rusiyanın atəşkəsə nail olmaq sahəsində səylərinə cavab olaraq 1994-cü il mayın 8-də nəhayət ki, münaqişədə iştirak edənlər arasında Bişkek protokolunun imzalanmasına razılıq verir. 1994-cü il mayın 12-də cəbhələrdə atəşkəsə nail olunur.

Əslində Heydər Əliyevin Bişkek protokuluna imza atmasına razılıq verməsi ölkə daxilində və ölkə xaricində bir sıra uğurlu siyasətə hesablanmış bir addım idi. Ölkənin müharibə şəraitində olduğunu anlayan Heydər Əliyev, hərbi qüdrətin artırılması üçün dağınıq vəziyyətdə olan ölkə iqtisadiyyatının dirçəldilməsinin vacib olduğunu daha yaxşı başa düşürdü. Digər tərəfdən ölkənin beynəlxalq miqyasda tanınmağa və müttəfiq axtarışına da ehtiyacı duyulurdu.

Heydər Əliyev neft amilinin Azərbaycan üçün nə dərəcədə əhəmiyyət kəsb etdiyini və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyinə məhz neft amilinin təsir edə biləcəyini yaxşı bilirdi. Onun fikrincə, Azərbaycanın milli sərvəti sayılan neft nəinki iqtisadi, habelə siyasi məqsədlər üçün də istifadə oluna bilərdi.

Əlbəttə ki, neft diplomatiyasında əsas mənfəət kimi həm də Qarabağ probleminin Azərbaycanın xeyrinə həll olunması məsələsi dururdu.

Uzun sürən və çətin həllini tapan danışıqlardan sonra nəhayət ki, Heydər Əliyev 1994-cü il sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalanmasına nail olur. Məhz «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, onun beynəlxalq əlaqələrinin genişlənməsində, dünyanın mühüm dövlətlərinin Azərbaycanda maraqlarının formalaşmasında, Azərbaycanın müstəqil dövlət kimi dünya birliyinə inteqrasiyası prosesində mühüm bir mərhələnin əsasını qoymuş olur. Artıq müəyyən bir mərhələdən sonra Azərbaycana neft gəlirlərinin axını lazımi ordunun təşkil olunması üçün ən real vasitəyə çevriləcək idi.

Neft məsələsinin gündəmə gətirilməsi Azərbaycana nəinki iqtisadi baxımdan dvidentlər gətirdi, o həmçinin görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizə yaxın dostlar və müttəfiqlər də qazandırmış oldu. 1996-1997- ci illərdə Azərbaycan-Gürcüstan və Azərbaycan-Ukrayna arasında strateji əməkdaşlıq haqqında  sazişlər bağlandı. 1997- ci il oktyabrın 10-da isə Strasburqda GUAM regional təşkilatının təşkilini bəyan edən sazişə imza atıldı.

90-cı illərin ortalarından etibarən Heydər Əliyevin ordu quruculuğu ilə bağlı planları durmadan reallaşmağa başlayır.

Ordunun möhkəmləndirilməsi, NATO-ya tərəf əməli addımların atılmasını da tələb edirdi. 1994- cü ilin yanvar ayında Azərbaycan NATO- nun Avropa və dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına xidmət edən «Sülh Naminə Tərəfdaşlıq Proqramı»nı qəbul edir. Həmin ilin may ayının 4-də Prezident Heydər Əliyev bu proqramın Çərçivə sənədinə imza atır.

Heydər Əliyev hərbi gücün artırılması üçün yeni texnikalar və yeni silahlar alaraq ölkənin hərbi qüdrətini durmadan yeniləyir, yeni-yeni hərbi tipli məktəblərin, müxtəli ixtisaslı hərbi mərkəzlərin açılması üçün sərəncamlar verirdi. 1993-cü ildə ölkə tarixində ilk dəfə olaraq Hərbi Hava qüvvələrinin tərkibində Uçuş Hazırlığının Təlim Mərkəzi yaradılmışdır ki, sonradan bu mərkəz Prezidentin 20 avqust 2001-ci il tarixli 168 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən və ali hərbi təhsil verən Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır.

1996-cı ildə Azərbaycan Hərbi Dəniz Qüvvələri üçün daha yüksək səviyyəli mütəxəssislərin hazırlanması üçün Bakı Ali Hərbi Dənizçilik Məktəbinin bazasında Azərbaycan Dövlət Dəniz Akademiyası yaradılır ki, sonradan bu akademiyanın adı Prezdentin fərmanı ilə dəyişdirilərək Azərbaycan Ali Hərbi Dənizçilik məktəbi adlandırılmışdı.

Bu dövrdə ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesi də daim diqqət mərkəzində olmuşdu. Belə ki, əsası Naxçıvanski adına hərbi liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı, nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişlənməkdə idi. Təsadüfü deyildir ki, ordu quruculuğu sahəsində atılmış ən mühüm addımlardan bir məhz 1997-ci ildə Azərbaycan Ali Hərbi Məktəbin yaradılması olmuşdur.

Zabit-əsgər heyətinin yenilənməsi işinə də hər zaman diqqət ayıran Heydər Əliyev müxtəlif zamanlarda ölkədaxili hərbi məktəblərə baş çəkir, hazırlanmış yüksək ixtisaslı kadr heyyətini daha yüksək biliklərlə təmin olunması üçün onları xaricə- Türkiyəyə, Rusiyaya, Ukraynaya, Pakistana, Çinə və digər ölkələrə hərb elminin müxtəlif ixtisaslarına dərindən yiyələnmək üçün göndərirdi.

Xaricdə keyfiyyətli hərbi təhsil almalarla yanaşı Azərbaycan hərbiçiləri mütəmadi olaraq NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarında da yaxından iştirak edirdilər.

Azərbaycanın NATO ilə əlaqələrini durmadan genişlənməsi tərəflər arasında bu əlaqələrin «Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı» çərçivəsində də inkişafı üçün zəmin yaratmış olur ki, bu da ölkəmizdə ordu quruculuğu prosesində növbəti nailiyyətlərin qazanılması üçün möhkəm təməl demək idi.

Getdikcə Respublikada Hərbi Akademiyasının yaradılmasına böyük ehtiyac duyulmaqda idi. Respublikanın Müdafiə Naziri tərəfindən vəsadət qaldırıldıqdan sonra Respublika Prezidenti Heydər Əliyevin 20 fevral 1999-cu il tarixli fərmanı ilə Silahlı Qüvvələrin Yaradılması haqqında sərəncam verilir. Prezidentin fərmanından 2 gün sonra isə Müdafiə Nazirinin 22 fevral 1999-cu il fərmanı ilə Hərbi Akademiyanın nəzdində Hərbi Diplomatiya kursu və Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursu yaradılır.

Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə isə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədi ilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzi təşkil edilir.

Beləcə respublikanın hərbi qüdrəti durmadan yüksəlir, yeni-yeni nailiyyətlərə imza atılırdı.

Çox əlamətdar haldır ki, bütün həyatını xalqına, onun xoşbəxt gələcəyinin qurulması naminə sərf edən Heydər Əliyev, Azərbaycanın qüdrətli hərbi qüvvələrinin təşkili üçün də əlindən gələni əsirgəməyərək ömrünün sonuna kimi orduya, hərbi kadrlara böyük diqqət yetirdi, özünün son kütləvi görüşlərindən birini də məhz hərbi orta məktəbin müdavimləri ilə keçirdi.

Azərbaycanlılığı ilə bütün ömrü boyu fəxr etmiş dahi bir şəxsiyyət olan Heydər Əliyev siyasətini bu gün də uğurla davam etdirən Azərbaycan Respublikası Prezidenti İlham Heydər oğlu Əliyev orduya, hərbi quruculuğa böyük önəm verərək, ölkəni regionun super güclərindən birinə çevirməyə müyəssər olmuşdur. Qeyd etmək lazımdır ki, Cənab Prezident işğal altında olan torpaqlarımızın beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, sülh yolu ilə azad edilməsi xəttini Azərbaycan xarici siyasətinin əsas prioritetlərindən biri olaraq bəyan etsə də, belə bir sülhpərvər siyasətə rəğmən o, həm də hər il müdafiə xərclərinin artırılmasına, Silahlı Qüvvələrin müasir cəbbəxana və modern texnika ilə təchiz edilməsinə də xüsusi diqqət yetirməkdədir. Çünki, söhbət müstəqil dövlətin ərazi bütövlüyünün bərpasından, yurd-yuvasından didərgin düşən Azərbaycan vətəndaşının öz doğma torpaqlarında yaşamaq istəyi kimi təbii hüquqlarının təmin olunmasından gedir. Sirr deyil ki, Azərbaycan bu gün regionun aparıcı siyasi-iqtisadi nüfuz və güc sahibi olmaqla yanaşı, hərbi müstəvidə də əsas söz sahibidir. Bu gün qürür duyucu haldır ki, Hərbi təhsil və hərbi səhiyyə ilə yanaşı hərbi sənaye də davamlı bir şəkildə inkişaf etdirilir.

Bu gün deyə bilərik ki, tək silahlanma sahəsində deyil, mənəvi-psixoloji hazırlıq cəhətdən də fərqlənən ordumuz, erməni işğalına məruz qalmış əraziləri çox qısa müddət ərzində geri qaytarmaq gücünə qadirdir. 

 

Gülnarə Qurbanova,
hüquqşünas, Azərbaycan Dövlət İqtisad Universitetinin

Beynəlxalq İqtisadi Münasibətlər Fakültəsinin tələbəsi,

 

Ərəstun Baxşəliyev,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitunun əməkdaşı 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə