Dahilərin görünməyən tərəfləri - Maksim Qorki və Aleksandr Belyayev

Adil Mirseyid

 

Böyük proletar yazıçı Maksim Qorkinin oğlu Zinovi Peşkovun macəralarla dolu həyat tarixçəsini qısaca da olsa vərəqləyək. Gələcək yazçı Aleksey Peşkovun ata evi Novqorodda Bolşoy Pokrovski küçəsindəydi, bolşevik Yakov Sverdlovun da ailəsi həmən küçədə yaşayırdı. Maksim Qorkinin oğlu Zinovi Peşkov arasında hansı əlaqə ola bilərdi? 

Bir qədər sonra bu məsələyə aydınlıq gətirəcəyik. Yakov Sverdlovun atası qravyor idi, qoca Mixail Sverdlov Yakovdan narazı deyildi, amma digər oğlunu lənətləyib evdən qovmuşdu. O da Arzamasda yaşayan Qorkinin yanına getmişdi. Qorki gənc Sverdlovu öz himayəsinə götürmüşdü. 

Arzamasda Maksim Qorkinin "Həyatın dibində" əsərinin oxunuşunda "MXT"-ın banisi Vladimir Nemiroviç-Dançenko da iştirak edirdi. Evdən qovulmuş Sverdlov Vaska rolunun mətnini oxuyurdu. Sverdlovun ifası Nemiroviç-Dançenkonun xoşuna gəlir. Metr onu Moskvada, öz teatrında görmək istəyir. Yəqin ki, metr bu cavan oğlanda artistlik istedadının qığılcımlarını görmüşdü. Sverdlov özü də Moskvaya getmək istəyirdi, amma bu, o zaman çox müşkül məsələydi. 

Yəhudilərin paytaxtda yaşamaları qadağan olunmuşdu. Sverdlov isə yəhudi idi. Onu əsl adı İeşua Zalmandır. Yaxın adamları ona sadəcə olaraq Zina deyərdilər. İeşua Zalman Maksim Qorkinin xaç oğlu kimi pravoslav dinini qəbul edir və Zinovi Peşkov olur. 

Zinov Peşkov Moskvaya gəldi, amma aktyor ola bilmədi... 

Bolşevik inqilabının "fırtına quşu" İtaliyaya gedəndə Zinovi Peşkov "xaç atası"nın katibi sifətiylə Kapriyə yollandı. Maksim Qorki Kapridə aktrisa Mariya Andreyeva ilə yaşayırdı. Aktrisa Zinovi ilə yola getmirdi. Aktrisa onu oğurluqda günahlandırdı, amma İeşua Zalman - Zinovi Peşkov Qorkinin 50000 rubl pulunu oğurlamamışdı, Mariya Andreyeva bu pulu bolşeviklərə vermişdi. 

Zinovi evdən getdi, yazıçı Aleksandr Amfiteatrovun ədəbi katibi oldu. Elə Amfitetrovun evində gələcək arvadı Lidiya Buraqo ilə rastlaşdı. Lidiya Buraqo Amfiteatrovun maşinistkasının bacısıydı, İtaliyaya tətilə gəlmişdi. Maksim Qorki bu izdivaca razı olmasa da, Z.Peşkov Lidiya ilə evləndi. Bu izdivacdan Zinovinin yeganə övladı Yelizaveta Peşkova dünyaya gəlib. 

Birinci Dünya müharibəsi ərəfəsində Zinovi Peşkov Fransaya mühacirət etdi. Müharibə başlayanda o, pravoslavdan çıxıb katolik oldu, 1916-cı ilin fevral ayında Xarici legionun sıravi əsgəri Zinovi Peşkov cəbhədə ağır yaralandı. Peşkov ölümcül yaralanmışdı, sağ qalacağına ümid yox idi. Bu səbəbdən də sanitarlar yaralını döyüş sahəsindən çıxarmaq istəmirdilər. Leytenant yaralı əsgərin döyüş sahəsindən çıxarılmasında israrlıydı. Hospitalda Peşkovun sağ əli amputasiya olundu. Onu döyüş sahəsindən çıxaran, əslində ölümdən xilas edən leytenant hospitalda ona baş çəkdi, onlar dostlaşdılar. Hərbi xidmətlərinə görə mühacir Zinovi Peşkov Fransa vətəndaşlığı aldı. Əsgər Peşkovu ölümün pəncəsindən xilas edən cavan leytenant sizcə kim olsa yaxşıdı - cavan fransız leytenantın adı Şarl de Qoll idi. 

Boris Bajanov Sverdlovlar ailəsinin Nijni Novqoroddan tanıyırdı - "Oğlunun müharibədə bir əlini itirdiyi xəbəri gələndə qoca Sverdlov çox həyəcanlandı - hansı əlini itirib - dedi. Oğlunun sağ əlini itirdiyini öyrənəndə qoca sevincək oldu. Qədim yəhudi inancına görə, ata oğlunu lənətləyəndə, lənətlənmiş oğul məhz sağ əlini itirməlidir". 

Deməli, qoca yəhudinin lənəti oğlunu Fransada yaxalayıb. 

Boris Bajanov sonralar Kremldə çalışıb, İ.V.Stalinin köməkçisi olub. 

Maksim Qorki məktublarında xaç övladının nankorluğundan şikayət edir. 

Yakov Sverdlov isə böyük qardaşı İeşua haqqında heç nə yazmır... 

Şarl de Qollun köməyi ilə Peşkovun diplomatik karyerası baş tutur. O, sürətlə mənsəb pillələriylə irəliləyir. 

Tarixçi yazar Roy Medvedyev "Sverdlovlar. Bir ailənin şöhrəti və faciəsi" əsərində yazır - "Zinovi, Maksim Qorkinin xaç oğlu Oktyabr inqilabını nifrətlə qarşıladı. Vətəndaş müharibəsi zamanı o, Fransa dövlətinin və kəşfiyyatının emissarı sifətiylə dəfələrlə Sovet Rusiyasına gəlib".

Jurnalist İrina Korşikova: - 1943-cü ildə fransız ordusunun podpolkovniki Zinovi Peşkov Afrikada qulluq edirdi, onun komandiri Hitlerə açıq-aşkar rəğbət bəsləyirdi, Zinovi buna seyrçi qala bilməzdi. Bu məsələ hərbi tribunalda həll olundu, hərbi tribunal ən ağır cəza - güllələnmə hökmü çıxardı, amma Zinovi həbsdən qaçdı və təcili olaraq de Qolla görüşdü. Bu görüşdən sonra ona briqada generalı rütbəsi verildi.

Serqo Beriyanın "Mənim atam Lavrenti Beriya" kitabından: "Atam və ona yaxın olan adamlar Zinovi Peşkov haqqında rəğbətlə danışırdılar. O zaman mən fransız kəşfiyyatının başçısı Zinovi Peşkovun Yakov Sverdlovun doğma qardaşı olduğunu öyrəndim". 

General Peşkov 1966-cı ildə Parisdə, ryu Lariston küçəsindəki mənzilində vəfat edib. O, Sent-Jenevyev-de-Bua qəbiristanlığında dəfn olunub. 

Oktyabr inqilabından sonra Fransaya mühacirət etmiş ruslar adətən bu qəbiristanlıqda uyuyurlar. Hardasa oxumuşam ki, Paris ətrafındakı bu qəbiristanlıqda on beş minə yaxın rus mühaciri Fransa torpağına qarışıb. Onların arasında tanınmış artistlər, yazçılar və alimlərin adlarına rast gəlmək mümkündür. Maksim Qorkinin oğlu, Yakov Sverdlovun doğma qardaşı, Şarl de Qollun dostu, qoca yəhudi Mixail Sverdlovun lənətlədiyi İeşua Zalman, Zinovi Peşkov - əslində kim olub - bunu yalnız o, özü bilirdi... 

*** 

1937-ci ildə bolşeviklər Çarskoye Selonun adını dəyişdirdilər. Alman faşistləri Puşkino şəhərini tutanda məşhur sovet fantastı, yazıçı Aleksandr Belyayev əfsanəvi kəhrəba otaq haqqında əsər üzərində işləyirdi. 

Rəsmi mənbələrdə "Amfibiya adam", "Professor Douelin başı", "Mühəndis Qarrinin hiperboloidi" kimi məşhur romanların müəllifi 1942-ci ilin yanvar ayında aclıqdan ölüb. Yazıçının cəsədi ümumi qəbirdə dəfn olunub. 

Başqa bir versiya da mövcuddur - guya yazıçını alman generalı son mənzilinə yola salıb. 

Yazıçı yanvar ayında ölüb, mart ayında isə onun arvadı və qızını almanlar Polşaya aparıblar. Sonralar Kazan qəbiristanlığında Belyayevin xatirəsi əbədiləşdirildi. Kazan qəbiristanlığında yazıçının qəbri var, amma baş daşının altında mərhumun cəsədi yoxdu. 

Rus publisisti Fyodor Morozovun sözlərinə görə, Belyayev kəhrəba otaq haqqında povest yazırmış, bu da gestaponun marağını çəkib.

Publisist yazır ki, gestapo yazıçıdan konsultant kimi istifadə etmək istəyib. Yazıçı kəhrəba otaq haqqında çox şey bilirdi. 

Bəlkə yazıçı almanlarla işbirliyinə getməyib, gestapoda işgəncə ilə öldürülüb... 

Kəhrəba otaq Köniqsberq Kral qəsrini süsləyən nadir sənət əsəri kimi sərgilənirdi. 1944-cü ilin avqustunda ingilis hərbi təyyarələri Köniqsebrq şəhərini bombalayan zaman qəsrdə yanğın baş verdi. Kəhrəba panelləri yeşiklərə doldurub zirzəmidə gizlətdilər. 

1945-ci ilin aprelində Sovet qoşunları şəhərə girdi... Kəhrəba otaq qeybə çəkilmişdi. 

Ötən əsrin səksəninci illərində Puşkində Kəhrəba otağın bərpa işləri başlandı. 2003-cü ildə Sankt-Peterburqun 300 illiyi ərəfəsində kəhrəba otağın pannoları bütünlüklə bərpa olundu. Amma kəhrəba otağın orijinal pannoları hələ də axtarılır... 

1939-cu ildə yazıçı Aleksey Tolstoy Almaniya ilə dostluq nişanəsi kimi kəhrəba otağın Hitlerə ərməğan edilməsini təklif edib. Stalin Hitler üçün kəhrəba otağın dublikatını hazırlatdırıb. Müharibənin başlanmasına təxminən bir ay qalmış orijinal sökülərək yeşiklərə yığılıb. Deyilənə görə, yeşiklər Yekaterina sarayına gətirilib. 

Orijinalın yerində isə Stalinin hazırlatdırdığı maket quraşdırılıb. 

Deməli, kəhrəba zalın dublikatı almanların əlinə keçib.

Gəlin bir qədər də gözləyək, bəlkə kəhrəba otaq bir gün öz sirrini açacaq.

Hərdən ağlıma gəlir ki, bəlkə kəhrəba otağın pannoları izsiz-soraqsız qeyb olmayıb və rekonstruksiya məsələsi də sadəcə olaraq gözəl uydurulmuş bir mistifikasiyadır. Bəlkə gerçək plitələr zirzəmilərdən çıxarılıb öz yerinə qoyulub? Kəhrəba otağın bərpasına başçılıq etmiş A.Kedrinski görəsən bu məsələyə necə aydınlıq gətirərdi?

Təəssüf ki, A.Kedrinski də "susmaq qızıldı" deyib. Bəs böyük fantast Aleksandr Belyayevin üzərində işlədiyi povestin əlyazması haqqında nə bilirik? - əlyazmaları yanmır... 

*** 

Yekaterina sarayı Çarskoye Selonun əsas rəmzlərindən biridir. Sarayın otaqlarından biri təbii kəhrəbadan mozaik panno ilə süslənib, kəhrəba plitələri Prussiya imperatoru Fridrix I Pyotra diplomatik hədiyyə qismində bağışlamışdı. İkinci dünya müharibəsi zamanı alman faşistləri kəhrəba otağın mozaik pannolarını söküb aparıblar... 

Kəhrəba otağın sirri XX əsrin ən böyük müəmmalarından biri olaraq qalır...

ekspress.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə