Dahinin müəmmalı ölümü (ƏDƏBİYYAT)

Onun üçün keçmiş bir qaranlıq idi, gələcəyini isə dumanda azan gəmiyə bənzədirdi.  Onun bu əzabı yazdığı əsərlərdəki qəhrəmanların simasında, belə demək mümkünsə, göz yaşları ilə üzə çıxırdı. Həyatının son illərində yorulmuşdı və ona elə gəlirdi ki, artıq yaşamağının mənası yoxdur və yana-yana: “Şöhrət heç də həmişə insana xoşbəxtlik gətirmir”,- deyə təkrar edirdi.  Ona görə də adi bir kəndli həyatı keçirmək, hamıdan uzaqlaşmaq istəyirdi. Lakin bu ona nəsib olmadı və günlərin birində müəmmalı şəkildə dünyasını dəyişdi. O özünü öldürmüşdü, yoxsa onu öldürmüşdülər?

Bir vaxtlar onun adı XX əsr dünya yazıçıları arasında xüsusi hörmətlə çəkilərdi. O, həqiqətən də, böyük yazıçı idi və müasirlərindən birinin də dediyi kimi, yazdığı hər əsəri real həyatdan götürülmüşdü, insan onun qəhrəmanları ilə sanki canlı dildə danışır, onda özünü, arzularını tapırdı. O, yazmaq ustası idi və bundan doymaq bilmirdi. Yazıçının çap olunan hekayə, povest və romanları dərhal əldən-ələ keçir, milyonlar tərəfindən sevilə-sevilə oxunurdu. Adama elə gəlirdi ki, bu dünyada ondan xoşbəxt adam yoxdur. Amma bu, zahirən belə idi, onun üçün bəzən yazmaq böyük əzab idi, amma yazmağa məcbur idi. Çünki yazmasa, bir müddət sonra ac qalacaq, qəhrəmanlarından biri kimi həyatın sonu bilinməyən dibinə yuvarlanacaqdı. Onsuz da uşaq yaşlarından həyatın bütün üzünü görmüş, anadan olmamış atası ondan imtina etmiş və ömrünün sonuna kimi bu ağrını ürəyində daşımışdı. Sonralar özünün də dediyi kimi, atasız uşaq görəndə ürəyi ağrıyır və istər-istəməz özünün ağrılı uşaqlıq illərini xatırlayırdı. Onun üçün keçmiş bir qaranlıq idi, gələcəyini isə dumanda azan gəmiyə bənzədirdi.  Onun bu əzabı yazdığı əsərlərdəki qəhrəmanların simasında, belə demək mümkünsə, göz yaşları ilə üzə çıxırdı. Həyatının son illərində yorulmuşdı və ona elə gəlirdi ki, artıq yaşamağının mənası yoxdur və yana-yana: “Şöhrət heç də həmişə insana xoşbəxtlik gətirmir”,- deyə təkrar edirdi. Ona görə də adi bir kəndli həyatı keçirmək, hamıdan uzaqlaşmaq istəyirdi. Lakin bu ona nəsib olmadı və günlərin birində müəmmalı şəkildə dünyasını dəyişdi. O özünü öldürmüşdü, yoxsa onu öldürmüşdülər? Bu günə kimi də yazıçının qəfil ölümü müəmma olaraq qalır...

Bu böyük insan günümüzdə belə, sevilə-sevilə oxunan məşhur yazıçı Cek London idi.

Ağır uşaqlıq illəri

Əsl ad və soyadı Con Qriffit Çeyni olan gələcəyin məşhur yazıçısı 1876-cı ildə musuqi müəlliməsi olan Flora Fellmanın ailəsində anadan olmuşdu. Onun atası Uilyam Çeyni dövrünün məşhur astroloqu idi. Amma Floranın hamilə olduğunu eşidəndə astroloq ondan üz döndərdi. Bundan ağır depressiya keçirən Flora Fellman özünəqəsd etmiş, ancaq yüngül yaralanmışdı. Bir sözlə, Cek London hələ dünyaya gəlməmişdən əvvəl həyat onu anasının simasında acı sınağa çəkmişdi. Cek anadan olandan sonra isə anası onu keçmiş qulu Virciniya Prentissə tapşırdı. Prentiss Cekin uşaqlıq həyatının formalaşmasında mühüm rol oynadı. 1876-cı ilin axırında Flora bu dəfə ABŞ-ın vətəndaş müharibəsi qəhrəmanı Con Londonla ailə həyatı qurdu. Yeni ərinin əvvəlki həyat yoldaşından iki qızı vardı və onlardan biri Eliza sonralar yazıçının ən sadiq köməkçilərindən birinə çevrildi. Amma ehtiyac içində yaşadığından ailə şəhərbəşəhər gəzərək, nəhayət ki, San-Fransisko  ətrafındakı Oklend şəhərində məskunlaşdı. Cek buradakı məktəblərdən birində ibtidai təhsil aldı. Amma ailənin maddi vəziyyəti ağır olmaqda davam edirdi. Ona görə də Cek 10 yaşında ikən qəzet paylayan kimi işə düzələrək ailəsinə kömək etməyə başladı. O qəzet paylayaraq, ayda 12 dollar qazanır və onun hamısını ailəsinə verirdi.  Atalığı Cekə məhəbbətlə yanaşırdı. Sonralar məşhur yazıçı olandan sonra Cek London yazmışdı ki, anamın mənim başımı nə vaxtsa sığalladığını xatırlaya bilmirəm. Amma atalığım ən ağır vaxtlarımda mənə dayaq olmağa çalışır və böyük əlləri ilə başımı sığallayaraq deyirdi: “Heç nə olmaz, oğlum, narahat olma”.

Ona görə də Cek atalığının soyadını götürdü. Həmin  vaxt hamı onu Con əvəzinə Cek deyə çağırırdı. Beləliklə, o, uşaqlıqdan Con Çeyni əvəzinə, Cek London kimi tanındı və sonralar dünya ədəbiyyatı tarixinə də bu adla düşdü.

Dənizdə ov

Cek London 14 yaşında olanda ailədə daha bir faciə baş verdi. Atalığını təsadüfən qatar vurdu və o, ağır kontuziya aldı. Bundan sonra ailədə yeganə kişi olan Cek məktəbi ataraq konserv zavodunda işə girməyə məcbur oldu. Amma konserv zavodunda iş çox ağır idi və balaca Cek axşam işdən evə olduqca yorğun gəlirdi. Ona görə də uzun müddət konserv zavodunda işləyə bilmədi. Həmin dövrdə o, təsadüfən qadağan olunmuş zonalarda dəniz ilbizləri ovlayan gənclərlə tanış oldu və onlara qoşuldu. İş təhlükəli olsa da, olduqca gəlirli idi. Cek dəniz ovunda bir gecədə, zavodda bir ay işləyərək qazandığından 4-5 dəfə çox qazanırdı. Bundan sonra ailənin maddi vəziyyəti də yaxşılaşmağa başladı. 17 yaşı olanda o özü dənizdə sərbəst ova çıxmaq arzusuna düşdü. Bu işdə Prentiss ona yardım əli uzatdı. Prentissin verdiyi pulla özünə kiçik gəmi alaraq, bir müddət  qeyri-qanuni ovla məşğul oldu. Sonra Cek patrul gəmisində işə düzəldi. Burada da uzun müddət işləyə bilmədi. Bu dəfə o, Yaponiya sahillərində dəniz pişiklərinin ovuna çıxan “Sofi Sazerlend” gəmisində işləməyə başladı. O bu ovdan xeyli pul qazana bildi. Ancaq Cek qazandığı pulların bir hissəsini gen-bol xərcləyirdi. Ona görə də tezliklə yenidən o, pula böyük ehtiyac duymağa başladı.

İlk ədəbi mükafat

Cek yenidən dənizə ova getmək, maddi vəziyyətini qismən də olsa yaxşılaşdırmaq fikrinə düşdü. Amma hava şəraiti buna imkan vermirdi. Oğlunun nə edəcəyini bilməyən Flora ona ədəbi qəzetlərdən birində keçirilən oçerk müsabiqəsində iştirak etməyi, Yaponiya sahillərində ov zamanı gördüklərini yazmağı məsləhət gördü. Bu təklif Cekin ağlına batdı və həvəslə işə girişdi. Heç gözləmədiyi halda onun yazdığı “Yaponiya sahillərində tayfun” adlı oçerki müsabiqənin qalibi oldu və 1893-cü il noyabr ayının 12-də qəzetdə dərc olundu. Bununla da Cek Londonun yeni bir həyat yolunun başlanğıcı qoyuldu. Həmin dövrdə bütün gənclər kimi Cek də “inqilab xəstəliyi”nə tutulmuşdu. O, 1894-cü ildə işsizlərlə birgə Vaşinqtona yürüşdə iştirak etdi. Bu yürüş barədə o, “ Möhkəm dayan” adlı oçerkini yazaraq çap etdirdi. Ancaq Vaşinqtona yürüşdə iştirak etmək onun üçün pis qurtardı. Polis onu həbs etdi və Cek bir ay həbsxanada qaldı. Həbsdən azad olduqdan sonra yenə də bir müddət işsizlərlə birgə avaralanmağa başladı. Ancaq tezliklə anladı ki, bu onun yolu deyil və o, qələmindən daha möhkəm yapışmalıdır. Həmin dövrdə Cek Marks və Engelsin “Kommunist partiyasının manifesti” əsəri ilə tanış oldu. Bu əsərin təsiri altında 1895-ci ildə Amerka Sosialist Əmək Partiyasına üzv oldu.

***

Yazıçının yazdığı hekayə və romanlar tezliklə onu dünyanın ən məşhur yazıçılarından birinə çevrilməsinə gətirib çıxardı. 1902-ci ildə Cek London İngiltərəyə getdi. Amerikaya qayıtdıqdan sonra İngiltərə təəssüratları əsasında “Həyatın dibindəki insanlar” adlı romanını yazdı.

Qısa müddətdə bu roman Amerikada ən çox oxunan əsərlərdən biri kimi şöhrət qazandı. Həmin dövrdə yazıçılıqla yanaşı Cek London ona təklif edilən müxbir vəzifəsini də həvəslə qəbul edirdi. Məsələn, Amerika Müdafiə Nazirliyi ona müxtəlif ölkələrdə hərbi müxbir vəzifəsində işləməyi təklif etmiş və o, tərəddüd etmədən buna razılıq vermişdi.

Geriyə evə qayıtdıqdan sonra o, orta təhsilini başa vurmaq məqsədilə yenidən məktəbdə oxumağa başladı. Məktəbdə oxuduğu dövrdə məktəb jurnalında hekayələrini çap etdirdi. Amma məktəbdə oxumaq onu sıxırdı və ona görə yenə də təhsilini yarımçıq qoydu. Əvəzində evdə sərbəst şəkildə dərslərə hazırlaşdı. Sonra ekstern yolu ilə imtahan verərək orta məktəbi bitirmək barədə sənəd aldı. Bunun ardınca isə imtahan verərək, Kaliforniya Univeristetinə qəbul olundu. Cek London Kaliforniya Universitetində cəmisi 3 semestr oxudu. Buna səbəb onun daim macəra axtarması, belə həyatı sevməsi idi. Elə macəra həvəsi də 1897-ci ildə onun qızıl axtaranlarla Alyaskaya getməsi ilə nəticələndi. Lakin Alyaskada ağır xəstələnərək geri qayıtmağa məcbur oldu. Bundan sonra isə yenidən bütün həyatını ədəbi yaradıcılığa sərf etməyi qərara aldı. Alyaskaya səfəri əsasında Cek “Şimal hekayələri”ni yazdı. Bu hekayələr müəllifinə böyük şöhrət gətirdi. 1900-cü ildə onun “Canavar oğlu” adlı hekayələr kitabı çıxdı. Artıq onun ədəbi yaradıcılığa yolu açılmışdı. Oxucuların böyük marağını nəzərə alaraq, qəzetlər bir-birinin ardınca ona yeni hekayələr sifariş verirdilər. Yazıçı bu sifarişləri yerinə yetirmək üçün gündə 15-17 saat işləməli olurdu. Yazıçıya şöhrət gətirən qəhrəmanlarını ən ağır vəziyyətdə təsvir etmək və onların mübarizəsini olduqca təsirli şəkildə verməsi idi. Bu da oxucunu daim gərginlikdə saxlayır və onda qəhrəmana qarşı hörmət və məhəbbət formalaşdırırdı. Ümumiyyətlə, 1900-1904-cü illəri Cek Londonun ədəbi yaradıcılığında ən məhsuldar dövr adlandırmaq olar. O, həmin dövrdə bir-birinin ardınca “Onun atalarının allahı” ( Çikaqo, 1901), “Şaxtanın uşaqları” ( Nyu-York, 1902), “İnsanda inam” (1904) hekayələr kitablarını və “Qarlar qızı” romanını (1902) nəşr etdirdi.

Yazıçının yazdığı hekayə və romanlar tezliklə onu dünyanın ən məşhur yazıçılarından birinə çevrilməsinə gətirib çıxardı. 1902-ci ildə Cek London İngiltərəyə getdi. Amerikaya qayıtdıqdan sonra İngiltərə təəssüratları əsasında “Həyatın dibindəki insanlar” adlı romanını yazdı. Qısa müddətdə bu roman Amerikada ən çox oxunan əsərlərdən biri kimi şöhrət qazandı.

Həmin dövrdə yazıçılıqla yanaşı Cek London ona təklif edilən müxbir vəzifəsini də həvəslə qəbul edirdi. Məsələn, Amerika Müdafiə Nazirliyi ona müxtəlif ölkələrdə hərbi müxbir vəzifəsində işləməyi təklif etmiş və o, tərəddüd etmədən buna razılıq vermişdi. 1904-1905-ci illərdə baş verən Rusiya-Yaponiya müharibəsini yazıçı hərbi müxbir kimi müşahidə etmiş və oradan ölkə qəzetlərinə məlumatlar göndərmişdi. Müharibə başa çatandan sonra o, Amerikaya qayıdaraq yenidən ədəbi yaradıcılığını davam etdirmişdi.

Həmin dövrdə Cek London ən çox qanorar alan yazıçılardan biri idi. O, bir kitabına görə, o dövr üçün olduqca yüksək hesab edilən 50 min dollar alırdı. Amma yazıçı pulları sağa-sola xərclədiyindən həmişə maddi baxımdan çətinlik çəkirdi.

Uğursuz ailə həyatı

Cek London 1900-cü ildə Bessi Maddernlə ailə həyatı qurdu. Bessidən Cekin Coan və Bess adlı iki qızı dünyaya gəldi. Amma Bessi çox qısqanc idi və ərinin gecələr evə gec gəlməsinə görə tez-tez onunla dalaşırdı. Buna dözməyən Cek, Bessini evi həbsxanaya çevirməkdə günahlandırmağa başladı. Bundan sonra ailə daxili münaqişə daha da qızışdı. Buna dözməyən Cek 1903-cü ildə Bessidən ayrıldı. Həmin ildə o, Oklend Xeyirxah Qızlar Pansionatında işləyən Çarmeyn Kittrec ilə tanış oldu. Kittrec gözəl pianino çalırdı, xoş məlahətli səsə malik idi və Cek dərhal ona vuruldu. Buna baxmayaraq, ailə səadətini axtarmaqda davam edən yazıçı tanınmış jurnalist qadın Ninettı Eymslə də bir müddət xoş münasibətdə oldu. Eymslə tanışlıq yazıçını yeni əsərlər yazmağa ruhlandırdı. Ninetti hər vasitə ilə Cek Londonu ədəbi yaradıcılığa ruhlandırırdı. Yazıçı sonralar qeyd etmişdi ki, Ninettanın yanında özünü həmişə dünyanın ən xoşbəxti hesab edib. Buna baxmayaraq o, Ninettanın özündən yaşlı olmasını nəzərə alaraq, onunla ailə həyatı qurmaq fikrindən vaz keçdi. Bu arada Bessidən boşanma məsələsinin uzanması Cek Londonda ağır izlər buraxmış, o depressiyaya düşmüşdü. 1905-ci ilin iyulunda nəhayət ki, o Bessidən ayrılmasını rəsmiləşdirə bildi. Bundan bir neçə ay sonra isə yazıçı Çarmeynlə ailə həyatı qurdu. Amma bu da xoşbəxt ailə deyildi. Cek ondan  varisi olacaq oğlan uşağının dünyaya gəlməsini arzulayırdı. Lakin Çarmeyn də yazçının bu arzusunu həyat keçirə bilmədi... Bu isə yazıçını yenidən sıxmağa başladı. Bir sözlə bütün cəhdlərinə baxmayaraq, Cek London ömrünün sonuna kimi arzuladığı ailə səadətini tapa bilmədi.

Baş tutmayan fermerlik arzusu

1905-ci ildə yazıçı Kaliforniya ştatındakı Qlenn-Ellen adlı yerdə özünə malikanə aldı. O, kənd təsərrüfatı ilə məşğul olmaq və ideal ferma yaratmaq istəyirdi. Bu məqsədlə hətta böyük həcmdə borca girməkdən belə çəkinmədi. Amma yazıçının ideal ferma yartmaq və sivil kənd təsərrüfatı məhsullarının istehsalını təşkil etmək planı baş tutmadı. Buna səbəb belə bir fermanı idarə edə biləcək təcrübəli və etibarlı mütəxəssisin olmaması idi. Buna paralel olaraq borcunu ödəmək üçün yazıçı gecə- gündüz bilmədən yazmağa məcbur idi. Bu yazıların əksəriyyəti elmi jurnallar üçün nəzərdə tutulmuşdu, amma onlar olduqca zəif təsir bağışlayırdı. Cek London özü də bunu hiss edərək bir arada yazmaqdan bezdiyini açıq şəkildə biruzə vermişdi.

Bu arada isə gənclik yaşlarında olduğu kimi dənizə olan məhəbbəti onda dünya səyahətinə çıxmaq həvəsi oyatmışdı. Bu məqsədlə də öz layihəsi əsasında 1907-ci ildə  “Snark” adlı gəmi inşa etdirdi. Cek London bu gəmi ilə 7 il ərzində dünya səyahətində olmağı planlaşdırmışdı. Ancaq onun dünya səyahəti cəmisi iki il çəkdi. 1909-cu ildə yazıçı ağır xəstələndi və bundan sonra dünya səyahətini yarımçıq qoymağa məcbur oldu. Amma bu səyahət zamanı o, yeni əsərlər yazmaq üçün çoxlu materiallar toplamışdı. Nəticədə Cek London “Snark”ın səyahəti”, “Cənub dənizlərinin hekayələri” və “Günəş oğlu” kitablarını yazdı.

1910-cu ildə Cek London malikanəsini və fermasını idarə etmək və daimi yaşamaq məqsədi ilə ögey bacısı Eliza London-Şepardı yanına dəvət etdi. Bu, onun tərəfindən qəbul edilən olduqca müdrik bir qərar idi. Belə ki, Elizanın ferma ilə bağlı məsələdən daha yaxşı başı çıxırdı. Üstəlik o, səmimi, mehriban olduqca qayğıkeş idi və yazıçının ağır vəziyyətlərində ona mənəvi dayaq oldu.

***

Yazıçı həmişə həqiqəti deməyə öyrəndiyi üçün heç nədən çəkinmirdi. O, həyatının sonuna kimi həqiqətin gözünə dik baxmağı bacardı və buna görə onu qınayanlara: “Mən riyakar deyiləm, siz isə riyakarlıq etməyimi istəyirsiniz. Amma nahaq yerə özünüzü yorursunuz”,- demişdi. Bütün bunlarla yanaşı, yazıçı böyrək xəstəliyindən əziyyət çəkirdi. Bəzən bu ağrılar o qədər şiddətlənirdi ki, Cek   buna dözməyərək özündən gedirdi. Böyrəyini müalicə etmək üçün xüsusi həkim tutmuşdu. Həkimin isə  bu xəstəliyi müalicə etmək istəyi heç cür alınmırdı. Ona görə də yazıçıya məcbur olub, ağrıkəsici dərman verirdilər. Nəticədə Çek London  bu dərmanlara aludə olmuşdu və ağrıları başlayan kimi onları qəbul etməyə məcbur olurdu.

Elizanın gəlişindən sonra fermada işlər öz qaydasında getməyə başladı. Bundan istifadə edən Cek London pul toplayaraq “Canavar evi” adlı böyük bir villa tikdirdi. Bu villanın tikintisi ona indiki pulla dəyəri 10-15 milyon hesab edilən 70 min dollara başa gəldi. Amma yazıçını uğursuzluqlar izləməkdə davam edirdi. Belə ki, gözlənilmədən yazıçının yeni inşa etdirdiyi villası yandı. Bunu qəsdən etmişdilərmi, yoxsa bir təsadüf idi, bilən olmadı. Yeni villanın yanması yazıçının yenidən depressiyaya düşməsinə səbəb oldu. Villanın yanmasından sonra yatağa uzanan Cek London 4 gün yerindən tərpənmədi. Ona elə gəlirdi ki, kimsə qəsdən villanı yandırıb. Amma kim? Yazıçı heç cür bu suala cavab tapa bilmirdi. Bundan sonra bu dərdini unutmaq üçün Cek London yenidən içməyə başladı. Əgər Eliza yanında olmasaydı, bəlkə də, Cek London özünə qəsd edəcəkdi. Onun belə ağır vəziyyətində yeganə təsəllisi ögey bacısı idi. Amma Cekin villa yanandan sonra daim əzab çəkdiyini görən Elizaya da hərdən elə gəlirdi ki, Cek günlərin birində bu dərdə dözməyərək ağlını itirəcək. Bunu yazıçının özü də hiss etmişdi. Ona görə də, bir dəfə Elizaya müraciətlə:

- Əgər mən təsadüfən ağlımı itirsəm, onda söz ver ki, məni xəstəxanaya göndərməyəcək, burada özün qulluq edəcəksən,- demişdi.

Bunu eşidən Eliza yazıçını inandırmaq üçün bir neçə dəfə and içmək məcburiyyətində qalmışdı.

Bu arada yazıçı daha bir zərbə aldı. Həyat yoldaşı ona qız doğdu və o, cəmisi üç gün yaşadı. Bunu da özünə dərd edən Cek London yenə də bir müddət özünə gələ bilmədi. O, həyatının son illərində belə oğul atası olmaq arzusundan əl çəkə bilmirdi. Ondan olsa, Çarmeyni boşayar və yenidən evlənərdi. Amma  bununla Çarmeyni incitmək, onun əzab çəkməsini qəbul edə bilmirdi. Nəhayət çıxış yolu kimi evli ola-ola ailə səadətini kənarda axtarmaq qərarına gəldi. O özünü sevən, ona oğul bəxş edə biləcək bir qadını tapa bildi. Bundan sonra gecələr evə gec gəlməyə başladı. Çarmeyin ərinin başqa qadınla gəzdiyini anlayır, amma əlindən heç nə gəlmirdi. Çarmeyin gecələr səhərə kimi yatmır, səbirsizliklə ərinin nə vaxt evə gələcəyini gözləyirdi. Cek isə evə nə vaxt gəlməsindən asılı olmayaraq, heç nə olmamış kimi Çarmeyinlə mehriban davranır, onun qəlbini ələ almağa çalışırdı. Cekin gecələr evə gec gəlməsi Oklenddə onun Çarmeyindən ayrılması barədə şayiələrin yayılmasına səbəb olmuşdu. Həmin vaxt o mehrini malikanəsində qulluqçu kimi işləyən yapon Nakataya salmışdı. Nakata ilə Yaponiya sahillərinə ova gedəndə tanış olmuşdu. O, Cek Londona olduqca sadiq idi. Cek Nakataya ən səmimi dost kimi münasibət bəsləyirdi.

Nakata haqqında yazıçı belə demişdi. “ 6-7 il  biz  dostluq etdik. O, mənimlə ən təhlükəli yerlərdə oldu, biz birgə ölümün gözlərinin içinə baxdıq. Amma mən heç vaxt onun sarsılmasının, iradəsini itirməsinin, ölümdən qorxmasının şahidi olmadım”.

Yazmaq onun üçün əzaba çevrilmişdi

1914-cü ildə yazıçı yenidən “Kolyers” jurnalının tapşırığı ilə hərbi müxbir kimi Meksikaya getdi.  “Kolyers” jurnalı onun bir həftəsinə 110 dollar qanorar ödəyirdi. O, buradan təmsil etdiyi jurnala Amerikanın Meksikanın daxili işlərinə kobud şəkildə müdaxiləsini pisləyən məqalələr göndərirdi. Buna görə yazıçını tənqid edir, onu az qala Amerikanın maraqlarını Meksikaya satmaqda günahlandırırdılar. Meksikadan Cek London olduqca yorğun və mənəvi baxımdan düşgün vəziyyətdə qayıtdı. O, artıq hamıdan qaçmaq, insan ayağı dəyməyən bir yer taparaq orada ömrünü başa vurmaq istəyirdi. Bununla əlaqədar o, sosialistlər tərəfindən yayınlanan “Uestern komrid” adlı dərgiyə verdiyi müsahibəsində demişdi: “Mən artıq nə sosialist inqilabı, nə ədəbiyyat, nə də incəsənt barədə düşünmürəm. Mənə öz malikanəm, həyat yoldaşım hər şeydən əzizdir. Mən cins atlar, məhsuldar torpaqlar almaq arzusundayam. Mən hekayələrimi də bu arzularıma çatmaq, daha çox pul qazanmaq üçün yazıram. Heyvanlar məni sənətimdən daha çox maraqlandırır. İnandırıram ki, sizi, mən öz işimi sevdiyim üçün yazmıram. Yazmaq mənim üçün əzabdır və yazmağa nifrət edirəm. Mən ona görə yazıram ki, əldə etdiyim qanorarla daha bir neçə hektar torpaq sahəsi alım... Yazmağımın yeganə səbəbi də budur. Əgər mənə çox pul versəydilər, mən böyük həvəslə yer qazar, gecə-gündüz demədən işləyər, yorulmaq bilməzdim. Amma mənə yer qazmağa görə pul vermirlər. Çarəsiz qalaraq pul qazanmaq üçün yazıram. Yazdığım hər hekayə hər sətir, hər söz pula görədir. Mən yalnız naşirlərin xoşuna gələn şeyləri yazıram, ona görə də, öz istədiyim kimi yaza bilmirəm. Mən kapitalist naşirlərin xoşuna gələcək, senzuranın mane olmayacağı, bazarda həvəslə alınacaq şeylər yazmağa məcburam. Çünki naşirləri real həyat deyil, bərbəzəkli, xəyali bir həyatı təsvir edən əsərlər maraqlandırır”.

Yazıçı həmişə həqiqəti deməyə öyrəndiyi üçün heç nədən çəkinmirdi. O, həyatının sonuna kimi həqiqətin gözünə dik baxmağı bacardı və buna görə onu qınayanlara: “Mən riyakar deyiləm, siz isə riyakarlıq etməyimi istəyirsiniz. Amma nahaq yerə özünüzü yorursunuz”,- demişdi.

Bütün bunlarla yanaşı, yazıçı böyrək xəstəliyindən əziyyət çəkirdi. Bəzən bu ağrılar o qədər şiddətlənirdi ki, Cek   buna dözməyərək özündən gedirdi. Böyrəyini müalicə etmək üçün xüsusi həkim tutmuşdu. Həkimin isə  bu xəstəliyi müalicə etmək istəyi heç cür alınmırdı. Ona görə də yazıçıya məcbur olub, ağrıkəsici dərman verirdilər. Nəticədə Çek London  bu dərmanlara aludə olmuşdu və ağrıları başlayan kimi onları qəbul etməyə məcbur olurdu.

Yorğunluq və inciklik

Yazıçının 40 yaşı olsa da, o, çox yorulmuşdu və bu baxımdan Cek London həyatının son illərində qəhrəmanı Martin İdeni ( “Martin İden” romanı) xatırladırdı. Necə deyərlər, yorulsa da o hər gün yazmağa məhkum idi, yazmaq onun yeganə gəlir mənbəyi, yaşamaq vasitəsi idi. Ona görə də hər gün azı min söz yazırdı. Amma yazdığı hər sözün arxasında onun əzabları dayanırdı. O, nümunəvi ferma yaratmaq, həyatını da buna sərf etmək istəyirdi, ancaq addımbaşı uğursuzluq onu təqib edirdi. Yazıçı 1915-ci ildə “Böyük evin kiçik sahibi” romanını yazdı. Romanın əsasında bir qadının eyni zamanda iki kişini sevməsi və onlar arasında seçim edə bilməməsi dayanır. Nəticədə o, əzab çəkməli olur və sonda vəziyyətdən çıxış yolunu özünü öldürməkdə görür. Əslində bu qadın xarakter etibarı ilə daha çox Cek Londonu xatırladır. Çünki həmin dövrdə Cek London da həyat yoldaşından əlavə digər bir qadını sevir və gecələr evə gəlmirdi. Yazıçı da qəhrəmanı kimi həyat yoldaşı və məşuqəsi arasında ilişib qalmışdı və onlar arasında heç cür seçim edə bilmirdi. Ümumiyyətlə, Cek Londonun bütün qəhrəmanları onun özünə oxşayır, onların hamısı həyatın ən ağır sınaqlarına məruz qalırlar.

Yazı "Zaman-Azərbaycan" qəzetinin 16,17 və 23 yanvar 2013-cü il tarixli saylarında gedib

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə