BAMF-ın layihəsinin üzvləri Beynəlxalq Gənclər Gününü qeyd etdilər

2013-cü il avqust ayının 12-də UNİCEF və Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən (BAMF) “Azərbaycan Gənclərinə Dəstək Proqramı”nın (AGDP) həyata keçirildiyi regionlardan olan gənclər Beynəlxalq Gənclər Günü münasibətilə bir araya gəliblər. Məlum olduğu kimi, BMT bu ilin mövzusunu “Gənclərin  miqrasiyası: irəliləyir və inkişaf edir” elan edib. BAMF-ın Tərtərdə yerləşən Peşə Təlim Mərkəzindən 40-dan çox gənc bu tədbirin iştirakçısı olub.

Mövzu miqrasiya ilə bağlı olduğuna görə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı ofisinin nümayəndəsi də tədbirdə iştirak edib və gənclərə müvafiq məslələrlə bağlı ətraflı məlumat verib. Tədbir BAMF-ın sədri Umud Mirzəyevin açılış nitqi ilə başlayıb. O, günün əhəmiyyətindən, UNİCEF-in kənd yerlərində yaşayan yeniyetmə və gənclərin inkişafına göstərdiyi dəstəkdən danışıb. Həmçinin AGDP-nın fəaliyyət qrupunun üzvü BMT-nin Baş Katibinin Beynəlxalq Gənclər Gününə həsr olunmuş nitqini çatdırıb.

Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndəsi xanım Səltənət Məmmədova  təqdimat və insan alveri ilə bağlı təhlükələr barədə filmin nümayişi vasitəsilə iştirakçılara qlobal miqrasiyanın müsbət tərəfləri ilə yanaşı, təhlükələrinin qurbanı olmaq mümkünlüyü barədə də söz açıb: “Ailə, təhsil,   yenilik və macəra tapmaq  gənclərin miqrasiya etməsinin səbəblərindəndir. Miqrantlar sivilizasiyaya və inkişafa böyük töhfələr vermişdir və bu cərəyan hər zaman davam edəcəkdir, çünki insanlar daim hərəkətdədirlər”, deyən xanım Məmmədova eyni zamanda bildirib ki, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycadakı ofisi mütəmadi olaraq  yerli dillərdə məlumat materialları çap edərək onları Azərbaycan gəncləri arasında yayır.  O, gəncləri dünyanın digər yerlərinə  miqrasiya etmədən öncə bu sahədə  çalışan müvafiq  qurum və   təşkilatlarla məsləhətləşməyi tövsiyə edib.

BAMF-ın sədri cənab Mirzəyev vurğulayıb ki, gənclər ilk növbədə öz cəmiyyətlərində məsuliyyətli  olmalıdırlar. Onun fikrincə, yalnız bu halda,    gənclər formalaşdırdıqları müsbət dəyərləri yaşadıqları yeni mühitdə tətbiq edə bilərlər. U.Mirzəyev həmçinin qeyd edib ki, Azərbaycanın dünyaya verə biləcəyi təklifləri çoxdur və eyni zamanda, miqrasiya edərək Azərbaycan cəmiyyətinə inteqrasiya etmiş mütəxəssislərin təcrübələrindən əhəmiyyətli dərəcədə yararlanılır.  

BAMF-ın Layihə direktoru və UNİCEF/ BAMF AGDP layihəsinin əlaqələndiricisi Nick Nwolisa gənclərlə dialoq sessiyasına moderatorluq edib. Gənclər miqrasiya ilə bağlı müxtəlif suallara cavab veriblər və öz düşüncələrini bölüşüblər. Gənclər dövlət proqramı vasitəsi ilə ali təhsil almaq məqsədi ilə həmyaşıdlarının ABŞ, Böyük Britaniya və Avropaya göndərilməsini həvəs və coşğuyla qarşıladıqlarını bildiriblər. Bununla belə onlar qeyd ediblər ki, dövlət proqramları ölkənin bütün bölgələrini əhatə etsəydi, kənd yerlərində yaşayan gənclər imkanlardan bərabər şəkildə yararlana bilərdilər və bu zaman təşəbbüs daha təsirli olardı. Gənclər arasında inam ifadə olunub ki,  Azərbaycana miqrasiya edənlər ölkəmizə müsbət dəyərlər gətirir və xaricə gedən azərbaycanlılar da getdikləri ölkəyə müsbət dəyərlər aparırlar.

Görüşdə Ağdam, Tərtər, Beyləqan, Yevlax və Bərdədən olan gənclərlə yanaşı BAMF-ın heyət üzvləri, Beynəlxalq Miqrasiya Təşkilatının heyəti və Peşə Təlim Mərkəzinin könüllüləri də iştirak ediblər. Sülh korpusunun könüllüləri xanım Leigh Maddox və cənab Mathew Nelson gənclərin miqrasiyasının qlobal inkişafa təsirindən danışıblar. Azərbaycan Mina Qurbanları Assosiyasiyasının Tərtər şöbəsi üzvləri  də tədbiri müşahidə ediblər. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə