Xankəndinin on addımlığında (XATİRƏ)

Əvəz RÜSTƏMOV

Uşaqlığımın o dövrünü xatırlamaqdan zövq alıram. 1992-ci ilin yayı idi. O zaman on yaşındaydım. Azərbaycanın hələ tam yaranmamış milli ordusu və könüllü özünü müdafiə taborları bir gecənin içərisində rayonumuzun yuxarı kəndlərini düşməndən azad etmişdilər. Həmin vaxt qısa müddət ərzində nəinki indi də torpağı toxunulmaz qalan bölgənin ərazi bütövlüyü bərpa olundu, hətta gün gəldi Şəmistan Əlizamanlının təqdimatında «Ağdərənin açarı etibarlı əllərdədir» sözləri ilə başlayan alovlu xəbəri eşitdik. Yaxşı yadımdadır, cəbhədə döyüşən bibim oğlu qısa müddətli istirahətə gələrkən dedi ki, Xankəndini almağımıza cəmi 10 kilometr qalıb. Həmin dönəm oyuncağı «farsunka» olan (əldəqayırma silah idi. Zarafat gəlməsin, həqiqi güllə atırdı) uşaqlar üçün bundan yaxşı xəbər ola bilməzdi. Mən hər gün düşünürdüm ki, ya bibim oğlum, ya da xalam oğlumdan hansısa biri gələcək və deyəcək ki, Xankəndini aldıq.

O zamanlar balaca uşaqlar da savaş fikri ilə oturub-dururdular. Hələ mən onların müharibə düşüncəsi baxımından ən zəifi idim. Çünki yay tətili müddətində - cəmi üç aylığa kəndimizdə olurdum. Ancaq məni sonra Xankəndinə qalan on kilometrlik məsafənin uzanması daha çox üzmüşdü. Ardınca Ağdərə getdi, xatırlayıram ki, düşməndən alınması böyük şəstlə təqdim edilən Sərsəng su anbarı da itirildi. Əfqanıstan müharibəsində iştirakdan sonra Vətən torpaqları uğrunda savaşa atılan bibim oğlu isə bütün bunlara görə küsdü və Rusiyaya dolanışıq dalınca yollandı. Beləcə digər həmyaşıdlarım kimi, mənim də Xankəndinin alınması ilə bağlı təsəvvürlərim puça çıxdı. Hamımız ümidsizliyə qapandıq, «farsunka»larımaızı yerə qoyub velosipedlərimizi sürməyə girişdik ki, qaçmaq növbəsi bizə çatanda yaxşı aradan çıxa bilək. 

Dünən Tofiq Bəhramov adına respublika stadionunun aşağı qapısının yanında «Xankəndi»ni gördüm. Ona nəzər salmaq üçün bir qədər yaxınlaşdım. İlk baxışdan balaca, xudmani bir məkan idi. Ola bilər, içərisindəki ərazi genişdir… Qapıda dayanmış mühafizəçi yaşlı kişi telefonla şəkil çəkmək istədiyimi görüb əngəl olmağa çalışdı. Əlbəttə, ona məhəl qoya bilməzdim. Ən azından ona görə ki, hazırda yazacaqlarımın «Xankəndi» restoranının sahibinə qərəz üzərində köklənməyəcəyini bilirdim.

«Xankəndi»nin olduğu yerdən aşağıda, yəni indiki Təbriz, köhnə Çapayev küçəsində «Şuşa» restoranının olduğu yəqin çoxunuza məlumdur. Haradasa Laçın, Ağdam adında kafeyə, «Zəngəzur» şadlıq sarayına da rast gəlmişdim. Amma «Xankəndi»ni görməmişdim. İndi onun cəmi on metrliyində dayanmışdım. Bəli, bir vaxtlar işğaldan azad edilməsinə on kilometrin qaldığı bildirilən Xankəndinin adını daşıyan restoranın onca addımlığındaydım. Özümü çox pis hiss etdim. Bir anlıq dayanıb «Restoran Xankəndi» yazılmış lövhəyə axmaq-axmaq baxdım. Hətta məktəbli yaşlı övladım məndən nə üçün dayanıb durduğumuzu soruşdu…

Dəfələrlə «Şuşa» restoranının yanından keçmişəm, amma heç vaxt yurdu zəbt edilmiş insanın öz torpağının adını restoran tipli yerlərdə yaşatdığının rəzilliyinin fərqinə varmamışam. Sözüm əsla o restoranların sahiblərinə deyil. Keflərini çəksinlər, pullarını qazansınlar. Mən öz keçmişimin Xankəndinin işğaldan azad edilməsinə on kilometrin qaldığını eşidib sevinən günlərinə sızladım. Vətənimizin əhəmiyyətli hissəsi düşmən tapdağı altında olmasına baxmayaraq, müharibə düşüncəsinin «Xankəndi»lərdə, «Şuşa»larda, «Laçın»larda can verməsinin acısını yaşadım. Azərbaycanın tanınmış ziyalısının, yazıçısının bütün bunları özünün bədii yaradıcılıq məhsuluna çevirməli olduğu halda, hansısa «beynəlmiləlçilik» notları üzərində bu millətin varlığını, mahiyyətini obrazlı desəm, daşa döndərməsindən dərin təəssüf hissi keçirdim. …və anladım ki, mövcud durumda «Xankəndi»nə on metrdən artıq yaxınlaşmaq olmaz!

«Xankəndi»nin on addımlığından evə qayıtdıqdan sonra yaşadığım binanın həyətində aşağıdakı görüntü diqqətimi çəkdi. Şəkildən aydındır ki, binanın eyvanına əlavələr edilərək evin ümumi sahəsi genişləndirilib. Diqqətlə fikir versəniz, onu da görərsiniz ki, mənzilin sahibi özününküləşdirdiyi ərazini əlavə olaraq on-on beş santimetr də artırıb. Ən əsası isə onu «setka» hasara alıb. Görünür, «Xankəndi»dən sonra bu səhnəylə üzləşmək qismətmiş. Qəribədir, indiyədək nə qədər yanından keçsəm də, həmin hasara fikir verməmişdim. Təbii ki, hasar çəkdirən şəxsin də kimliyinin fərqinə varmamışdım. Müəyyənləşdirdim ki, «keçilməz» sədd hazırda qaçqın həyatı yaşayan həmvətənimizindir.

Belə yerdə Azərbaycan insanını anlamaq bir xeyli çətinləşir. Adamın ağlına yüz fikir gəlir. Konkret heç kəsi nəzərdə tutmadan, məsələyə toplumsal yanaşaraq sual verirsən: on santimetrlik yerə hasar çəkib özününküləşdirməklə ərazi hərisliyini ortaya qoyan bəşər övladı necə oldu ki, torpağının 20 faizini əldən verdi?

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə