PKK-çıların qətlində İran izi (TERROR)

Fransanın paytaxtı Parisdə yerləşən Kürd İnstitutunda başlarından güllə ilə vurularaq öldürülmüş 3 PKK-çı qadının cəsədinin tapılması həm Türkiyədə, həm də Avropada bütün nəzərləri yenidən bu terror təşkilatına yönəldib. Hadisə PKK dixilində və bu terror təşkilatına yaxın çevrələrdə ciddi təşviş yaradıb. Baş vermiş hadisə ilə bağlı artıq həm Fransada, həm də Türkiyədə terror təşkilatının yandaşları etiraz aksiyaları keçiriblər.

Xatırladaq ki, cəsədlərin Sakine Cansız, Fidan Doğan və Leyla Söylemez adlı qadınlara məxsus olduğu üzə çıxıb. Fransa polisi öldürülən kürd əsilli 3 qadının PKK terror təşkilatı ilə bağlı olduğu və terror təşkilatının daxilindəki münaqişənin qurbanı ola biləcəyi ehtimalını araşdırır. Türkiyə prezidenti Abdullah Gül də dərhal bu hadisəyə reaksiya bildirib: «Məsələnin məğzini öyrənmək üçün bir neçə gün vaxt lazımdır. Cinayətin motivi nədir, kimlər tərəfindən və nə məqsədlə edilmişdir — aidiyyatı qurumlar yəqin ki, bir neçə günə bu sualların cavabını verərlər».

Uşak vilayətinə səfəri zamanı jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti irəli sürülən ehtimalların və hadisəyə yanaşmaların fərziyyələrə əsaslandığını bildirib.

O, həmçinin baş vermiş hadisənin Türkiyənin gündəmindən terroru çıxarmaq qətiyyətinə təsir etməyəcəyini vurğulayıb. Fransa rəsmiləri isə hadisə ilə bağlı hələ ki açıqlama verməkdən çəkinirlər. Bununla belə Fransa prezidenti Fransua Olland öldürülmüş PKK-çı qadınlardan birini tanıdığını söyləyib: «Öldürülən 3 nəfərdən biri tez-tez bizimlə görüşə gəldiyi üçün həm mənim, həm də bir çox siyasətçinin tanıdığı bir isimdir».

Fransa prezidenti istintaq tədbirləri həyata keçirildiyini və hadisənin səbəblərini öyrənmək üçün bir qədər gözləmək lazım gəldiyi bildirib.

Fransa polisi isə binaya zorla girildiyinə dair heç bir iz tapa bilmədiyini və qapının şifrəli olması səbəbilə içəridən sındırıldığını, bu səbəbdən hadisənin PKK daxilində bir hesablaşma olması ehtimalı versiyasını önə çıxarıb.

Siyasi müşahidəçilər isə Parisdə PKK-çı qadınların güllələnməsini İmralı prosesini pozmağa hesablanmış provokasiya olduğunu düşünürlər. Fransa və İngiltərə mətbuatı da Parisdəki bu cinayətin Türkiyə hökumətinin kürdlərlə başladığı müzakirələri pozmaq məqsədilə törədildiyini yazır. «Financial Times» qəzeti hesab edir ki, PKK daxilində baş verənlər bir vaxtlar Şimali İrlandiyadakı İRA terror təşkilatında yaranmış ixtilafları xatırladır. «The İndependent» qəzeti Parisdə qətlə yetirilənləri «kürd radikalları» adlandırıb. Türkiyə hökuməti və Fransanın kəşfiyyat mənbələri bu qətllərə səbəb kimi terror təşkilatında daxili çəkişməni istisna etmirlər. Həmin mənbələrin ehtimallarına görə, qətllərin Türkiyə hökuməti və həbsdə olan PKK lideri Abdulla Öcalan arasında gedən danışıqlarla bağlılığı var. Türkiyə mediası olaydan bir gün öncə yazırdı ki, sözügedən danışıqlarda Türkiyənin cənub-şərqində 30 ildir sürən separatçılığa son verilməsi üçün «yol xəritəsi» barədə ilkin razılaşma əldə edilib. Qurbanlardan biri və ehtimal ki, sui-qəsdin əsas hədəfi 1978-ci ildə Öcalanla birgə PKK-nın əsasını qoymuş Sakine Cansızdır. O, bir müddət Türkiyədə həbsxanada olduqdan sonra Fransadan siyasi sığınacaq almışdı. Belə görünür ki, PKK-nın parçalanmış rəhbərliyi ilə onun arasında son illərdə ciddi fikir ayrılığı olub. Bəzi mənbələr isə hadisənin baş verdiyi ofisdə qapıların sındırıldığını göstərən heç bir əlamətin olmadığını bildirib və görünür, qatillərə qurbanların özləri qapı açıb.

Parisdəki kürd icmasının nümayəndələri isə bu qətllərin PKK-daxili çəkişmənin nəticəsi olduğu barədə iddianı rədd ediblər. Onlar, hadisədə Türkiyə xüsusi xidmət orqanlarını millətçi dairələri günahlandırırlar. Hadisə barədə xəbər yayılan kimi, Parisdəki 300-dək kürd mühacir qətllərin baş verdiyi binanın qarşısında mitinq keçirib. Onlar əllərindəki plakatlarda Hollandeni Türkiyə ilə əlbir olmaqda ittiham ediblər.

Türkiyə mediasının yazdığına görə, bu səs-küylü qətl ərəfəsində hökumət və Öcalan arasında gedən danışıqlarda önəmli irəliləyiş əldə edilibmiş. Xəbər verilir ki, tərəflər kürd məhbusların azad edilməsi, kürd dili və mədəniyyətinin rəsmən tanınması müqabilində atəşkəs barədə razılığa çox yaxın imişlər. Məhz buna görə, Türkiyə və Fransa rəsmiləri qətllərdə məqsədin bu danışıq prosesinin pozulması olduğunu bildirirlər. Türkiyənin siyasi şərhçilərindən, bir vaxtlar anti-terror idarəsində çalışmış Emre Uslu güman edir ki, qətllərə PKK rəhbərliyi də göstəriş verə bilərdi. Şərhçi deyib ki, Sakine Cansız vaxtilə də Öcalanın apardığı sülh danışıqlarının əleyhinə çıxması ilə tanınır.

O da bildirilir ki, Sakine Cansız 1980-ci illərdə Diyarbəkir həbsxanasından da kürd separatçı hərəkatına rəhbərlik edirmiş. O, sonralar İraqın şimalında terrorçu qadınlardan ibarət dəstəni də yönəldib. Amerikanın WikiLeaks saytının açıqladığı diplomatik teleqramlarda deyilir ki, Cansız 2007-ci ildə Berlin həbsxanasından azad ediləndən sonra, onun Türkiyəyə təslim edilməsi barədə Ankaranın xahişi yerinə yetirilməyib.

O vaxtdan bəri Cansız Avropa boyunca PKK-çı qadınlar üzrə məsul hesab olunurmuş. Türkiyənin «Hürriyet» qəzeti yazır ki, Sakine Cansızın PKK-nın silahlı qanadına rəhbərlik edən Suriya vətəndaşı Ferman Hüseynlə ixtilaflar içərisində imiş. Rəsmi Paris də bu qətldə Türkiyə izi axtaran fərziyyələri rədd edir. Fransanın əks-kəşfiyyat xidmətindəki mənbə «Figaro» qəzetinə bildirib ki, belə bir əməliyyatın Parisdə keçirilməsinin arxasında Türkiyənin durduğu barədə fərziyyə ağlabatan deyil. Mənbə bildirib ki, əksinə, Ankara və Paris arasında terrorizmə qarşı etibarlı əməkdaşlıq var.

Qeyd edək ki, Parisin türk icması basqına uğramış «informasiya mərkəzi»nin PKK-ya yaraqlılar topladığı barədə dəfələrlə şikayət edib.

Türkiyənin Seneqalda səfərdə olan baş naziri Tayyib Ərdoğan deyib ki, hələlik, hər hansı nəticəyə gəlmək çox tezdir: «Bu, daxili bir çəkişmə də ola bilər. Bundan başqa biz hazırda terrorizmə qarşı mübarizə aparırıq, amma bunu istəməyən adamlar var. Bu, həmin adamların təxribatı ola bilər».

Kürdüstan Milli Konqresinin lideri Remzi Kartal da «Reuters» agentliyinə bildirib ki, Parisdə baş vermiş hadisənin siyasi motivli olduğu şübhə doğurmur: «Öcalan və Türkiyə hökuməti danışıqlara başlayıblar, onlar dialoq istəyirlər. Lakin kürd məsələsinin həllini tapmasını istəməyən və sülh prosesinə qarşı təxribat törədən qüvvələr var».

İstanbul İnsan Haqları Assosiasiyasının rəhbəri İhsan Kacar da deyib ki, ümid yaradan sülh danışıqları Türkiyə kürdləri arasında çox müsbət qarşılanırdı, amma Parisdəki qətllər ümidləri çilik-çilik edib. Onları kim öldürə bilərdi? Türkiyə mətbuatı bu suala cavab vermək üçün 4 ehtimal irəli sürüb. Bu ehtimallar PKK-nın idarə sistemi, Orta Şərqdəki güclər müharibəsi və beynəlxalq kəşfiyyat təşkilatlarına qədər gedib çıxır.

Daha bir məlumata görə, PKK qurucularından olan və 10 ildən artıq bir müddətdə Diyarbəkr həbsxanasında yatmış «Sara» kod adlı Sakine Cansız terror təşkilatının yüksək toplantılarına qatılan yeganə qadın idi. O, eyni zamanda, Abdulla Öcalana yaxın azsaylı qadın statusunu da daşıyırdı. Hesab edilirdi ki, Sakine Cansız Abdulla Öcalanın bütün sirlərini bilirdi. Təşkilat daxilində zaman-zaman Ocalana qarşı çıxan Sakine Cansızın Suriyada PKK tərəfindən öldürülən Mehmet Şenerlə məhrəm münasibətləri olub. Hətta onun Mehmet Şenerin öldürülməsindən sonra uzun müddət depressiya vəziyyətində olduğu da deyilir. Təşkilatla zaman-zaman problemlər yaşamasına baxmayaraq, PKK onunla əlaqəsini heç bir zaman kəsmədi. Sakine Cansız 90-cı illərdə terror təşkilatının dağ heyətində vəzifə aldı və Şimali İraqda fəaliyyət göstərdi. O, 2000-ci ildən sonra Avropaya gedib. Onun təşkilatdaxili hesablaşmanın nəticəsi olaraq öldürüldüyü ilə bağlı iddia olsa da, bu zəif bir ehtimal olaraq qiymətləndirilir. Çünki Sakine Cansız təşkilatın Cəmil Bayık, Murad Karayılan, Duran Kalkan və Mustafa Karasu kimi idarəçiləri ilə eyni mövqedə idi.

İtaliyanın «Le Monde» və Fransanın «La Repubblica» qəzetləri isə «təşkilatdaxili hesablaşma» ehtimalına üstünlük verirlər. Belə ki, sui-qəsdlə əlaqədar ortaya çıxan detallar binanın qapısının öldürülən üç qadın tərəfindən açılma ehtimalını ortaya çıxarıb. «La Repubblica»nın yazdığına görə, sui-qəsdin həyata keçirildiyi binanın birinci mərtəbəsinə ancaq şifrəli bir sistemlə daxil olmaq mümkün idi.

Baş vermiş hadisə ilə bağlı ən çox müzakirə olunan versiyalardan biri isə sui-qəsdlərdə xarici güclərin rolu ilə bağlıdır. Hesab edilir ki, bu, Yaxın Şərqdəki güc tarazlığını dəyişdirmək istiqamətindəki hücumlardan biri ola bilər. Başqa sözlə, Yaxın Şərqdəki dəyişikliklərdə oyundankənar vəziyyətə düşən bəzi ölkələrin kürd probleminin həlli mərhələsində bu hücumla üstünlük qazanmaq niyyətinə düşməsi mümkün hesab olunur. Burada ilk ağlagələn ölkə İrandır.

İddiaya görə, sui-qəsdi həyata keçirənləri Sakine Cansız və yanındakı iki qadın tanıyırmış. Onların İran kəşfiyyatına işləyən və təşkilatın İrandakı qolu PJAK-da fəaliyyət göstərən şəxslərin ola biləcəyi ehtimalı üzərində daha çox dayanılır.

Bu versiya daha çox ona əsaslanır ki, AKP hökumətinin PKK ilə danışıqlarının müsbət nəticə verəcəyi halda, bölgədə Türkiyənin rolunun güclənəcəyindən narahat olan İran on minlərlə əsgəri səfərbər edən bir təşkilatın Türkiyənin qarşısından çəkilmsini istəməz. Ssenariyə görə, PKK silahı yerə qoyacağı halda, PJAK və PYD qrupları Qəndil dağlarına yerləşəcəklər və Şimali İraq kürd muxtariyyətinin lideri Məsud Bərzaniyə silahlı dəstək verəcəklər. Buna görə də nə Suriya, nə də İran PKK probleminin həllini istəmir.

İranın zaman-zaman PKK ilə əlaqələr yaratdığı artıq heç kimə sirr deyil. Abdulla Öcalanın da ifadələrindən görünür ki, İran keçmişdə Osman Öcalan və Cəmil Bayık vasitəsilə təşkilat üzərində təsirini saxlayıb.

QEYD: Yazı "Xalq cəbhəsi" qəzetinin 15 yanvar 2013-cü il tarixli sayında dərc olunub. 

Müəllif: CAVİD

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə