Qrafinya Batori və qara bayraqlı gəmilər (QƏDDARLIQ)

Adil Mirseyid

Qara bayraq altında üzən gəmilər haqqında oxuduğumuz kitablarda dəniz quldurlarının sərxoş nəğmələri üçün darıxmışam. Bəlkə də məsələ heç də dəniz quldurlarının nəğmələri ilə ilgili deyil, bəlkə pirat avantüralarına səmimi qəlbdən inanan məsum bir uşaq uşaqlıq adlı məmləkətdən mənə əl eləyir.

Gəmidə qadın olması uğursuzluq əlamətidir - dənizçilər arasında belə bir məsəl var. Qadın gəmidə bədbəxtlik gətirir. Bəs qadın korsanlar olubmu, biz onlar haqqında nə bilirik?

Ən məşhur qadın korsanlardan biri Janna de Belvil təxminən altı yüz il əvvəl Fransanın Bretan əyalətində doğulub. Fransız kralı VI Filipp bu qadının ərini edam etmişdi. İntiqam hissi ilə alışıb-yanan Janna de Belvil iki oğlunu da özü ilə götürüb İngiltərəyə qaçdı. İngiltərədə madam de Belvil hansı vasitələrləsə kralın qəbuluna düşə bildi. İngiltərə ilə Fransa müharibə şəraitindəydi (Yüz ililk müharibə, 1337-1453-cü illər), Janna de Belvil Fransa ilə savaşmaq üçün kraldan üç gəmi aldı, gəmilərdən birinə şəxsən özü komandanlıq edirdi, qalan iki gəmi onun oğullarının ixtiyarına verildi. Kiçik eskadra "La Manşda intiqam flotu" adlandırıldı və bu üç gəmidən ibarət eskadra fransızlar üçün əsl baş bəlası oldu. Fransız ticarət gəmilərini talayan eskadra bəzən hərbi gəmilərə belə hücum etməkdən çəkinmirdi. Janna ələ keçirdiyi gəmilərin ekipajlarını əsir götürmürdü, onlara ölüm hökmü verirdi.

VI Filipp ifritə qadının dirisini və ya ölüsünü tələb edirdi. Bir dəfə fransızlar Jannanın pirat gəmilərini mühasirəyə aldılar. Qüvvələrin qeyri-bərabər olduğunu görən pirat qadın hiyləyə əl atdı, iki oğlu və on-on beş matros ilə döyüş səhnəsindən qaçdı. Amma bu xəyanət ona ucuz başa gəlmədi, qaçaq piratlar on gün açıq dənizdə taleyin ixtiyarında həyatla ölüm arasında ac-susuz qaldılar. Bir neçə pirat, o cümlədən Jannanın kiçik oğlu susuzluqdan öldülər.

Axır ki, tale onları Fransa sahillərinə gətirib çıxartdı, Janna de Belvilin edam olunmuş ərinin dostları sağ qalmış piratlara sığınacaq verdilər.

İlk pirat qadın Janna de Belvil qanlı qılıncını yerə qoydu, bir daha dənizə çıxmadı...

Janna de Belvilin son uğursuz döyüşündən on il keçəndən sonra La Manş boğazında yeni bir pirat qadın peyda oldu - bu qadın ledi Kaliqru idi. Pirat qadın liman şəhəri Flament qubernatorunun arvadı idi, heç kimin ağlına gələ bilməzdi ki, qubernator arvadı eyni zamanda dəniz quldurudu. Axı kim qubernator arvadından şübhələnə bilərdi? Uzun müddət ledi Kaliqrunu ələ keçirmək mümkün olmadı, onlar hücum etdikləri ticarət gəmilərini soyur, adamları isə öldürürdülər, deməli, qanlı cinayətlərin şahidi yox idi.

Bir gün La Manş boğazında ispan gəmisi göründü, dəniz quldurları ağır yüklü gəmiyə basqın elədilər. Yaralı gəmi kapitanı bir möcüzə sayəsində sağ qaldı. Dəniz quldurları növbəti qələbələrini bayram elədikləri zaman sahilə çıxa bilmişdi. Kapitan qubernatorla görüşdü, onun gəmisinə basqın eləyən dəniz quldurlarına gənc, gözəl bir qadının başçılıq etdiyini bildirdi. Qubernator ispan gəmisinin kapitanını öz xanımı ilə tanış edir - bu səhnəni gözləriniz önünə gətirin. Əlbəttə, qubernator Kaliqru arvadının macəralarından xəbərsiz idi, kapitan pirat qadını görən kimi tanıdı, amma özünü o yerə qoymadı, heyrətini içində gizlətdi...

Kapitan birbaşa Londona yollandı, burda o, lazımlı adamlarla görüşdü, tezliklə istintaq başlandı. İstintaq zamanı məlum oldu ki, ledi Kaliqrunun damarlarından əsl pirat qanı axır - bu gözəl qadın məşhur dəniz qulduru Filipp Volverstenin qızıdır...

Flament şəhərinin qubernatoru dəniz quldurunu himayə etməkdə təqsirləndirildi və edam olundu. Məhkəmə Ledi Kaliqruya ömürlük həbs cəzası kəsdi...

***

Qrafinya Erjebet Batori gəncliyində gözəllər gözəli olub, amma bu fani dünyada hər şey keçəridi, gəldi-gedərdi. İllər ötüb keçdikcə, yaş üstünə yaş gəldikcə gözəlliyi onu tərk etməyə başlayanda təkəbbürlü xanım hər vasitə ilə solmaqda olan təravətini qoruyub saxlamağa çalışırdı.

Zaman isə öz işini görürdü, o, amansız və zalımdı... Hamı zamanın ələyindən keçməli olur - zaman şaha, gədaya baxmaz. O ki qaldı qrafinya ola...

***

Qrafinya Batorinin məhkəmə prosesində şahid qismində ifadə vermiş komerdiner Benedikt Deseonun sözləri adamın qanını dondurur, ağlını dumanlandırır... Qrafinya qulluqçu qızı soyunmağa məcbur etdi, əvvəlcə zavallı qızın barmaqlarını, sonra əlini kəsdi...

***

Həyatı dəhşət filmlərindən daha qorxunc qrafinya Erjebet Batori - bu acımasız qaniçən gözəl və əsilzadə qadın 1560-cı ildə Macarıstanda doğulub. Qrafinyanın əmisi Stefan Batori Polşa kralı, qardaşı Qabor Batori Transilvaniyanın, indiki mərkəzi Rumıniyanın hökmdarı olublar.

Bu yerdə kiçik bir haşiyəyə ehtiyac duyuram. Qraf Drakula kimi tanıdığımız Vlad Çereşin Erjebet Batoridən otuz il əvvəl Transilvaniyada doğulduğunu sayın. Oxucularımıza bir daha xatırlatmaqda fayda var. On beş yaşında ikən Erjebeti qraf Ferenç Nadajdiyə ərə verdilər. Qraf siyasi məqsədlər amacıyla arvadının soyadını götürüb Ferenç Batori oldu. Ferenç Nadajdi-Batori.

Hər şey bir talesiz gündən başladı, qulluqçu qızlardan biri qrafinyanın saçlarını darayırdı, ehtiyatsız qızın sərt bir hərəkəti xanımın canını ağrıtdı, qrafinya var gücü ilə qızı vurdu, qızın burnundan qan açıldı. Qulluqçu qızın isti qanı qrafinyanın üzünə sıçradı, elə həmən anda güzgüdəki əksini görən qrafinya Erjebetə elə gəlir ki, üzünün qan damlaları sıçrayan hissəsindəki qırışlar hamarlanmağa başlayır. Güzgüdə görünən əksinə baxa-baxa qədim Transilvaniya əfsanəsini xatırlayır - əfsanəyə görə, insanın fiziki və ruhi keyfiyyətləri onun qanındadır. Bu keyfiyyətlər onun qanı ilə birlikdə başqa birisinə ötürülə bilir. Deməli, hər dərdin dərmanı insan qanıdır - qrafinya Erjebet belə qərara gəlir...

***

Kiməsə elə gələ bilər ki, qrafinya Erjebet Transilvaniya əhalisinin uydurduğu qorxunc bir əfsanədir. Amma yox, qrafinyanın otuz beş il ərzində yazdığı gündəlik onun qanlı ehtiraslarını bütün çılpaqlığı ilə göz önündə canlandırır.

***

Qraf Ferenç Batori amansız bir sərkərdəydi, bədbəxt əsrlərə işgəncə vermək onun sevimli məşğuliyyətlərindən biriydi. O, cəsədlərlə rəqs edərdi, düşmənlərin kəsilmiş başlarını top kimi havaya atıb tutardı. Və əlbəttə ki, Erjebet ərinin "əyləncələrindən" xəbərdar olmalıydı. Erjebet zaman-zaman Çezje qəsrində qanlı orgiyalar qurardı, ətraf kəndlərdən bakirə qızları qaçırtdırıb qəsrin qaranlıq zirzəmisində onlara olmazın işgəncələr verərdi. Qəsrin gizli kameraları hər cür işgəncə alətləriylə "bəzədilmişdi, Çezje qəsrindən savayı, Vaq çayının sahilində yerləşən Beçkov malikanəsinin də zirzəmilərində işgəncə kameraları vardı. Batorilərin Kaxtiçedəki ailə malikanələrini işgəncə və ölüm teatrı adlandıra bilərik. Qrafinyanın qulluqçuları İlona, Doroti, Szentes, Torko və qozbel Yohannes bu teatrın aktyorlarıydılar. Qrafinya çılpaq qızları şallaqla ölənə qədər döyürdü, onları ac-susuz saxlayırdı, ağlagəlməz sadistliklə yavaş-yavaş tədricən öldürürdü. Gənc qızların bədəninə bal yaxıb ağaca bağlayırdılar, qışda çılpaq qızları donub buz heykələ dönənə qədər şaxtalı havada saxlayırdılar - bunlar Erjebet üçün adi, sıradan işgəncələr sayılırdı. Qrafinyanın ən sevimli əyləncəsi bakirə qızların qanıyla doldurulmuş xüsusi vannada uzanıb xəyallara dalmaqdı - əlbəttə, bu xəyallar qorxunc, dəhşətli xəyallar olmalıydı...

Qrafinya Batori heç də ruhi xəstə deyildi, onun cinayətləri impulsiv sadizm ola bilərdi, impulsiv sadizm vəziyətində törədlmiş cinayət zamanı insan anlaqsız sayıla bilməz, daxili impuls insanı cinayətə təhrik edir, amma cnayətkar dəli sayılmaz.

Artıq Transilvaniyada qrafinya Batorinin bəd əməlləri haqqında xoşagəlməz söz-söhbətlər onun ərinin də qulağına çatmışdı. O, arvadına göz qoymağa başladı, amma qəfildən müəmmalı şəkildə vəfat etdi.

Lüteran rahib Andraş Bertoni Erjebetin tapşırığı ilə qrafinyanın növbəti qurbanını gizli surətdə dəfn eləyəndə dəhşətli səhnələrin şahidi oldu. Keşiş az qala qrafinyanı ifşa edəcəkdi, amma qrafinyanın sadiq nökərləri keşişi öldürdülər...

***

1610-cu ildə Müqəddəs Ata Yanoş Ponikenuş gizlicə Çezje qəsrinin müsafiri oldu. Müqəddəs Ata qəsrin zirzəmisində işgəncə alətləri və üz-gözləri tanınmaz hala salınmış bir neçə cəsəd gördü. Cəsədlərdən biri hələ soyumamışdı. Yanoş Ata Macarıstan kralı Matvey Qabsburqla görüşəndən sonra Erjebet Batori uzun illər boyu vicdanı ağrımadan törətdiyi vəhşi cinayətlərinə görə cavab verməli oldu. Siyasi motivlərə görə Erjebet qapalı məhkəmədə iştirak etmədi. Onu törətdiyi cinayətlərin lal şahidi olmuş Çezje qəsrinin divarları arasında saxlayırdılar, onun saxlandığı məkan daşla hörülmüşdü, qrafinyaya yemək vermək üçün kiçik bir yer saxlamışdılar. O, burda daha üç il yaşadı. Əlli yeddi yaşında ölüm onu Çezje qəsrindən alıb apardı - cəhənnəmin qapısında şeytanın nökərləri onu gözləyirdilər...

***

İrlandiyalı qız Anna Kork şəhərində vəkil ailəsində doğulub. Vəkil Uilyam Kormak qızına ciddi tərbiyə verməyə çalışırdı, amma Anna hər cürə avantüraya açıq idi, on səkkiz yaşı tamam olar-olmaz Anna matros Ceyms Bonni ilə gizli nikaha girdi. Bu nikahı qəbul etməyən vəkil Kormak qızını evdən qovdu. Gənclər Bohem adalarına piratların paytaxtı sayılan Nyu-Providens şəhərinə yola düşdülər. Nyu-Providensdə Anna dəniz qulduru Cek ilə tanış oldu və Ceyms Bonnini bilmərrə unutdu.

Anna kişi paltarı geyib Providens limanında gəmilərdə iş axtarmağa başladı, əslində o, münasib gəmi ovuna çıxmışdı. Anna gözü tutduğu bir gəmidə işə düzəldi və bir gün quldurlar gəmiyə hücum edib gəmini ələ keçirdilər, yelkənləri açıb açıq dənizə çıxdılar. Qara bayraq altında üzən pirat gəmisinə "Drakon" adı verdilər. Gəmidə Anna Bonnini Andreas kimi tanıyırdılar, yalnız Cek Andreasın əslində kim olduğunu bilirdi. Beləcə bir neçə ay ötüb keçdi, gəmidə yeni matros Mak Rid peyda oldu.

Andreasla Mak dostlaşdılar. Amma tezliklə onun qısqanclığından əsər-əlamət qalmadı, sən demə matros Mak Rid qadın imiş.

Meri Rid Londonda doğulmuşdu, on beş yaşında oğlan paltarı geyinib hərbi gəmidə yunqa kimi dənizə çıxmışdı. Amma tezliklə dəniz həyatı onu bezdirmişdi, Meri fransız zabitinə ərə getdi, onun ailə səadətinin ömrü az sürdü. Döyüşlərdən biridə fransız zabiti həlak oldu, ərinin ölümündən sonra Meri yenidən dənizə döndü...

Deyirlər ki, bütün sirlər gec-tez faş olur. Anna və Merinin də sirri açıldı, gəmidə hamı onların qadın olduğunu gördü, fəqət onlar "Drakon"u tərk etmədilər, gəmidə qalıb dəniz quldurları ilə çiyin-çiyinə döyüşdülər.

1720-ci ildə ingilis freqatı "Drakon" gəmisinə hücum elədi. Piratların böyük əksəriyyəti kralın mərhəmətinə sığınaraq silahlarını yerə qoydular. Anna və Meri cəsarətlə savaşdılar, onlar üç əsgəri öldürdülər, yeddi əsgəri isə yaraladılar.

Bütün gəmi heyətini dar ağacından asdılar. Anna və Meri hamilə idilər. Onları zindana saldılar. Anna həbsxanada doğdu, amma onun sonrakı həyatı haqqında heç kim heç nə bilmir. Bəlkə Anna Bonni həbsxanadan qaça bilib, bəlkə də övladı dünyaya gələndən sonra haqqında çıxarılan ölüm hökmü yerinə yetirilib...

Meri Ridin də sonrakı taleyi qeyblərə qarışıb...

Yaddaşımın mavi sularında yelkənli bir gəmi üzür. Gəminin bayrağında Şən Rocer (dəniz quldurlarının rəmzi) dişlərini ağardıb gülümsəyir. Şən Rocerin təbəssümünə aldanmayın...

"Ekspress" qəzeti, 23 fevral 2013-cü il.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə