Əndərəbadilik həftəsi və ya dəli ol, dərdini çəksinlər (BAXIŞ)

Əvəz RÜSTƏMOV

Bu məmləkətdə bir şeyi də heç anlamıram: bayram günləri olanda televiziyalar nəyə görə tutalım qazın, işığın, suyun təminatında problemlərin olmayacağına dair reportajlar hazırlayırlar. Bir adam da soruşmur ki, ay balam, problem niyə olmalıdır? Buradan belə çıxmırmı ki, başqa vaxtlarda problem olur və ya olmağı məqbuldur, təki bayramda heç nə olmasın? Problem olmursa, nəyə görə minnət qoyulur? Hər şey qaydasında olacaq, lap yaxşı, mənə nə ki, məsələn, “Bakıelektrikşəbəkə” bayram günləri 3, “Azərsu” 4, “Azəriqaz” nə bilim 16 rejimdə işləyəcək. Bax, bir vətəndaş olaraq məni incidən budur ki, hər dəfə ayın ortasında “Bakıelektrikşəbəkə” zorla “borclu” adlandırdığı abonentlərə müraciət edir, telekanallar və saytlar da bunu yayırlar. Hələ keçən dəfə telekanalların birində belə bir başlıqlı reportaj da getmişdi – bayramda işıqsız qalmaq istəmirsənsə, borcunu ödə! Yox bir, kələm...

Vallah, maraqlı ölkədə yaşayırıq. Ayın ortasında bu tələbin səslənməsi nəyə lazımdır? Guya ölkədə elə bir abonent varmı ki, borcunu aylarla ödəməsin? “Bakıelektrikşəbəkə” buna imkan verərmi? Verməz və bu qurumun haqqıdır. Elə isə insanların haqqına girmək nəyə lazımdır?.. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda enerji təchizatı müəssisəsinin istehlakçıya elektrik enerjisinin verilməsini bir neçə halda dayandırması nəzərdə tutulur ki, bunlardan biri enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabının istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilməməsidir. Oxşar qaydalar qaz və su təchizatının dayandırılmasında da rəhbər tutulur. Qanun 2009-cu ilin sentyabrında imzalanıb. Bildiyimə görə, bir ay bitəndən sonra abonent borcunu ödəmirsə, ona əvvəlcə bildiriş göndərilib xəbərdarlıq edilməli, yalnız xəbərdarlıqdan sonra müvafiq akt tərtib edilərək işıq kəsilməlidir...

Elə isə camaatın baş-beynini aparmaq, tələsdirmək, bezdirmək nəyə lazımdır? Əhali olmasın, lap hüquqi şəxs olsun, bir ayın 30 günü ərzində nə vaxt istəyər, onda da borcunu ödəyər. Bu yerdə hələ demirəm ki, qeyri-qanuni olaraq, yəni vətəndaşa heç bir xəbər vermədən işığı kəsərək aradan çıxanlar və hərəkətləri ilə qanunun deyil, “Bakıelektrikşəbəkə”nun müəyyənləşdirdiyi vaxtda borcun ödənməli olduğuna eyham vuran “işıqşünaslar” da tapılır. Təbii ki, tapılacaq. Bir qurumun rəhbər şəxsi telekanala çıxıb qeyri-qanuni tələb səsləndirirsə, onun sıravi nümayəndələrindən başqa nə gözləyəsən?

Ürəyimdə qalan bir əndərəbadiliyi də deyim qurtarsın. Deməli, bir neçə gün öncə yolum notariat kontouna düşmüşdü. Bir də baxdım ki, “notarius”un rəisi olan bir qadın çoxlu sayda adamın içərisinə hay-küylə girib yanında dayanmış və əqli çatışmazlığı olan şəxsi göstərərək pafoslu şəkildə təxminən beləcə car çəkir: narahat olma. Sən hamıdan ağıllısan… Mən onun vərəsəlik hüququnu həll edəcəm. Qoymayacam ki, kimsə bunun haqqını yesin. Bu işi pulsuz edəcəm, mənə heç nə lazım deyil!

Onu da deyim ki, əqli çatışmazlığı olan şəxsin qardaşı da yanındaydı və “notarius xala” öz aləmində onun qardaşını aldatmaq niyyətindən şübhələnirmiş. Yəqin, qapının arxasında bu işə görə nə verəcəyini soruşmasına kimsənin qulaq vermədiyini düşünüb. Bəndəniz boş durmamışdı… Fiziki qüsurlu şəxsin qardaşının zəruri “notariat xərci”nin olmadığını dəqiqləşdirən rəis xanım bazarlığa sərf etdiyi vaxtın heyfini böyük bəyanatlar verməklə çıxarır və camaat içərisində xal qazanır. Əslində isə ağlı başında olan qardaşa ziyan vurur. Tam görünür, ki, notariat şefinin “ağıllı” dediyi adamın ağlı yerində deyil və və belə düşünmək də olar ki, onu tutalım hansısa mülkə şərik etmək nəyə lazımdır? Onsuz da normalda qardaşı onu saxlayır, ona lazım olanları verir. Hər ikisi kifayət qədər yaşlıdırlar. Niyə bu zavallılara pislik edirsən, a bacı, - elə beləcə də dedim. Nəticədə orda dayananlara pislik etmiş oldum. Qadın qəfil deyilmiş sözün şokundan əsəbləşib başını tutub işdən çıxdı. Yekunda camaatın sənədinə imza atan olmadığından, insanlar xanım özünə gəlib kreslosuna əyləşənədək vaxt itirdilər. Oldum(mu) pis adam (?).

Amma məsələ heç də bunda deyil. Başlıca məqam rəis qadının pafoslu çıxışından sonra az qala hamıdan “Allah köməyin olsun” alqışının gəlməsidir. Yaxşı, anladım ki, içəridəki bazarlığa qulaq verməyiblər. Bəs, niyə bir adam demədi ki, a zalımın qızı, “pulsuz edəcəm” deyəndə nəyi nəzərdə tutursan? Axı, bu notariat sistemində qanunla elə də böyük xərc tələb olunmur? İkincisi, bu dilinə gətirdiyin yaxşılıq etmək niyyətidirsə, bunu niyə aləmə car çəkirsən? Nəhayət, üçüncü məqam: kimsə bu qadının onun yanına daxil olanlardan, məsələn, 1 manat əvəzində 5, 20 qəpik yerinə 2 manat aldığının fərqinə varmır. Belə görünür, insanlar onlardan qanunsuz yerə pul alınmaması üçün mütləq ağıldan kəm olmalıdırlar. Sanki indiki durumları şikəstlik deyilmiş. Bu yerdə onu da düşündüm və haqq verdim ki, elə düz deyilib – ağıllı olub aləmin dərdini çəkməkdənsə, dəli ol, aləm səni fikirləşsin. Ağıllı dəlilərin yaşadıqları məmləkətdəki növbəti əndərəbadiliklərə qədər çalışın, sağ və salamat qalın. İşıq pulunu vermisinizsə, bayramınız mübarək!

P.S. Təəssüf ki, əndərəbadiliklərin olmayacağını deyə bilmirəm. Deməyə dilim gəlmir. Bir də xahiş edirəm, cəmi bir neçə əndərəbadiliyi görə bildiyim üçün üzrlü sayın. Onlar həddən artıq çoxdur. Hamısını görmək olsa da, yadda saxlamaq sadəcə mümkünsüzdür.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə