«Baqaj» düşüncələri(m)

Əvəz RÜSTƏMOV

Ötən həftə cəmiyyətimizdə bir canlanma vardı. Yox, yazıçı Əkrəm Əylislinin «daşa döndərilməsi» kampaniyasından danışmıram. Kosmosa yol tapan süni peykimizi yada salacam, amma onun göylərin bağrını dəlib fəzada özünə əbədi (15 illik) ümman tapmasından söz açmayacam. Söhbətim ulduz barəsindədir və zənnimcə, məsələ daha qlobaldır. Bu qloballıq vaxtilə qarmonçalan olmuş, indisə müğənnilik edən Cavanşir Məmmədovun köhnə «çayka»ları xatırladan yeni, antik avtomobili ilə bağlıdır. İndi yəqin deyəcəksiniz ki, sənin Cavanşirin maşınıyla nə işin var?

Amma cənab Məmmədov maşınının «baqaj»ını açanda orada mənlik və bir toplum olaraq bizlik olan bir çox şeyləri gördüm. Sizləri demirəm, özümə lap dəqiq nəzər saldım. Yük yerində maşının texniki göstəricilərinin və ən əsası 100 min manatlıq qiymətinin yazıldığı kağız parçasının yanında əli-qolu bağlı vəziyyətdə oturmuşdum (Cavanşir Məmmədov guya təvazökarlıq edib avtomobilin qiymətini dilinə almadı. Yalnız yük yerində qiymətin göstərildiyi kağız parçasını göstərdi). Qarşımda da bir noutbuk var idi və bir təhər əlimi kəndirdən xilas edərək çalışırdım ki, Ağ Evin rəsmi saytından qeydiyyatdan keçib Xocalı soyqırımı ilə bağlı petisiyaya səs verənlərin sayının yüksəlməsinə öz töhfəmi verim. Bunu bacardım və rahatdıq tapdım. Düşündüm ki, ölkə üçün nə isə etmişəm. Amma rahatlıq hissim ötəri oldu. Axı, «baqaj»daydım. Özü də əli-qolu bağlı halda.

Yəqin SSRİ-nin nə üçün dağıldığına dair bitmək-tükənmək bilməyən mülahizələrlə tanışsınız. Bəlkə indi nəql edəcəyim mətləbdən də yaxından-uzaqdan xəbərdarsınız. Amma yenə də fikrimə aydınlıq gətirim. Deyilənə görə, keçmiş Sovetlər Birliyində cəmiyyət və rəhbərlik hara getdiyini, nəyə can atdığını anlaya bilmədi. İlk baxışdan elə təəssürat yarandı ki, bütün işlər görülüb. Axı, güclü dövlət qurulmuşdu, kosmosa yol tapılmışdı, dünya sosializmi quruculuğuna kömək göstərilirdi.

Təzada baxın, belə qlobal missiyalar yerinə yetirən ölkənin vətəndaşı pis və kasıb yaşayırdı. İlk növbədə ona görə ki, mənfəətin bölgüsü prinsipi olan əmək haqqı miqdarından asılı olmayaraq norma şəklində nəzərdə tutulurdu və yalnız vacib ehtiyacların ödənilməsinə yönəlirdi (çatırdı). Belə əmək haqqı böyük iqtisadiyyat və innovativ inkişaf üçün stimul rolunu oynaya bilməzdi. Əslində innovasiyaların çoxu ya kosmosa uçurdu, ya da insanların ayaqlarının sosializmdən kommunizmə keçid vəziyyətində aralı saxlanılmasına yönələn nağılların yazılmasına xərclənirdi. Tikənlərə, qurub-yaradanlara isə heç nə qalmırdı. Böyük hesabla onlar yalnız istifadə və istismar olunurdular. Əgər SSRİ-də cəmiyyət üzvlərinin qazandıqlarının hamısı onların inkişafına yönəldilsəydi, qapalı kimi təsir bağışlayan quruluş xaricdəkiləri də özünə cəlb edə bilərdi. Ancaq o, hərbi maşın formasında dünyanın kasıb ölkələrini xilas edə-edə özününküləri həyata keçməyən kommunizmi arzulamaqla üzdü. Başa düşülmədi ki, proqres heç də nə kosmosa uçmaqdır, nə də çoxlu silaha malik olmaq. İnkişaf ilk növbədə insan həyatını yaxşılaşdırmaq, onu mənalı etməkdir. Nəhayət, insanlar həyatlarını ayaqları aralı yaşamaqdan yoruldular ...və ölkə süqut etdi.

Təbii ki, indi vəziyyət qat-qat yaxşı, bəlkə daha mənalıdır. SSRİ dönəmində pambıq respublikası olan Azərbaycanın əhalisi o zamandan fərqli olaraq hazırda apteklərində pambıq tapa bilir. Cavanşir Məmmədovun avtomobili isə ümumiyyətlə kefdən xəbər verir. Zarafat deyil, onun maşınına bənzər maşınlara bir vaxtlar o boyda imperiyanın rəhbərləri qorxa-qorxa minirdilər. Cavanşir müğənni isə deyir ki, avtomobilə oturub nəvəsinin ad gününə yollanacaq. Bundan yaxşısı varmı? Camaatın mənalı həyat payına gəlincə, bu, cənab Məmmədovun ilk dəfə nümayiş etdirmədiyi maşınlarına baxmaq, onun avtomobillərin texniki göstəricilərinə dair müdrik görkəm alaraq söylədiklərinə qulaq asmaqdan və heyrətlənməkdən o yana getmir. Əcəb mənalı həyatımız var…

Vallah, Cavanşir Məmmədovla bir işim yoxdur. Maşını da mübarəkdir, özünə qismət olsun. Mənim dərdim populist səslənməsin, Qarabağ və yenə də Cavanşir dərdidir. İstəyirəm ki, Cavanşir müğənni «çayka»sına oturub təkcə nəvəsinin ad gününə deyil, Şuşa, Xankəndi və nəhayət, Xocalı toyunda oxumağa getsin. Amma mən onu da yaxşı anlayıram ki, bunun baş verməsi asan deyil. Yenə də alayarımçıq gördüyüm sovet dönəmi barədə oxuduqlarımdan danışım. Bildirildiyinə görə, heç bir məbləğli pul ictimai qüvvələrin Böyük Vətən Müharibəsindəki kimi qarşılıqlı əlaqədə olmalarını təmin etməyə çatmazdı. Heç kəs pul üçün gənc yaşında ölməyə hazır olmazdı. Amma SSRİ vətəndaşları gözlərini qırpmadan ölürdülər. Cavanşir Məmmədovun öz 100 minlik avtomobilini insanlara göstərməyə imkan tapdığı indiki məqamda məlumdur ki, gənclərimiz Qarabağ naminə deyil, məhz həmin maşın üçün hərbçi yox, müğənni olmağa gedən ruhda böyüyəcəklər. Axmaq-zad deyillər ki. Cəmiyyətin natarazlığının doğurduğu Almaz, Xuraman, Mətanət, Nadir, Tolik modellərini, onların cah-calal içərisində yaşadıqlarını bilirlər. Nəyə görə ölməlidirlər? Cavanşir Məmmədovların özlərinə daha bahalı «çayka»lar alaraq telekanallarda forslanmaları üçünmü?

Gəlin, bir az reallığa baxaq. 20 ildir, bar-bar bağırırıq, hər cür vasitələrə əl atırıq, dünya haqq səsimizi eşitmir ki, eşitmir. Eşitməyənin ən böyüyü elə həmin ABŞ-dır. Belədə ortaya sual çıxır: biz Ağ Evin saytında özümüzlə bağlı olduğu bildirilən hansısa sənədə 60, 80, 100 min səs göndərməklə nəyə nail olacağıq? Guya sabah ermənilər 100 min adam tapmayacaqlarmı ki, özlərinə vacib şeyi dəstəkləsinlər? Tapacaqlar, 100 min səs üçün telekanallarda xüsusi çarxlar hazırladığımıza baxmayın, onlar 100 mini bir andaca düz-qoş edərlər. Bizimki maşına vermək üçün 100 min manat tapmaqdır!

Bir şey də var - Ağ Ev adlanmasa da, ona bənzər evlərdən bütün ölkələrdə var. Biz nəyə görə məhz ABŞ-da prezident oturan binanın (lap o olsun ölkənin əsas idarəçilik orqanı) saytına səs göndərib özümüz baxımından sərfəli nəyəsə ümid etməliyik? Sizə elə gəlmirmi ki, bu, orta əsrlərin cənnət qəbzlərinə oxşayan mənzərədir? Həmin vaxt insanlar inanırdılar ki, atdıqları qəpiklər qutulara düşüb cingildəyəndə cənnətə düşmələri təmin olunacaq. Hazırkı dövrdə nə üçün heç ağlımızdan keçmir ki, Ağ Evin quraşdırdığı səsvermə ilə bizə Xocalılı, Ağdamlı, Şuşalı, Laçınlı, Kəlbəcərli Qarabağımızı qaytaran olmayacaq? Nəhayət, biz bu kimi səsvermələrə inanmaqla ABŞ-ın bir dövlət kimi bütün beynəlxalq konvensiyalardan, hüquqi aktlardan və dəyərlərdən üstün olduğunu isbata yetirəcək qədər aciz olmuruqmu?.. Təbii, Birləşmiş Ştatlar böyük dövlətdir, super gücdür, müəyyən mənada biz nələrisə nəzərə alır və almalıyıq da. Amma belə sadəlövhlük də lazım deyil. Heç olmasa, sabah Ağ Evdəkilərdən birinin təxminən «Xocalı üçün lazım olan 100 min səsdən ikisi çatmadı» deməsilə gülünc günə düşəcəyimizi düşünək. Bu vaxtadək Qarabağ münaqişəsinin həllinə barmaq elədikləri kimi, sabah o sayta da barmaq etməyəcəklərini haradan bilək? Bəlkə bu kimi səsvermələr Birləşmiş Ştatların hansısa kəm-kəsirini aradan qaldırmaq məqsədi daşıyır? Nə bilirik, Ağ Evdəkilərin «şəbəkə marketinqi» oyunlarından oynamadıqlarını…

Yekunda yenə də gəlirəm Cavanşir Məmmədova. Daha doğrusu, müğənninin öz həyatına xüsusi rəng qatmaq üçün aldığı 100 minlik «çayka»sına. Məqsədim həm də bir müğənniyə məxsus 100 min manatlıq antikvar avtomobillə bağlı xəbərin yayıldığı ölkənin ayda 100 manata işləyən müəlliminin olmasındakı əndərəbadiliyə təkrarən diqqət çəkməkdir. Şübhə etmirəm ki, o müəllim istər kreditlə aldığı komputerdən Ağ Evin saytına səs göndərəndə, istər kreditlə əldə etdiyi televizorda peykimizin pərvazlanması səhnəsinə baxanda, istərsə də dəstəsi bir qəpiyə dəyməyənlərin bahalı maşınlarını görəndə dərin köks ötürur.

Nə isə, söhbət Cavanşir Məmmədovun timsalında müğənni ulduzlardan, kosmosdan və sabiq SSRİ-dən düşdüsə, yazımı məktəbli həyatımın cəmi iki illik sovet dövründə əzbərlədiyim şerdən bir parçayla bitirmək istərdim:

Uçdu göylərə bizim peykimiz,

Söylədi yerə yol gedirik biz.

Bip-bip, bip-bip, göylər min rəngdir,

Burda ulduzlar gör, nə qəşənqdir.

P.S. SSRİ dağıldıqdan sonra bu şer məktəb dərsliklərindən çıxarıldı. Peyki olmayan ölkə peyk barədə şeri neynirdi ki? İndi maşallah peykimiz də var, ulduzlarımız da.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə