Dünyanın ən bahalı şəhərləri - Sürix liderdir

Həyat tərzi baxımdan, ən ucuz şəhər Omanın paytaxtıdır

Sürix Tokionu qabaqlayaraq planetin ən bahalı şəhərləri sırasında birincilik əldə edib. Bunu «Economist» jurnalının apardığı tədqiqatların nəticələri deməyə əsas verib. İsveçrənin liderliyinə baxmayaraq, nəşrin tərtib etdiyi siyahıda ilk onluğu başlıca olaraq Asiya və Avstraliyanın şəhərləri qapayır. Avropa isə 93 ölkənin 140 şəhərinin yer aldığı siyahıdakı çoxluğa görə yenə öndədir.


«Economist» belə nəticəyə gəlir ki, Surix və Tokio ilə yanaşı İsveçrənin Cenevrə, Yaponiyanın Osaka və Kobe, Avstraliyanın Sidney və Melburun, həmçinin Sinqapur, Oslo, Paris və Frankfurt şəhərlərində də kifayət qədər bahalı həyat tərzi hökm sürür. Bu şəhərlərin adları siyahının onluğundadır. Maraqlıdır ki, Moskva, Los-Ancelos və Şanxay kimi nəhənglər yalnız 40-cı yerlərdə qərarlaşıb.


Jurnal şəhərlərin reytinqini müəyyənləşdirərkən 160-dan artıq malın, müxtəlif xidmətlərin, o cümlədən ərzağın, geyimin, nəqliyyatın, icarənin və özəl məktəblərdəki təhsilin 400-dən çox fərdi qiymətini nəzərdən keçirib.


Qeyd edək ki, şəhərlərin bahalılıq reytinqi artıq 20-ci ildir ki, müəyyənləşdirilir. Sürix tarixində ilk dəfə olaraq siyahıda birincilik əldə edib. Ekspertlər bu liderliyə səbəb kimi İsveçrə frankını göstərirlər. Onların qənaətincə, sərmayədarlar maliyyə böhranları zamanı bu valyutaya sakit liman kimi yanaşırlar. 

 

Ümumilikdə «Economist»in siyahısının ilk 50 pilləsində 14 Asiya nəhəngi yer alır. 


Dünyanın ən ucuz şəhəri isə Məsqəddir. Omanın paytaxtı ilə yanaşı siyahının sonlarında Hindistanın Dehli və Mombay, Nepalın paytaxtı Katmandu, eləcə də Pakistanın Kəraçi şəhərlərinin adı çəkilir.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə