Putin və iki Fransa fili (MÖVQE)

Zahid ORUC, Milli Məclisin deputatı

Bu günlər Rusiya səmasında böyük Mayakovskinin ruhu dolaşır. Fəxarətlə və hamını yana-yana qoymuş şairin “mən sovet vətəndaşıyam” verdikti bütün "soyuq müharibə" illərində siyasi-poetik süngüyə çevrildiyi kimi, indi də fransız artistlərinin diliindən səslənir. Sizcə, hardadır, görəsən, o pasportlar?

Obeliks - Jerar Depardyenin dünyaya nümayiş etdirdiyi yeni vətəndaşlıq Putinin Qərblə savaşının ən yaxşı alətidir. Fransada yüksək imkanlara malik olanlardan tutulan 75-faizlik vergidən qaçan aktyor olmayıb bir başqası Rusiyada faizsiz milyonlara sahib olmanın üstünlüklərindən imtina edərdimi?

Onun dünya nüfuzu və Rusiyanın idarəçilik vəziyyəti qərarvermədə hər hansı rol oynaya bilməzdi. Nə olsun ki, rus xalqı kütləvi olaraq həyatından narazıdır, bunun əzabını Depardyemi çəkməlidir? O, əldə etdiyi şöhrəti və kapitalı Napoleonun uduzduğu müharibənin əvəzindən gətirib rus kəndlisinə verəsi deyildi ki?

İndi Putinin demokratiya zirehi bir az da möhkəmlənib. Hüquq müdafiəçisi Maqnitskinin öldürülməsinə qarşı “buyurun, Rusiya ünlü xarici simaların yaşaması üçün ən cazibədar ölkədir” mesajını dünya mətbuatının gündəminə daşıyıb. Qoy indi müxaliflər siyasi haqlardan danışsınlar, iqtisadiyyatın dövlət kapitalizmi ilə ələ keçirildiyindən şikayətlənsinlər, varlı avropalılar ki, ölkələri atıb bura gəlirlər!

Bricit Bardo da öz kişi həmkarını tək qoymaq fikrində deyil. Lion zooparkındakı iki filə görə Putinə müraciət edib və heyvanların hamisi olan rus prezidentindən yardım alacağına əmindir və öz ölkəsində görmədiyi səxavəti ona bu dəfə də göstərəcəklər. İndi bu siyasət və aktyorluq sənətinin uyuşmasınsdan kim nə danışır-danışsın, faktlar kimi amansız və dəyişməzdir!

Fransadakı iki fil və Putinin 140 milyonluq xalqı?! Leopardlar və fillərin dostluğu milli xidmətdən və hər bir rusu xoşbəxt etmək vəzifəsindən daha şərəflidir. Axı heyvanlar Putini tənqid etmir və narazılıqlarını bildirmirlər. Xalqsa seçir və elə hey pisləyir. Obeliks Sarkozi haqqında necə demişdi: ”Fransızlar onun bütün yaxşı işlərini pisləyirlər”!

Əgər bütün fillər və milyarderlər Rusiyaya gəlsə, dünyanın taleyi necə olacaq? Onsuz da iqtiasadi böhranda boğulan avropalılar on illərlə yetişdirdikləri şəxsiyyətləri bir-bir Moskvayamı satmalıdır?!

Maraqlıdır, Fransada varlılar yaşaya bilmir, Rusiyada isə kasıblar!

P.S. Yazı millət vəkili Zahid Orucun "facebook" səhifəsindən götürülüb

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə