«Parisdə «Stalinqrad» metro stansiyası varsa, nəyə görə…»

Parisin
Parisin "Stalinqrad" metro stansiyasının təsviri
Koba haqqında fikirlər bitmək bilmir

Ölümündən altmış ilin keçməsinə baxmayaraq, SSRİ-nin varisi sayılan Rusiyada hələ də müəyyənləşdirə bilməyiblər ki, Stalin kütləvi qətlləri həyata keçirən canidir, yoxsa milli qəhrəman. Bu günün Rusiyasında kommunistlər Volqaqradın yenidən Stalinqrad adlandırılması üçün on minlərlə imza toplamağı bacarıblar. Onlar bildirirlər ki, əgər Parisdə «Stalinqrad» metro stansiyası varsa, o zaman nəyə görə Rusiyada dahi rəhbərin adına heç bir yer olmasın.

Məlum olduğu kimi, Rusiyanın məşhur Karnegi Fondu Stalinin ölümünün 60 illiyi ilə bağlı sorğu keçirib. Sorğu zamanı müəyyənləşdirilib ki, Stalin hələ də tarixi şəxsiyyət kimi qəbul edilir. Yeri gəlmişkən, 1989-cu ildə bu qənaəti SSRİ-nin Rusiya hissəsində yaşayan əhalisinin 12 faizi bölüşürdüsə, bu gün mövcud faiz göstəricisi 50-dir. Maraqlı məqamlardan biri də budur ki, eyni zamanda rəyi soruşulanların 68 faizi Stalinin qəddar tiran kimi qələmə verilməsi, onun çoxsaylı günahsız insanın qətlində günakar olması fikri ilə də razıdır.

Siyasi müşahidəçilərin fikrincə, belə demək mümkünsə, destalinizasiya prosesi onun ölümündən sonra hakimiyyətə gələnlər tərəfindən həyata keçirilmədi. Ümumən SSRİ-də mülayimləşmə kursu götürülsə də, nə Xruşşov, nə də digərləri buna cəhd göstərdilər. Mixail Qorbaçov hakimiyyət kürsüsünə gələndə və ölkədə yenidənqurma xətti götürüləndə də məsələ ilə bağlı xüsusi cəhd göstərilmədi. Digər tərəfdən, bunun üçün vaxt da qalmadı. Ölkə kütləvi xaosa sürükləndi və nəhayət, dağıldı.

Əslində Rusiyanın qeyri-sabitlik dövründə də Stalinə qarşı antipatiya müşahidə edilmədi. Boris Yeltsindən sonra hakimiyyətə Vladimir Putin gəldikdə isə, dahi rəhbərə münasibət aşkar ikili xarakter daşımağa başladı. Əlbəttə, Putin birbaşa Stalin dövrünü təqdir etmədi. Ancaq siyasi ekspertlər bu qənaətdədirlər ki, hazırda Rusiya prezidentinin reallaşdırdığı kurs Stalinin terror dövrünün mexanizminə əsaslanır.

Onu da deyək ki, ötən il Rusiyanın paytaxtı Moskvadakı mağazalarda satışa üzərində Stalinin şəkli olan dəftərlər çıxarılıb. Stalinin şəkli təkcə dəftərin üz qabığında olmayıb. İçəridə diktator kimi qələmə verilən SSRİ rəhbəri barədə geniş avtobioqrafik məlumat, həmçinin həyatından bir neçə başqa foto da yer alıb. Maraqlısı cəhət ondadır ki, məktəbli dəftərində həmçinin Stalinin çar Rusiyası arxivlərində saxlanılmış polis vəsiqəsinin əks olunduğu fotokadrlar da yer alıb.

Dəftərdəki məlumatda qeyd olunub ki, Stalin nəinki Rusiya, eləcə də bütün dünya tarixində ziddiyyətli şəxsiyyət olub. Rəhbərin «terror» adlandırılan repressiyalarından bəhs edilən yazıda onun dövründə 640 min insanın güllələndiyi, 2 milyondan artığının isə sürgünə məruz qaldığı bildirilib. Bununla belə «Koba»nın dönəmində Rusiyada güclü iqtisadiyyatın formalaşdırıldığı vurğulanıb ki, məhz bu gücün sahəsində Hitler Almaniyası üzərində qələbə qazanılmasının mümkünlüyü önə çəkilib.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə