Çikaqo əfsanəsi (KRİMİNAL)

Adil MİRSEYİD

Çikaqo küçələrində kömür kimi qara saçlı, qara gözlü bir çocuq ayaqqabı silirdi. Dünyanın bütün şəhərlərində belə uşaqlara rast gəlmək olar, bütün günü küçələrdə ayaqqabı silərlər, axşamlar ciblərində bir ovuc xırda pulla evə dönərlər. Və boz günlər beləcə bir-birini əvəz edər - bu oğlanlar uşaqlıqlarını doya-doya yaşamadan böyüyürlər. Və onlar böyüdükcə həyat ağır yük kimi çiyinlərindən basar.

Çikaqo küçələrində ayaqqabı silən balaca oğlanın italyan olduğu elə ilk baxışdan nəzərinizi cəlb edəcək, onun gözlərindən cin yağır. O, küçədən ötüb keçən adamların üzlərinə baxmırdı. O, adamların yalnız ayaqlarını görürdü.

İllər ötüb keçəcək, balaca italyan on səkkiz yaşında artıq mahir cibgir və sutenyor olacaq...

***

Çikaqo "cavan" şəhərdir - 1833-cü ildə bünövrəsi qoyulan şəhərin cəmi 180 yaşı tamam olur, 180 yaşlı meqopolis əlbəttə cavan şəhər sayılmalıdır. Bu gün Çikaqo Nyu-Yorkdan sonra ikinci böyük maliyyə mərkəzidir. Çikaqo kazinolar, qumarbazlar, caz və cinayətkarlar şəhəridi.

Bir zamanlar bu şəhərin səsli-küylü küçələrində ayaqqabı silən italiyalı mühacir oğlu "Böyük Cim" (Big Cim) ayamalı Ceyms Kolozino bir gün bu şəhərin canlı əfsanəsi olacağını ağlına belə gətirə bilməzdi. İyirmi yaşında Böyük Cim "Qara əl" bandit dəstəsinin üzvü idi. "Qara əl" kafelərdən: mağazalardan, mehmanxanalardan xərac toplayırdı - amma reketir Cimin şansı yavər getmədi. Tezliklə Çikaqo polisi bandanın izinə düşdü. Kolozinonun başı bəladaydı, hər an həbs oluna bilərdi, amma bu dəfə də sudan quru çıxdı və "Ağ qanadlar" təşkilatına girdi. Bu təşkilat əksəriyyəti italyanlardan ibarət dalandarların həmkarlar ittifaqı kimi bir şeydi, o zaman Çikaqoda italyan dalandarlar ağ kombinezon geyərdilər. İtalyan dalandarlar işgüzar Cimi ürəkdən sevdilər, iyirmi dörd yaşlı Cim "Ağ qanadlar" həmkarlar ittifaqının nüfuzlu boslarından birinə çevrildi. O, həmkarlar ittifaqının üzvləri üçün əyləncə və idman klubları açdı. Və elə bu zaman o, yerli siyasilərlə, deputatlarla tanış oldu, onlarla oturub-durmağa başladı. Böyük Cim rəhbərlik etdiyi təşkilatın üzvləri səslərini deputat seçkilərində Con Koulinə və Maykl Kennə verdilər, əlbəttə, bu sövdalaşma əvəzsiz qalmadı. Bu iki deputatın səyləri nəticəsində Kolozino rayon masştabında lider kürsüsünə oturdu. Əslində bu kürsü heç də sıradan bir post sayılmaz. Yeni vəzifəsiylə birgə indi o, toxunulmazlıq səlahiyyəti qazanmışdı, daha qəfildən həbs olunmaq qorxusu onun yuxularına haram qata bilməzdi. Sonralar o, bu immunitetdən ustalıqla bəhrələnəcək, bilyard salonu açacaq, deputat dostlarının sayəsində kazino və bordellərə, restoranlara, barlara "krışalıq" edəcək. Və əlbəttə hər ay öz haqqını alacaq, Böyük Cim silah dili ilə danışıqlar aparmağı xoşlamırdı, ona əlavə problemlər lazım deyildi. Və belə bir adam kazino və bordel sahiblərinə də əl verirdi. Vaxtlı-vaxtında haqqını ödə və qud bay...

***

Böyük Cim otuz yaşında evləndi. Çikaqoda iki dəbdəbəli bordelin sahibəsi Viktoriya Morosko bir könüldən min könülə ona aşiq olmuşdu. Qanqsterlə bordel sahibəsinin çılğın məhəbbət macərası katolik kilsəsində Mendelsonun musiqisi ilə sonuclandı - bu, xoşbəxt bir sonluq idi. Evləndikdən sonra Cim arvadının biznesini öz biznesinə qatdı. Aradan üç il keçməmiş o, daha bir kazino, daha bir əyləncə mərkəzi açdı.

Ceyms Kolozino başqa bir sutenyor Moris Van Besverlə birlikdə öz biznesinin sərhədlərini genişləndirmək qərarı verdilər. Onlar Nyu-Yorkdan, Miliokidən, Sent-Luisdən olan həmkarları ilə əlaqələr qurdular. "Canlı mal" alveri ortaqlara yaxşı gəlir gətirirdi. Ümumiyyətlə, kriminal aləmdə "canlı mal" silah və narkotikdən sonra ən gəlirli biznes sayılır.

***

Çikaqoda adi günlərdən biriydi. Həmən gün Kolozinonun kefi kök idi, sevdiyi gözəl qadın səhər tezdən onu qapıya qədər ötürmüşdü, qapıdan çıxar-çıxmaz gözünə gün düşmüşdü. Bir an ayaq saxlayıb arxaya baxmışdı, Viktoriya hələ də qapı ağzında dayanıb gülümsəyirdi. Həmən gün belə bir xoş ovqatla başlanmışdı.

O gün Kolozino bir məktub aldı. Məktub Kolozinonun köhnə bandit dostlarından gəlmişdi. Hədə-qorxu, təhdidlə dolu məktubda imza yerinə qara mürəkkəb əl şəkli çəkilmişdi. Bu məktub reketlərin vizit kartıydı, ondan böyük məbləğdə pul tələb edirdilər. Qara əldən başqa ağ kağız üzərində kəllə, xaç və bıçaq rəsmləri çəkilmişdi. Məktubu alan Kolozinonun səhər evdən çıxdığı zaman üzünə gülümsəyən günəş sanki qara buludlar arxasında gizlənmişdi. İndi o, qara-qara düşüncələrə dalmışdı. Amma onu bir məktubla asanca qorxutmaq hər kişinin işi deyildi. Onun böyük nüfuzu və pulu vardı. Böyük Cim düşmənlərini tələyə saldı. O, görüş yerinə silahlı adamlarla getdi, qanqster filmlərində gördüyümüz klassik atışma səhnəsi - Cim özü onu təhdid edən quldurlardan birini öldürdü. Amma təhdidlər davam edirdi, növbəti zərbənin haradan gələcəyini öncədən anlamaq müşkül məsələydi. İşin axırı o yerə gəlib çıxdı ki, siyasi aləmdə və kriminal dünyada böyük əlaqələri olan Böyük Cim çarəsiz qalıb başqalarından kömək istədi.

***

Viktoriya Moreskonun Conni Torrio adlı bir kuzeni vardı. İyirmi yeddi yaşlı Conni Bruklində ciddi, işgüzar adam kimi tanınırdı. Böyük Cimin dəvəti ilə Conni Çikaqoya gəldi. Conni Çikaqoya gələr-gəlməz vaxt itirmədən qollarını çırmalayıb işə girişdi. Üç naməlum şəxs Kolozinodan iyirmi beş min dollar tələb edirdilər. İyirmi beş min dollar heç də böyük məbləğ deyil deyəcəksiniz. Təqvimdə 1909-cu ildi, bunu unutmayın, o vaxtkı kursla bu rəqəm böyük məbləğ sayılırdı, yəni iyirmi beş min dollar əməlli-başlı sərmayə idi. Conni Torino reketirlərlə danışıqlar apardı və sonda onların tələb etdikləri məbləği ödəyəcəyini bildirdi. Onlar şəhər ətrafında kimsəsiz bir yerdə görüşdülər, Conni iki silahlı adamla görüş yerinə getdi. Böyük Cimi təhdid edən adamlar görünən kimi Conni atəş açdı.

İki reketir hadisə yerində öldürüldü, üçüncü ağır yaralandı və xəstəxanada keçindi. Polis dosyesində Pitsburqdan Çikaqoya gəlmiş üç quldurun naməlum adamlar tərəfindən öldürüldüyü bildirildi. Əlbəttə ki, naməlum adamlar tapılmadı və bu olayla insidentə son qoyuldu.

Conni Torino Böyük Cimin təklifi ilə Çikaqoda qaldı və zaman keçdikcə onun sağ əli oldu.

Conni Torino - bu adı unutmayın...

***

Böyük Cimin kriminal imperiyası günü-gündən böyüyürdü. Onun restoranlar şəbəkəsi çoxdan qonşu ştatlarda məşhurlaşmışdı. Bu elitar restoranlar zəngin müştərilərə xidmət göstərirdi. Bu restoranların ən məşhuru "Kolozino-kafe" idi, tavanı və sütunları qızıl suyuna çəkilmiş, heykəllərlə, qırmızı məxmərlə bəzədilmiş restoran muzeyə bənzəyirdi, Böyük Cim səxavətini əsirgəməmişdi, məkanın birinci mərtəbəsində eyni dərəcədə təmtəraqlı kazino yerləşirdi. Bu restoranda dünyaşöhrətli aşbaz çalışırdı, restoranın zirzəmiləri ən yaxşı içkilərlə doluydu, populyar musiqiçilər və müğənnilər "Kolozino-kafe"nin səhnəsində çıxış edirdilər. Bu məkanın da şefi bizim yaxşı tanıdığımız Conni Torino idi. Torino ona həvalə edilmiş işin öhdəsindən məharətlə gəlirdi. Məhz Torinonun məkanı hər ay əlli min dollar təmiz gəlir gətirirdi. O vaxtın əlli min dolları indiki kursla bir milyon dollara bərabərdir. Pitsburqlu quldurlar Böyük Cidən iyirmi beş min dollar tələb etmişdilər.

***

Mer Harrison kazino və bordel biznesinə qarşı savaş bayrağı qaldıranda şəhərdə xüsusi polis dəstəsi yaradıldı. Xüsusi səlahiyyətli polis dəstəsinə, buna əxlaq polisi də deyə bilərik, zabit şərəfini hər şeydən üstün tutan, fanatik dərəcədə təmiz insan mayor Fankhauzer başçılıq edirdi. Onlarla qumarxana və bordelin qapısına möhür vuruldu, yüzlərlə fahişəni həbs etdilər və s.

Fankhauzerin canfəşanlığından Kolozinonun da biznesi böyük ziyana düşdü, onun da bir neçə şübhəli məkanını bağladılar. Kolozinonun özü qısa müddətə də olsa, dəmir barmaqlıqlar arasına düşdü. Amma tezliklə mer Harrisonu tutduğu vəzifədən uzaqlaşdırdılar və Kolozino azadlığa qovuşdu.

Kolozinonun biznesi yenidən çiçəklənməyə başladı. Torino isə onun nəzərində sadəcə əvəzolunmaz adam idi. Kolozinonun imperiyası etibarlı əllərdəydi, bir zamanlar bu şəhərin küçələrində ayaqqabı silən oğlan həyatdan zövq almağa çalışırdı. O, özünə və atası Luiciyə malikanələr tikdirdi, bahalı avtomobillər aldı, brilyant kolleksiyası toplamağa başladı. Brilyant onun gündəlik geyiminin vazkeçilməz aksessuarlarına çevrilirdi, köynəyiniy qol düymələri və kəmərinin bəzəyi xalis brilyantdan olardı, barmağında brilyant üzük və s.

1917-ci ildə Kolozinonun artıq qırx dörd yaşı vardı. O, həyatdan nə istəmişdisə hamısını almışdı. O, Çikaqonun canlı əfsanəsiydi. Həyat öz axarıyla davam edirdi, kənardan baxan adama elə gəlirdi ki, daha həyatda heç nə onu heyrətləndirə bilməz. Amma yox, Böyük Cim yeni eşqə düşdü, iyirmi beş yaşlı musiqili komediya aktrisasını görər-görməz təzə eşqə düşən yeniyetmələr kimi həyəcandan dili-ağzı qurudu.

Böyük Cim aktrisa Deyl Uinterin sponsoru, impressariosu, himayədarı və aşiqi oldu. Uitner "Kolozino-kafe"də ağ paltarının yaxalığında qızılgül, uzun, qara saçları çiyinlərinə tökülmüş halda səhnəyə çıxanda Böyük Cimin ağlını başından alırdı. Gənc aktrisa ilə tanışlığından üç il sonra Böyük Cim Viktoriya Moreskodan ayrıldı və Deyl Uitner ilə evləndi.

Böyük Cimin başı məhəbbət macərasına qarışmışdı, 1920-ci ildə ABŞ-da antialkoqol kampaniyası, loru dildə dillə desək, "suxoy zakon" qüvvəyə mindi. Tərkibində 0,5 faizdən artıq alkoqol olan içkilərə qadağa qoyuldu. Torino qaçaq spirtli içkilərin alverinə girişməyin zamanı gəldiyini bildirəndə Böyük Cim onu dəstəkləmədi. Cim risk eləmək istəmirdi, onsuz da qumar və "canlı mal" yaxşı gəlir gətirirdi. İndi gənc və gözəl qadınıyla rahat ömür yaşamaq istəyirdi. Öz bossunu yola gətirə bilməyəcəyini anlayan Torino gizli planlar qururdu. Yuxarıda bu adı unutmamağı sizə məsləhət görmüşdüm.

***

Torino bossu aradan götürmək qərarına gəldi. Bir zamanlar onu Bruklindən Çikaqoya gətirən, burda ona qardaşı kimi etibar eləyən, bel bağlayan Böyük Cimin isə əlbəttə heç nədən xəbəri yox idi. Şeytan Torinonu yoldan çıxartmışdı. Torino bu işi yanında çalışan və onun ən çirkli işlərini görən Alfonso Kaponeyə tapşırdı. Kapone işi elə qurmalıydı ki, heç kim Torino və Kaponedən şübhələnməsin. Onlar Nyu-Yorkdan olan killer Frenki Yeli seçdilər, Yel təsadüfən seçilməmişdi. O, gənc Kaponenin birinci bossu olmuşdu, üstəlik də Torino qarşısında bəzi borcları vardı. Sui-qəsdçilər may ayının on birini seçdilər.

1920-ci il mayın on biri. Həmən gün Böyük Cim mühasib Frenk Kamilla ilə görüşməliydi. O öz sevimli restoranına gəlir. On beş dəqiqədən sonra güllə səsləri eşidilir. Kolozino qan içində yerdə uzanmışdı...

"Ekspress" qəzeti, 6 aprel 2013-cü il

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə