«QULaq...»ı yazmaqda Soljenitsına kimlər necə kömək etmişdilər? (YENİLİK)

 

45 il öncə, daha dəqiq desək, 2 iyun 1968-ci ildə XX əsr rus ictimai fikrində mühüm yeri olan yazıçı, publisist və şair, 1970-ci ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı Aleksandr Soljenitsın ona məşhurluq gətirən «QULaq arxipelaqı» romanını (QULaq 1934-1960-cı illərdə mövcud olub. Sovet İttifaqında həbsxana və düşərgələrin baş idarəsi idi. Ona rəhbərliyi SSRİ-nin Daxili İşlər, Ədliyyə nazirlikləri həyata keçirirdi) başa çatdırdığını yazırdı…

A.Soljenitsın sovet həbs düşərgələrində ömrünün 8 ilini keçirmişdi. 1953-cü ildə onu Qazaxıstanın Kok-Terek auluna göndərmişdilər. Yazıçının şəxsi işində bu hadisə «ömürlük göndəriş» kimi əksini tapmışdı. Sürgündə bədənində ağrılar başlamış, düçar olduğu xərçəng xəstəliyi fəsadlarını göstərmişdi. 1953-cü ilin qışında ona Daşkənddəki onkoloji klinikaya getmək icazəsi verilmişdi.

Həmin vaxt yazıçı elə bilirdi ki, yaşamayacaq. Çünki vəziyyəti ağır idi. Buna görə də düşərgədə düşündüklərinin hamısını tez bir zamanda yazmaq qərarına gəldi. Yazdıqlarını isə şampan şüşələrinin içərisində gizlədirdi, bəzən ələ keçməməsi üçün torpağa da basdırırdı. Soljenitsının gizli saxladığı yerdən isə Nikolay Zubov adlı bir nəfərin xəbəri vardı. Zubov keçmiş «zek»lərdən idi və yazıçı ilə dostlaşmışdı. Əgər Xruşşov dövrünün mülayimləşməsi olmasaydı, təkcə Soljenıtsın deyil, onunla birgə cəza çəkən hər kəs, o cümlədən Zubov da həbsxana barmaqlıqları arasında çürüyəcəkdi. Lakin hadisələr qorxunc məcraya daxil olmadı.

Yazıçının azad etdilər. O, 1959-cu ildə «İvan Denisoviçin bir günü» əsərini yazdı. 1962-ci ildə əsər çap olundu. Soljenitsının həyat yoldaşının söylədiklərinə görə, «İvan Denisoviçin bir günü» çap olunar-olunmaz yazıçıya SSRİ-nin demək olar, bütün həbs düşərgələrinin keçmiş «zek»lərindən məktublar axışmağa başladı. Məktublarda həbsxana xatirələrindən söhbət açılırdı, eyni zamanda dəhşətli günləri görənlərdən hansının dünyasını dəyişdiyinə dair məlumatlar verilirdi. Beləcə Soljenitsın ümumxalq bəlasını qələmə alan şəxs kimi tanınmağa başlayırdı.

Özünün həbsdə keçirdiyi günlər barədə yazan Soljenitsın yaşadıqları dəhşətlərin şahidi olmuş şəxslərin də adını çəkirdi. Kitabının birinci nəşrində yalnız soyadları verməklə kifayətlənirdi. Çünki «KQB»nin (keçmiş Sovet Dövlət Təhlükəsizlik Komitəsi) həmin şəxsləri təqib edəcəyindən ehtiyatlanırdı. Ümumilikdə hekayələri və xatirələrinə istinad olunmuş 227 şahidin adı çəkirdi. Əlbəttə, belə demək mümkünsə, gözə görünməzlər də var idi ki, onlar yazıçı üçün lazımi kitabları tapır, lazım olanda artıq qələmə alınmış hissələri gizlədirdilər.

A.Soljenitsın əsas işlərini 1965-ci illə 1966-cı və 1966-cı illə 1967-ci ilin astanasında görmüşdü. O zamanlar yazıçı kiçik taxta evdə otururdu. Həmin yerə demək olar, heç kəs gəlmirdi. Belə bir məkanı ona həbsdəki dostları təklif etmişdilər.

Butırkonun ististaq təcridxanasında yazıçı ilə eyni kamerada Estoniya hökumətində nazir postunu tutmuş Arnold Suzi də cəza çəkirdi. Sonralar Soljenitsın Suziyə baş çəkməyə yollandıqda ikinci gizli şəkildə işləməyə ehtiyacı olduğu zaman yazıçıya yer hazırlamağın mümkünlüyünü vurğulamışdı. Soljenitsın həmin dövrü belə xatırlayırdı: «Əsəri yazan deyəsən heç mən deyildim. Sanki əllərim özü yazırdı… əsas istəyim bu birləşmədən «Arxipelaq»ın yaranmasıydı. Sonra ölmək olardı».

1960-cı illərdə sovet «KQB»si Soljenitsının olduğu evlərdəki danışıqları izləyirdi və proses nəticəsində yazıçının «QULAQ arxipelaqı» üzərində işlədiyi məlum idi. 1990-cı ildə işıq üzü görmüş «Kremlin özünü mühakiməsi» adlı sənədlər toplusunda da bu barədə məlumatlar yer alırdı. Lakin 1973-cü ilədək hüquq-mühafizə orqanları əsərin əlyazmalarının harada olduğunu müəyyənləşdirə bilmirdilər. 1973-cü ildə isə faciə baş verdi.

Faciənin motivinə gəldikdə onu demək lazımdır ki, Soljenitsının gözə görünməz köməkçiləri sırasında Yelizaveta Denisovna Voronyanskaya adlı qadın da var idi. Qadın «QULAQ arxipelaqı»nın bir neçə nüsxələrini müxtəlif yerlərdə gizlətməyə müvəffəq olmuşdu. Sankt-Peterburqdan olan Voronyanskayada bir nüsxə qalmışdı. 1968-ci ildə Soljenitsın əsas mətnə bəzi əlavələr etdikdən sonra qadına əvvəlki əlyazmanı yandırmağı tapşırmışdı. Yelizaveta yazıçıya ünvanladığı məktubunda tapşırığı yerinə yetirdiyini bildirmişdi. Əslində isə o, nüsxəni yandırmayaraq gizlətmişdi. Və «KQB» Voronyanskayanın izinə düşəndə məhz həmin nüsxə ələ keçmişdi. Qadın isə öz evinin damından asılı halda tapılmışdı. Canına qəsd etmişdi, yoxsa onu qətlə yetirmişdilər, bu, məlum deyil. Bir şey məlumdur ki, vəziyyətin belə dramatikləşdiyini görən Soljenitsın Qərbdəki dostlarına «QULAQ arxipelaqı»nı çap etmək barədə işarə vermişdi.

Əsərin birinci tomu işıq üzü görən kimi «KQB» təqibləri gücləndirdi. Müvafiq olaraq sovet mətbuatında Soljenitsın vətən xaini kimi qələmə verildi. Sonra isə yazıçının uzun sürən dissident həyatı başlandı.

Qeyd edək ki, 2009-cu ildə «QULAQ arxipelaqı» Rusiyada məktəb proqramlarına salındı. Əlbəttə, bu, çoxlu sayda mübahisələr yaratdı. Ancaq bir çox ekspertlər belə qənaətdədirlər ki, gənc nəslin özünün əsl tarixini bilməsi və anlaması üçün «QULAQ arxipelaqı»nı oxuması son dərəcə vacibdir.

Onu da deyək ki, 1994-cü ildə yenidən Rusiyaya qayıtmış A.Soljenitsın 2008-ci ildə 89 yaşında dünyasını dəyişib.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə