Mükafat adına rəzalət (ETİRAZ)

Ceyhun MUSAOĞLU

Bir "mükafat" var, Nəşriyyatda oturur. Özünə xeyli adamı sarıyıb. "Qələmdi", "Qızıl Qələm"di. Hələ ona ilişən bir dəfə də deməyib ki, qızıl qələm yazmaq üçün deyil.

Doğrudan çox biabırçı bir hiylədi. Qoca kişidi. İşi Nəşriyyatın dəhlizində dayanmaqdı. Onun üzünü görənlər adını bilənlərdən 1000 dəfə çoxdu. Kimin əynində kostyum var, özünü qalstukundan asıb, kimin görkəmindən bülbüllü qafiyələr tökülür, saçları misralar kimi tel-teldi, ona yaxınlaşıb soruşur:

- Sizə "Qızıl Qələm" verməmişəm?

Yenə soruşurdu. Eşitdim. Başqasının söhbətini dinləməzlər. Pozdum bu yasağı, qopuz məni bağışlasın.

Qələmin yeyəsi o qədər yaşlıdı ki, inkarla təsdiqin fərqini başının hərəkətindən analamaq olmur. O birisi isə dirənib:

- Yox e, bu mükafatı alandan sonra biləcəklər mən şairəm?

Cavab yenə də baş hərəkəti ilə verilir. Mən anlamıram. Şair olmaqdan daha çox, şair olduğunu bilsinlər deyə, hərdən dütdütlərlə danışan adam isə başa düşür. Təkidindən də qalmır:

- Ay müəllim, hardan biləcəklər axı şairə belə bir mükafat veriblər, kim biləcək? Bu suala lal da olsa gərək cavab verə. Verir.

- Jurnalistlər İttifaqı ( belə bir ittifaq yoxdu-C.M) ilə, Yazıçılar Birliyi biləcək.

Xeyri yoxdu, qələm adamın ayağına ilişib, əyilib götürəcək. İstəyir ki, əyilib götürəndə bunu hamı görsün. Şikayət edir:

- Eh, sənin dərdin alım...Yazıçılar Birliyi bilmir ki, mən onun üzvüyəm...

Vəssalam, hərif tora düşdü. Torun ağzını bağlayıb, açılmasın deyə düyünə qələm keçirdilər. Hıqqına hıqqına danışan satıcı deyir:

- "Qızıl Qələm"i alandan sonra biləcəklər? Bu yerdə aşıq "qiymət soruşdu, soruşdu" rədifli qoşmasını oxuyur. Qiymətini soruşur. Satıcı hər iki əlini açıb bütün barmaqlarını yelləyir, ama dili ilə "50" manat deyir...

Tamaşa bitir. Lift pərdə düşməyindədi. "Alıram" nidası eşidilir. Pərdənin o üzünə keçirəm.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə