Xan məni dindirdi (BAXIŞ)

F. Engelsin “Mən fransız həyatını tarixçilərin, statistlərin və s.-lərin əsərlərindən daha çox, Balzakın əsərlərindən öyrənmişəm”, - kimi bir fikri var. Engelsin düşüncələrinə münasibətimiz fərqli olsa da, qəbul edək ki, bir xalqı öyrənmək üçün onun ədəbiyyatı çox mühüm vasitədir.

Bu baxımdan, bədii əsərlərimizdə boy göstərən bəzi məqamlara nəzər salaq. S. Ə. Şirvaninin “Xan və Dehqan” əsərində dehqan, yəni kəndli qaça-qaça evə gələrək sevincini arvadı ilə bölüşür. “Xan məni dindirdi”, - deyir. Arvad soruşur ki, nə dedi. “Ey it, kənara çəkil yoldan, nə çıxırsan, donuz kimi koldan!” dedi”, - deyir dehqan. Bu şeir XIX əsrin 2-ci yarısında yazılıb. Onda Azərbaycan rus işğalı altında inləyirdi. Müəllif çinovnik demir, komendant demir, murov demir, xan deyir. Kəndli də demir, dehqan deyir. Müəllif dehqanın kəndli olduğunu da bilirdi, xanların da çarizm tərəfindən artıq yer üzündən silindiyini də. Bunları bilə-bilə fikrini açıq demir, bu sözlərin pərdəsinə büküb çatdırırdı oxuculara. Millətimizə haqqın, xeyrin simvolu kimi sırıdıqları çar babanın “ədaləti” gör hara çatıb ki, bir məmurun bir kəndlini bu şəkildə dindirməsi onun üçün toy-bayram olur. Bu gün də rusun ədalətindən, sovet dövrünün gözəlliklərindən, Məmməd Nazimoğlu demiş, “Doğulmağa qoymayıb, abort edilən kommunizm”dən həsrətlə, yana-yana danışanlar var.

8-9 əsr əvvələ qayıdaq. Böyük şeyx Nizaminin “Sultan Səncər və Qarı” əsərində haqqı tapdalanan qarı çox rahatlıqla Sultan Səncərin önünü kəsir, ona məmurlarından şikayət edir, hətta sultanı ittiham edir. “Səndə insaf az görmüşəm, qulaq as, Səndə gördüyüm zülm əsla hesaba sığmaz”, - deyir. Sultan Səncər at belindədir. Qoşunu ilə səfərə çıxıb. Ətrafında döyüşçüləri, mühafizləri var. Ancaq qarı bunların arasından Sultana yaxınlaşa və sözünü deyə bilir. Hadisələri bu günə daşısaq, öz demokratik idarə üsulları ilə öyünən dövlətlərin başçılarını bu şəkildə qarşılaya bilən və ona qarının dediyini deyə bilən bir adam tapmaq olarmı?

At yerinə bugünkülərin zirehli maşınları və bugünkü qorumaları var. Beynimizdə hələ də istismarçı quldar və ya feodal dövlətlər kimi qalan keçmişimizin qaranlıq səhifələrinin nə qədər işıqlı, o fikri bizə sırıyanların isə nə qədər fərqli olduğunu görmək üçün çox uzağa getmək lazım deyil. Qazan Xanın neçə ildən bir Burla Xatunun əlindən tutub evindən çıxaraq, onu yağmalatması (bütün sərvətini ehtiyacı olanlara dağıtması) arada qurduğu məclislərdə bəylərin fikrini dinləyərək, məsləhətləşib qərar veməsi və ya atasının namusunu qorumaq üçün şişə çəkilib anasına yedirilməsini özünə şərəf bilən Uruzların əxlaqı qiyamətə qədər bizə bəs edər.

XIX əsrdə bizə “azadlıq və mədəniyyət” gətirən millət o vaxt harada idi və nə edirdi, görəsən? Elm, mədəniyyət, demokratiya aparmaq adı ilə avropalıların, rusların və ya ABŞ-ın Amerikadakı hinduların, Afrikadakı zəncilərin, sonra əfqanların, ərəblərin, Avropanın göbəyində bosniyalıların başına nələr gətirdiyi heç kəsə sirr deyil. Bütün bunlardan sonra da durub “zülmə məruz qalan yazıq” erməni və ya bu qəbildən başqa millətlərin “haqqını” müdafiə etmək, kimisə soyqırımıda suçlamaq həyasızlıqdan, əxlaqsızlıqdan başqa bir şey deyil.

Təxminən bir əsr əvvəl Ə. Haqverdiyevin qələmə aldığı “Mirzə Səfər” hekayəsini xatırlayaq. Həsən Ağanın qohumunu növbəsiz yola salmadığı üçün Mirzə Səfərə qarşı Həsən Ağanın münasibətinə diqqət yetirək. Həsən Ağa adi pullu adamlardan deyil. O, bir xeyriyyə cəmiyyətinin başındadır ki, o cəmiyyət “edadiyyə” məktəbini maliyyələşdirir və kasıb uşaqlarını pulsuz oxudur. Mirzə Səfər də Nəsən Ağanın başında durduğu bu cəmiyyətin bir dəftərxanasında məmur olaraq çalışır. Başqa məmurlar rüşvət alsalar da, Mirzə Səfər almır. Bu ayrı məsələ. Əsas məsələ Həsən Ağa ilə bağlıdır. Bu gün Həsən Ağanin yerində olan birinin qohumu ilə Mirzə Səfər kimi bir məmur o cür rəftar edə bilərmi? O cəsarət onda olarmı? O addımı atsa da, başına nələr gələcəyi bəllidir. Ancaq Həsən Ağa nə edir? Cəza olaraq Mirzə Səfərin uşaqlarına verilən yardımı kəsir, vəssalam. O, uşaqları məktəbdən, atalarını işdən atdıra, başlarına başqa oyunlar da açdıra bilərdi. Amma o, bunun heç birini etmir. Hətta uşaqlar təhsilini davam etdirdikcə onlarla maraqlanır (Mirzə Səfərin xoşuna gəlməsə də), Mirzə Səfərin dəfnində iştirak edir. İnsanlığını, xeyirxahlığını qoruyur sona qədər bu ailəyə münasibətdə.

Bir vaxtlar dəbdə olan “Bu varlıdırsa, hakim sinfin nümayəndəsidirsə, mütləq mənfi obrazdır, qarşı tərəf isə mütləq müsbət” stereotipindən əl çəkmək lazımdır. Hacı Zeynalabdin Tağıyev Həsən Ağanın prototipidir deyə bilməsəm də, hər halda ondan bir şey var Həsən Ağada. Tarixi keçmişimizdə Tağıyev kimi nurlu simalar bəs edir ki, keçmişimizə, keçmişimizi əks etdirən ədəbiyyata bir az fərqli prizmadan yanaşaq.

Hacının olduğu bədii əsərlərə bir də bu günün baxış bucağından nəzər salaq. “Gizli Bakı” və “Döyüşən şəhər” əsərlərinə bu günün gözü ilə baxa bilsək, S. Vurğunun “26-lar” poemasında olduğu kimi (bizim nəsil az qala hamısı onu əzbər bilirdi), əsərə bir daha diqqətlə nəzər salsaq, o dövrün tarixi həqiqətlərini necə ustalıqla, fərqli bir üslubda təqdim edə bildiyini görərik.

Sadəcə olaraq, bizim baxışımız o vaxt fərqli olub. “M. Ə. Rəsulzadənin sözünün pərdəsi millətdir, dindir” (“26-lar”dan) adı çəkilən neçə belə əsər var, sovet dövründə yazılan. Yaxud orada “mənfi tipin” dilindən Osmanlıya, türk ordusuna münasibət “Dərdi olan, gözü yolda, könlü xəstə olan” Bakının dərdinin əlacı nə idi? Kimin yolunu gözləyirdi. Bəlkə də xilaskar türk ordusunun. Əslində bu fikir səslənir poemada “mənfi” obrazın dilindən. “Dönüb keçmişinə baxmazmı İran” deyə tarixi həqiqətləri son yüz ildə bu qədər yığcam, belə real kim ifadə edə bilib?

Ə. Haqverdiyevin Şeyx Şabanını kimlər o günə qoyur? - Onu satan ermənilər. Ə. Haqverdiyev də, Üzeyir bəy də, N. Vəzirov da qarabağlı idilər. Onlar o vaxt ermənini də hamıdan yaxşı tanıyır, Qarabağın başında dolanan və ya dolanacaq buludları da hamıdan yaxşı görürdülər. Amma açıq danışa bilmirdilər, yaza bilmirdilər. M. Ə. Sabirin “Ah bu rus başlılar, hər yerə dırmaşdılar” harayını zamanında nə qədər duya bildik, ya da indi duya bilirikmi? Bu gün yaşlı nəsildə hələ də bu fikir hakimdir ki, ruslar təmiz adamlardır, onları alverə, rüşvətə biz alışdırdıq. Əvvəlcə, alver dedikləri əslində xırda ticarət idi. Sovet dövründə buna möhtəkirlik damğası vurub, qanundan kənar etmişdilər. Qanundan kənar olsa da, gizli-açıq bununla dolanan az deyildi. Və bu, xırda ticarət olsa da, İslam əxlaqına görə dolanmağın yollarından biri idi, əlbəttə, halal dairəsində. Heç vaxt hakim millət məhkum millətdən bir şey əxz edə bilməz. Həmişə bunun tərsi olur. Belə ki, Marksla Engelsin bu məsələdə fərqli fikri var. Biz rusu heç vaxt (rus deyəndə, Azərbaycanda at oynadan çar məmurlarından söhbət gedir) rüşvətə, “alverə” alışdıra bilməzdik. Çünki onların tabeliyində, əsarətində idik. Onlar istəyib, bizdən alırdılar. Bizimkilər də canlarını qurtarmaq üçün istənəni verəsi olurdular. “Hacı Qara”da Hacı Qaranın və nökəri Kərəməlinin başına gələnlər kimi. S. Ə. Şirvani isə “Xan və Dehqan”dan əlavə, rüşvətlə bağlı başqa əsərlər də yazdı. Yazdı və bu əsərlərdə çox gizli mətləblərə toxundu. Hökumət, bir tərəfdən, onları “təqdir edir, mükafatlandırır”, bir tərəfdən də, Zakiri tutdurub sürgün etdirir, “Za userdye” medalını ala bilməyən S. Ə. Şirvanini də məsciddə qaragüruhçuların ayaqları altına salıb tabdaq etdirirdi. A. Bakıxanov, İ. Qutqaşınlı kimi ziyalılarımızın şirəsini sorub, iliyini vurandan sonra nəzarətdə saxlayıb göz dustağı edirdilər. Bu bir yana, bu gün onlar zamanında Osmanlı ilə vuruşan rus ordusunun tərkibində olublar deyə, nəyəsə hökm verəndə də ehtiyatlı olmaq lazımdır.

Son olaraq deyək ki, “o dövrdə bütün imtiyaz sahibləri, imkanlılar ədalətli olmuşlar, içlərində heç zalım olanı, ədalətsizi olmamışdır” fikrindən də uzağıq. Əlbəttə, bunlar da olmuşdur. Sadəcə olaraq, onu demək istəyirik ki, hökm verəndə, nəyisə dəyərləndirəndə bir az adil olaq. Dövrün tələbinə görə döyülürlərsə döyməyək, alqışlanırlarsa alqışlamayaq. Məsələyə dəlillərlə və adil yanaşaq. Belə olsa, irsimizə qarşı daha vəfalı olar, gələcəyimizin yolunu da düzgün müəyyənləşdirə bilərik...

P.S. Yazı "Zaman Azərbaycan" qəzetinin 16 yanvar 2013-cü il tarixli sayında dərc olunub.

Müəllif: Sədrəddın Hüseyn Daşkörpülü

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə