JAM Avropa Parlamentini ədalətli olmağa çağırır

“Avropa Parlamentinin prezidenti Martin Şultsun Azərbaycanın daxili işlərinə qarışmaq cəhdini təəssüflə qarşılayır və bunu ölkəmizə təzyiq cəhdi kimi qiymətləndiririk”.

Bu bəyanatla “Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi çıxış edib.  Bəyanatda deyilir ki, cənab Martin Şults Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət sərgiləmək əvəzinə ölkəmiz haqda həqiqətə uyğun olmayan fikirlər yayır: “Şultsun Avropa Parlamentinin noyabrın 26-da Strasburqda keçirilmiş plenar iclasında səsləndirdiyi fikirlər onun Azərbaycan reallıqlarından xəbərsiz olduğunu göstərir. Leyla Yunusun həbsini söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır. Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqe sərgiləməsi insanda acı təəssüf hissi doğurur”.

Bəyanatda o da qeyd olunur ki, cənab M.Şultsun çıxışlarında nə vaxtsa Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından danışdığına rast gəlinməyib: “Halbuki Ermənistan BMT kimi nüfuzlu beynəlxalq təşkilatın tələblərini qulaqardına vuraraq, Azərbaycan torpaqlarını işğal altda saxlamaqda davam edir. Bəzi beynəlxalq təşkilatların təcavüzkara loyal münasibəti rəsmi Yerevanın işğalçılıq siyasətini dərinləşdirir. Avropa Parlamentinin Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun etiraz bəyanatı ilə çıxış etməməsi bizdə bu qurumun obyektivliyinə şübhə yaradır. Təəssüf ki, Avropada hər gün dini və insani hüquqları tapdanan milyonlarla müsəlmanın diskriminasiyaya məruz qalması Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir”.

Sonda bəyanat müəllifləri M.Şultsu ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirlərdən imtina etməyə səsləyiblər.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə