Stalin ölməyibmiş …haradasa gizlənibmiş (MİSTİKA)

Yazıçı Edvard Radzinski bu fikirdədir

Məşhur rusiyalı yazıçı, dramaturq, ssenarist və televiziya aparıcısı Edvard Radzinski «Kobanın apokalipsisi: İosif Stalin» adlı romanının sonuncu tomunu təqdim edib. Generalissimusun ölümünün 60 illiyi ilə bağlı yazılmış tərcümeyi-halın ərsəyə gəlməsi üçün on illər lazım olub. Bəli, Stalin haqqında yazılanlar Rusiyanın və ölkənin vətəndaşlarının böyük marağındadır. Eyni fikri Radzinskinin əməyinin nəticəsi barədə də söyləmək mümkündür. Yazıçının qələmə aldığı ilk baxışdan mistika təsiri bağışlasa da, bu cəhət müxtəlif hadisə və proseslərlə əlaqədar bəlli izah tərzinə əsaslanır.

Qeyd edək ki, təxminən altı il öncə E.Radzinski özünün «Üç çar» adlı sonuncu trilogiyasının üçüncü romanını təqdim etmişdi və bildirmişdi ki, çar II Aleksandrın hakimiyyət illərinin tarixi trilogiyanın təkcə sonuncu hissəsi deyil, eyni zamanda özünün tarixi yaradıcılığının yekunudur. Amma dramaturgiyaya qayıtmaq niyyətini açıqlamış Radzinski sonradan Stalin haqqında yazmağa qərar vermişdi.

Yazıçının bildirdiyinə görə, dahi rəhbər barədə romanını on ilə başa çatdırıb və mərhələlərlə əsərə bəzi dəyişikliklər edib. «Stalinin ölümündən altmış il ötür. O, digər dirilərdən diri olmasa da, Rusiyanın müasir dövr siyasi xadimlərinin əksəriyyətindən diridir. Gənclər üçün o mifdir. Onun haqqında Karamzinin vaxtilə İvan Qroznı haqqında yazdıqlarını ifadə etmək mümkündür. Bu baxımdan Koba bir növ, pafosdur. Başqaları üçünsə bu adam qorxulu bir varlıqdır», - Radzinski belə deyir.

Yeri gəlmişkən, onu da deyək ki, Radzinskinin yaradıcılığında Stalin haqqında kitab olub və həmin nəşr dünyanın bir çox dillərinə də tərcümə edilib. Amma görünür, Kobanın xarizması müəllifə daha çox təsir göstərdiyindən yenidən diktatora üz tutub. Bu dəfə yazıçı mövzuya tarixi-bədii məhsul kimi qayıdıb.

Radzinskinin üçüncü tomu müəmmalılığı ilə xarakterikdir. Əsər diktatorun ən sirli hakimiyyət dövrü ilə bağlıdır. Müəmma heç də Stalinin hansı şəraitdə ölməsilə bağlı deyil. Bu ikinci dərəcəli məsələdir. Başlıca məqam ondadır ki, o kim idi və nə üçün SSRİ-də terrorlar və repressiyalar baş vermişdi. Axı, iki başlıca şəxs - partiyada Kuzneçov, hökumətdə isə Voznesenski aradan götürülmüşdü. Məsələn, Kuzneçov ayağa qalxa bilməmişdi. Onun onurğa sürümüyünü zədələmişdilər… Stalin bunu nəyə görə etmişdi? Nəyə görə Molotov, Mikoyan, Kaqanoviç və digər yaxın ətraf pərən-pərən salınmışdı? Bütün bunlara əsərdə geniş yer verilir. Stalinə məxsus ölkənin tədricən dəyişməkdə olduğu böyük ustalıqla göstərilir.

Stalinin pərəstişkarlarının yuxarıda göstərilən suallara öz cavabları var. Rəhbər qocalmışdı və ardıcılları, ona nifrət bəsləyənlər bu vəziyyətdən istifadə etməyə çalışırdılar. Mahiyyət isə nağıllarda olduğu kimi, qoca kralın özünün deyil, yaxın ətrafının idarəçiliyi əlinə keçirməsi üzərində cəmləşir. Onu sevməyənləri vəziyyəti də məlumdur. Belələrinin fikrincə, Stalin paranoik idi və ömrünün sonunda ümumiyyətlə dəliyə çevrilmişdi. Buna görə də müharibədən yeni-yeni çıxmış ölkənin üstünə cummağa başlamışdı. Nəticədə sovet düşərgələrində saxlanılmış alman əsirləri sanki nüfuz sahiblərinə çevrilmişdilər. Radzinskinin yazdığına görə, Stalin qarşıdakı fəaliyyətini məhz onların üzərində cəmləşdirməyi də düşünürmüş ki, belə bir fikir ancaq dəli adamın ağlına gələ bilərdi.

Stalin dövrünün sənədlərini təhlil edən Radzinski sovet lideri Nikita Xruşşovun kələkbazlığına diqqət yetirir. Xruşşov isə xatirələrində yazırdı ki, Stalin Kommunist Partiyasının sonuncu qurultayında cəmi 5-7 dəqiqə çıxış etmişdi. Bu isə rəhbərin fiziki cəhətdən sağlam olmamasından irəli gəlirdi. Ancaq Radzinskinin bildirdiyinə görə, qurultaydan dərhal sonra Mərkəzi Komitənin plenumu baş tutmuşdu. Orada rəhbər orqanların tərkibini seçirdilər.Yazıçı Semyonov plenumun iki saat keçdiyini deyir və vurğulayır ki, bu müddətin saat yarımını Xruşşovun fiziki baxımdan sağlam qiymətləndirmədiyi Stalin danışmışdı. Özü də hər hansı yazılı mətndən istifadə etmədən. Doğrudur, həmin çıxışda Kobanın bir qayda olaraq ifadə etdiyi yumor tərzindən də əsər-əlamət olmamışdı.

Apardığı tədqiqatlar sonrakı Radzinskinin gəldiyi qənaət bundan ibarət olmuşdu ki, Xruşşovun ən təhlükəli hərəkətlərindən biri də Stalinin kitabxanasını bir növ, yenidən formalaşdırmaq idi. «İosif Vissarionoviç Çerçildən fərqli olaraq öz xatirələrini yazmamışdı. Stalinin kitabxanasında onun əmri ilə öldürülmüş şəxslərin - Kamenyevin, Zinovyevin, Buxarinin, Trotskinin və başqalarının kitabları var idi. Diktator yenə də ölülərlə mübahisələrini davam etdirir və narazılığını kitabların ayrı-ayrı səhifələrində qısa məzmunlu əks fikirlərini qeyd etməklə göstərirdi».

Radzinski Stalinin qeyri-adi və yüksək iş qabiliyyətinə malik adam olduğunu vurğulayır. Onun sözlərinə görə, kitabxanasındakı qeydlərində ölkədə baş verən elə bir hadisə yoxdur ki, həmin olay barədə hər hansı işarələməyə rast gəlinməsin. Hətta kiçik hadisələr belə rəhbərin diqqətindən yayınmırdı. Bu müddətdə ölkədəki ən yüksək rütbəli məmurlar da qorxu içərisində yaşayırdılar. Sabah nə baş verəcəyini ağıllarına gətirməyərək diktatorla yaşadıqları hər günü özləri üçün qənimət sayırdılar. Axı, belə günlərdən daha olmaya bilərdi. Bu, dövrün mahiyyətiydi və həmin mahiyyəti ayrı-ayrı sənət əsərlərində də ara-sıra işıqlanıb. Təbii ki, əsərlər gizli saxlanılıb. Bu mənada şair Boris Sluçskinin şeri maraq doğurur. Radzinski romanına həmin şeri də daxil edib.

Radzinski bildirir ki, Stalin humanist deyildi, çünki insanşünas idi. Yüksək peşəkarlıqla insan təbiətindən baş çıxarmağı bacarırdı. Onda ətrafdakıların ona münasibətindəki baxışlarını da dərindən anlamaq xüsusiyyəti vardı. Bütün bunları yada salan və Stalinin fiziki durumu arasında paralellər aparan Radzinski belə qənaətə gəlir ki, Stalin tarixi ədəbiyyatlarda göstərildiyi vaxt, yəni 1953-cü il martın 5-də dünyasını dəyişməmişdi. Yalnız müəyyən müddətə harasa yoxa çıxmışdı. Təbii ki, mövcud dəyərləndirmədə tarixi faktlarla yanaşı, müəyyən mistik elementlər də var. Çünki yazıçı belə fikirlər səsləndirərkən Stalinin bağ evindəki çəkilişlər zamanı bəzi anlaşılmaz hadisələrin baş verməsinə söykənir. Radzinski bildirir ki, çəkilişlərə başlanılan vaxt texnika işləmədi. Ardınca telekanaldan gətirilmiş yeni texnika da sıradan çıxdı. Yazıçının özü isə təbiətcə ünsiyyətcil olsa da, həmin vaxt danışa bilmirmiş…. Radzinski əmindir ki, Stalin daha sonra, özü də zorakılıqla öldürülüb.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə