Kəşfiyyatın qiyməti (KÖŞƏ)

Zahid ORUC, Milli Məclisin deputatı

SSRİ-nin dağılmasından sonra ən böyük zərbə dövlət təhlükəsizlik orqanlarına dəydi. Lakin sovet sistemi içərisində olanların özünümüdafiə imkanları müəyyən qədər saxlansa da, sosialist düşərgəsinə daxil olanların vəziyyəti daha ağır idi. Söhbət ilk növbədə Almaniya Demokratik Respublikasından gedirdi.

Markus Volfun- məhşur alman əkskəşfiyyatçısının adı ictimai-siyasi dairələrdə yaxşı tanışdır. On illər ərzində “Ştazi”nin rəhbəri olaraq SSRİ-nin dünyaya yaydığı inqilab ixracına gizli kömək göstərən və minlərlə xəfiyyəni sovet düşmənlərinin sisteminə yeridən bacarıqlı şəxsiyyət Avropa məkanında gedən çoxlu proseslərin əsas təşkilatçılarından biri olmuşdu. Xatırlatmağa dəyər ki, Nobel mükafatçısı olan baş nazir Villi Brandtın köməkçisi Gunter Qiyomun satın alınması sonrakı illərdə onun ifşa edilməsi ilə siyasi böhrana və hakimiyyət dəyşikliyinə səbəb olmuşdu. Qərbdəki əsas hadisələri qara kölgə kimi izləyən casuslar Bundestaqdan NATO-nun ofisinə qədər geniş bir meydanda məlumat toplamaqla və təfriqəçilik fəaliyyəti ilə SSRİ-nin “soyuq müharibə”dəki mövqe savaşına əvəzsiz töhfələr verirdilər.

1989-cu ildən sonra Volf və onun heyətinin qara günləri başlandı. Almaniya dövləti uzun müddət onları təqibə və təzyiqlərə məruz qoydu, cəzalandırdı və əməllərini deşifrə edərək ictimaiyyətə açıqladı. Müstəqillik dövrünün asas “nifaq alması” demək olar, bu məsələ idi. Xalq elə hesab edirdi ki, almanların milli düşmənləri olan keçmiş kəşfiyyatçılar ömürlük azadlıqdan məhrum edilməklə Vətənə xəyanətləinin əvəzini ödəməlidirlər. Lakin hökumət qurumları bu yolla gedə bilmədi və nəinki Markusu, eləcə də əksər kəşfiyyatçını məsiliyyətdən azad etdi.Görünür, məhz bu amil Sovetlər Birliyinin bütün mənalarda varisi olan Rusiyanın işinə yaradı.

Son günlər Ştutqartda açılan məhkəmə prosesi sübut edir ki, Markus Volfun son ana qədər adlarını açmadığı simalar sonradan yeni dövrün tələbləri əsasında işlərini davam etdiriblər.

Ər-arvad Anşlaqlar 2011-ci ildə ifşa olunublar. Onlar Almaniyaya 1988-ci ildə Avstriya pasportu ilə daxil olaraq adi vətəndaşlar kimi yaşamağa davam ediblər.Uydurulmuş alibi ondan ibarət olub ki, cütlük Cənubi Amerikada doğulub və mühəndis sənəti ilə gündəlik ehtiyaclarını ödəmək üçün bura pənah gətirib. Belə örtüklə peşəkarlıqla özlərini dövlət və ictimai nəzarətdən gizlədə bildikləri üçün düz 20 il fasiləsiz olaraq Rusiyanın lehinə casusluq ediblər. Hətta yalançı əfsanə o qədər təsirli və inandırıcı olub ki, qız övladları belə valideynlərinin həqiqətdə nə işlə məşğul olduqlarını bilməyib.

İllik 100 min avro məbləğində xidmət haqqı alan Anlşlaqlar Avropa Birliyinin, NATO-nun və BMT-nin məxfi materiallarını “verbovka” etdikləri holland diplomat hesabına ələ keçirərək sistemləşdirib Kremlə ötürüblər. Burada nəinki sözügedən qurumların strateji planları, o cümlədən, hava hücumundan müdafiəyə və yeni hərbi əməliyyat layihələrinə qədər Rusiya üçün əvəzsiz materiallar yer alıb. Şübhə yoxdur ki, geopolitik rəqabət meydanında bunlar həlledici önəm daşıyıb və Qərblə siyası döyüş aparan şimal qonşumuza əlverişli üstünlüklər verib.

Hadisəni gündəmdə saxlayan beynəlxalq dairələri bir sual dərindən narahat edir - keşmiş sovet kəşfiyyatçıları daha hansı ölkələrin dövlət idarələrinə çıxışı təmin edə biliblər? Ətrafında böyük mistik güc və vahimə yaradan “KQB” yetirmələri müasir dövrdə daha çevik və operativ qərarlar qəbul edərək amansız kəşfiyyat döyüşündə qalib gəlməyi bacarırlar. Bəli, bu böyük tarixi olan məktəblərin mövcudluq uğrunda ölümcül savaşıdır.

Unutmayın ki, 1988-ci ildə gənc Vladimir Putin Drezdendə sovet Dövlət Təhlükəsizlik Komitəsini təmsl edirdi. İndi bildinizmi Rusiyanın rəhbərliyi nədən bütövlükdə sistem adamlarından ibarətdir? Onlar “hörümçək toru”nu heç dağıtmadılar. Nə olsun ki, totalitar quruluş iflasa uğradı, imperiya ambisiyaları ki, ölmədi?

Putini siyasi olimpə çıxararkən Yeltsin həyatının ən ayıq vaxtında olub. Onun gücü təkcə nüvə silahında və neft ehtiyatlarında deyil, həm də informasiyalardadır. Bağlı qapılar arxasında istehsal olunan sirlərdə.

Kəşfiyyatın qiyməti böyükdür. Ödənən yüz min avrolarda yox, QİYMƏTSİZ HAKİMİYYƏTLƏRDƏ!

Yazı millət vəkili Zahid Orucun "facebook" səhifəsindən götürülüb.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə