Qorbaçov Yaponiyaya ərazi qaytarmağa hazırlaşırmış

Yapon qəzeti SSRİ dövründə aparılmış məxfi tədqiqatdan yazıb

 

Belə məlum olur ki, SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov 1991-ci ilin aprelində Yaponiyaya rəsmi səfərindən öncə hökumətə Şimal ərazisinin dörd adası ilə bağlı qanuni vəziyyətin öyrənilməsinə dair gizli tədqiqat aparmaq göstərişi verib. Yaponiyanın «Asaxi» qəzetinin dərc etdiyi materiallardan müəyyənləşdirmək mümkündür ki, Habomai və Şikotan adalarını 1956-cı ilin sovet-yapon deklarasiyasına əsasən Yaponiyaya vermək lazımdır. 2. İki ölkə arasındakı münaqişə beynəlxalq məhkəmədə həllini tapa bilər.

Rusiya hazırda dörd ada üzərindəki ərazi hüququnun ona İkinci Dünya Müharibəsinin nəticələrinə əsasən verildiyi üzərində dayanır. Qorbaçov isə həmin vaxt tərkibi SSRİ-nin Dövlət və Hüquq İnstitutunun üzvlərindən ibarət olan işçi qrupuna problemlə əlaqədar obyektiv təhlil aparmaq göstərişi veribmiş. Məsələyə dair yaradılmış komissiya Yaponiyanın qanunvericiliyini tədqiq edən on mütəxəssisdən ibarət olub. Həmin mütəxəssislərin apardıqları tədqiqatda bildirilir ki, 1951-ci ilin San-Fransisko sülh müqaviləsinə əsasən Rusiyanın Kunaşir və İturup adaları üzərində hüququ daha çoxdur, ancaq ərazi hüququ ilə bağlı sənəd bazası tamamlanmamış səciyyə daşıyır. Habomai və Şikotan adalarına gəlincə, belə xətt seçilib ki, sözügedən adalara Hokkaydo adasının tərkib hissəsi kimi yanaşılır. Sovet-yapon deklarasiyasına əsasən SSRİ həmin adaları Yaponiyaya sülh sazişinin bağlanmasından sonra verməliydi. O zamanlar haqqında bəhs etdiyimiz işçi qrupunun rəhbəri olmuş Estoniyanın xarici işlər nazirinin keçmiş müavini Reyn Müllersonun sözlərinə görə, dörd ada ilə bağlı məsələnin beynəlxalq məhkəməyə çıxarılması imkanlarına da baxılırdı. Müllersonun söylədiklərindən: «Şikotan və Habomai Yaponiyanın olmalıdır. İturup və Kunaşir üzərində SSRİ-nin mövqeyi möhkəm olsa da, mütləq deyil. Bu mövqe adaların Sovet İttifaqına məxsusluğunda sonadək inad göstərmək üçün yetərli deyil».

«Asaxi» qəzetinin yazdığına görə, işçi qrupunun apardığı tədqiqatlardan sonra hazırlanmış materiallar Qorbaçova beş nüsxəsi təqdim edilib. Ancaq SSRİ-nin süqutu ilə həmin materiallar da it-bata düşüb. Müllerson isə üç il öncə müəyyənləşdirib ki, Dövlət və Hüquq İnstitutunun keçmiş əməkldaşlarından biri həmin nüsxələri özündə saxlayıb. O, eyni zamanda Kremlin bu sənədlərdən xəbərinin olduğunu da vurğulayıb.

Qorbaçov hökumətinin dörd adanın hüquqi statusunun müəyyənləşdirilməsinə dair tədqiqatı keçmiş sovet liderinin yenidənqurma siyasətinə və beynəlxalq əməkdaşlıqdakı yeni diplomatik düşüncə tərzinə əsaslanırdı. Yapon qəzeti belə yazır və əlavə edir ki, SSRİ və müasir Rusiya eyni mövqeni bölüşür: 1956-cı ilin sovet-yapon deklarasiyasına əsasən Habomai və Şikotan adalarını Yaponiyaya qaytaracağına söz verən Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi Xruşşovdan tutmuş Yaponiya ilə münasibətləri normallaşdırmaq istəyən hazırkı prezident Vladimir Putinədək bütün liderlər bu iki adanın qaytarılması variantını nəzərdən keçirib. Qorbaçov dövründə aparılmış tədqiqat işində də göstərilib ki, münaqişə ilə əlaqədar gündoğar ölkənin mövqeyi hədsiz güclüdür.

Qeyd edək ki, ötən ilin martında Putin keçirdiyi mətbuat konfransında münaqişənin «hikivake» (heç-heçə) terminilə həllinə yönələn istəyini ortaya qoydu ki, bu da Yaponiyanın ictimai rəyinin saya salınmaması anlamına gəlirdi. Rusiyanın dövlət başçısının sözlərindən belə çıxırdı ki, o, dörd adanın 7 faizini təşkil edən Habomai və Şikotan adalarının da verilməsilə razı deyil. Nəticədə Yaponiya hökuməti hələ də gələcəyə köklənə bilmir.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə