Qarakənd səmasında donan kadr Milli Qəhrəman

Yazı “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsi çərçivəsində hazırlanıb.
Yazı “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsi çərçivəsində hazırlanıb.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid operator Fəxrəddin Şahbazovun xatirəsinə

 

1988-ci ildə ermənilərin Dağlıq Qarabağa iddialarını yenidən irəli sürmələri ilə bölgədə gərginləşən vəziyyət 1991-ci ildə SSRİ-nin süqutundan sonra Azərbaycanla Ermənistan arasında irimiqyaslı və qanlı müharibəyə çevrildi.

Sovetlərin mövcudluğunun son illərində Moskvadan hərtərəfli, o cümlədən silahlı dəstək alan ermənilər Azərbaycanda əhalidən ov tüfənglərinin belə müsadirə olunmasından istifaə edərək, işğalçılıq niyyətlərini sürətlə həyata keçirməyə başladılar.

Təbii ki, Azərbaycanın o vaxtkı hakimiyyətinin ermənilərin genişlənən təcavüzünə qarşı fəaliyyətsizliyinə baxmayaraq, xalq torpaqların müdafiəsi üçün toparlanmağa cəhd edir və hər kəs bu işə bacardığı dərəcədə öz töhfəsini verməyə çalışırdı.

Əlbəttə, öz havadarlarının köməyi ilə Azərbaycan ərazilərinin işğalını qarşısına məqsəd qoymuş ermənilərin təcavüzünün qarşısını almaq üçün ilk növbədə silaha sarılıb düşməni yerində oturtmaq tələb olunurdu. Lakin Qarabağ müharibəsinin gedişi göstərdi ki, xalqa, Vətənə ən böyük fayda hər kəsin öz işinə vicdan və məsuliyyətlə yanaşmasıdır. Yəni əlində silah ön cəbhədə düşmən atəşinə sipər olan əsgərlərlə bərabər, başqa istiqamətlərdə çalışıb-işləyən insanların da öz sahələrində üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmələri lazım gəlir. Bunun nəticəsidir ki, müharibə zamanı düşmənlə birbaşa döyüşən hərbçilərlə yanaşı, başqa peşələrdə çalışan mülki vətəndaşlarımız arasında da vəzifə borcunun icrası zamanı erməni gülləsinə tuş gələrək şəhid olan çox sayda soydaşımız var.

Onu da qeyd edək ki, Qarabağ münaqişəsinin başlanğıcında və konfliktin müharibəyə çevrilməsinin ilk dönəmlərində cəbhə bölgəsində peşə fəaliyyətini yerinə yetirərkən şəhidlik zirvəzinə yüksələn qeyri-hərbçilər sırasında jurnalistlər üstünlük təşkil edirlər.  

Qələm sahiblərini şəhidlik ucalığına aparan yolda ilk cığırı isə 1991-ci ilin yanvarında “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri Salatın Əsgərova açıb. Müntəzəm olaraq Dağlıq Qarabağa ezamiyyətə yollanan, oradakı vəziyyət və düşmən əhatəsində qalan soydaşlarımızın vəziyyəti barəsində ardıcıl materiallar dərc etdirən S.Əsgərova göstərilən tarixdə ermənilərin xain basqını nəticəsində şəhid oldu.

Azərbaycan mətbuatı növbəti şəhidlərini bir də on ay sonra – 1991-ci il noyabrın 20-də verdi. Həmin gün Azərbaycanın yüksək vəzifəli dövlət rəsmilərinin, hərbçilərin və jurnalistlərin olduğu vertolyot Dağlıq Qarabağın Qarakənd kəndi üzərində ermənilər tərəfindən vuruldu. Həlak olanlar arasında dövlət televiziyasının üç əməkdaşı – telejurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov və işıqçı Arif  Hüseynzadə də vardı.

A.Mustafayev o dövr üçün Azərbaycanın ən nüfuzlu telejurnalistlərindən biri idi və dövlət televiziyasının ən peşəkar kadrlarından hesab olunurdu. A.Mustafayev televiziyada yüksək vəzifə tutmasına baxmayaraq, cəbhə bölgələrinə müntəzəm səfərlər edir və aktual süjelər hazırlayırdı. Hər ezamiyyətə yollandıqda da öz texniki tərəfdaşlarını – F.Şahbazovla A.Hüseynzadəni özü ilə aparırdı. Amma 1991-ci il nayobrın 20-də baş vermiş o məlum hadisə adları çəkilən televiziya işçilərinin əməkdaşlığı ilə bərabər, onların həyatına da son qoydu. Bu yazıda həlak olduqdan təqribən bir il sonra – 1992-ci il dekabrın 4-də Azərbaycan prezidentinin fərmanı ilə Milli Qəhrəman adına layiq görülmüş Fəxrəddin Şahbazovdan bəhs edəcəyik.

F.Şahbazov 1950-ci ilyanvarın 22-də Bakıda anadan olub. 1957-ci ildə paytaxtın nüfuzlu 20 saylı orta məktəbinnə daxil olub və oranı 1967-ci ildə bitirib. O, 1969-71-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra 1972-ci ildə o zaman çoxlarının xəyal etdikləri yerdə - Azərbaycan Teleradio Şirkətində fəaliyyətə başlayıb. F.Şahbazov həmin tarixdən etibarən, şəhid olduğu günə qədər təqribən 20 il ərzində orada operator işləyib.

Qarabağ münaqişəsinin başlaması ilə Azərbaycanda yenidən vüsət alan milli hərəkatda F.Şahbazov da fəal iştirak edir. O dövrdə ciddi təzyiq və məhdudiyyətlərə baxmayaraq, F.Şahbazov mütəmadi olaraq Dağlıq Qarabağa yollanan ezamiyyət qruplarında yer alır və orada yaşananları kamerasının yaddaşına köçürürdü. Milli təəssübkeşliyi güclü olan şəhid operator hətta ciddi cəzalandırıla biləcəyindən çəkinməyərək, bəzən müstəqil surətdə çəkilişlər aparır,  dövrün gerçəkliklərini tarix üçün saxlayır, imkan olduqda isə həmin süjetləri xarici telekanallara da ötürürdi.

Bu baxımdan, F.Şahbazovun 1991-ci il noyabrın 20-də Qarakənd səması üzərində ermənilərin vurduğu vertolyotda olması təsadüf yox, özünəməxsus bir qanunauyğunluq sayılmalıdır. Çünki F.Şahbazov kimi milli təəssübkeş rahat, təhlükəsiz şəraitdə işləməyi yox, məhz şüurlu surətdə şəhidliyi seçəcək bir vətənpərvər idi.

Operator işi elədir ki, tamaşaçı onun çəkdiyi süjeti izləsə də, o kadrların müəllifi haqda bilgisi olmur, onu tanımır və bəlkə onu haqqında heç fikirləşmir də. Lakin F.Şahbazov öz şəhidliyi ilə peşəsini də tanıtmağa, ağır şəraitdə ərsəyə gətirilən süjetlərin müəlliflərinə yönəlik maraq və hörmət yaratmağa nail oldu.

Azərbaycan dövləti ölkənin ərazi bütövlüyü uğrunda şəhid olan hər bir soydaşımız kimi, F.Şahbazovun da Vətən qarşısında xidmətlərini yüksək səviyyədə nəzərə alıb. Həlak olduqdan sonra Şəhidlər Xayabanda dəfn olunan F.Şahbazova 1992-ci il dekabrın 4-də Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Bakının Məmməd Əmin Rəsulzadə qəsəbəsindəki küçələrdən biri də şəhid operator F.Şahbazovun adını daşıyır.

Bundan başqa, ötən ilin noyabrında gəncliyində idmanın ağır atletika növü ilə ciddi məşğul olan F.Şahbazovun xatirəsinə həsr olunan turnirin təşkili də onun şəhid ruhuna olan hörmətin bir göstəricisidir.

F.Şahbazovun ailəsi də dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Sözügedən turnirin təşkilatçılarının şəhid operatorun ailəsinə mənzil hədiyyə etməsi isə dövlətlə yanaşı, başqa qurumların, ümumilikdə xalqın Vətən uğrunda həlak olmuş F.Şahbazovun xatirəsinə dəyişməz sayğısından xəbər verir. 

Seymur VERDİZADƏ

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə