“Bu şəhərdə” balıqçısının kişilik dərsi (BAXIŞ)

Əvəz RÜSTƏMOV

 

"Bu şəhərdə"nin "Balduz" konsert proqramı ötən il baş tutub. Bu ilin noyabrında, yəni “Balduz”dan bir il sonra Rafaellə Çoşğunun növbəti çıxışı gözlənilir. Proqramın anonslarını eşidirik. Lakin geniş miqyaslı reklam-təbliğat işini bir qayda olaraq “Spece” telekanalı aparır. Ötən bazar məhz bu telekanalda “Balduz”u izləmək imkanım oldu. Niyəsə, diqqətimi balıqçı səhnəsi çəkdi. Bir anlığa düşündüm ki, varlı adam yenidən öz xoşu ilə kasıb olmaq istəyərmi? Amma təkcə bunu düşünmədim.

Deməli, məlum hekayədir, kasıb adam qızıl balıq tutur, o da onun üç arzusunu yerinə yetirəcəyini deyir. Təbii ki, yenidən dəryaya buraxılmaq müqabilində. Kasıbın birinci arzusu varlanmaqdır. Qızıl balıq sözünü tutur. Xəstə anasına balıq payı aparmaq üçün dəryaya üz tutmuş adam varlanır. Sonra səhnədə zəngin həyatının incəlikləri tərənnüm edilir. Axırda varlanmış kasıb həyat yoldaşının onun anasına baş çəkmək istəməməsi səbəbindən (belə görünür) qızıl balığın yanına gəlir və yenidən kasıba çevrilmək istəyini belə ifadə edir: "...bəlkə kiminsə xoşuna gəlir, amma mənim xoşuma gəlmədi. Bilirsən, çox çətindi, mənlik deyil. Varlanasan, amma eyni zamanda insan qalasan. Bu, hər kişinin işi deyil..."

Ura, bütün zal əl çalır... Amma nəyə? Belə görünür, varlı olduqda kişiliyin ikinci plana atılma təhlükəsinin qabardılmasına. Yəni, bu eyhamdır. Varlı olmaq istəsəniz, kişiliyinizdə (fiziki mənada nəzərdə tutmuram) problemin yarana bilmə riski böyükdür. Və kasıb üçün ənənəvi sınaq - ana. Yadıma bir kasıbın yüz qram araqdan sonra zülüm-zülüm “ana” deyib ağlaması düşdü...

Demək, varlılıq həyat yoldaşınızın ananıza qarşı çıxmasına da gətirəcək. Məsələ dramatikləşir. Tipik azərbaycanlı Sizcə, nə düşünür? Əslində düşünmür. Bir halda ki varlılığın əxlaq dəyərləri həyat yoldaşının anaya baş çəkməsinin ikinci plana atılmasına əsaslanırsa və prinsipial olaraq kasıblığı doğuran səbəb həm də savadsızlıqdırsa, o zaman “Bu şəhərdə”nin məlum səhnəsi şüuraltı şəkildə kasıbda, yəni savadsız adamda hansı assosiasiya doğuracaq? Yüz faiz varlanmaq istəməyəcək. O, Rafael, yəni balıqçı kimi davranmağın lazım gəldiyi qənaətini rəhbər tutacaq. Müvafiq şəkildə varlanmaq, yaxşı yaşamaq üçün gərəkən hərəkət və davranışlar sistemi də iflasa uğrayacaq.

Barışmaq. Bəli, kişilik üçün düşdüyü kasıb durumla barışmaq. Yəni, ac ol, kişi ol. Təəssüf ki, Azərbaycan reallığı bu deyimi arxa plana ata bilmir. Amma təzada da baxın ki, həmin ictimai rəy böyük ölçüdə acı deyil, toxu kişi, nümunəvi insan kimi qəbul edir. Məclislərdə yuxarı başda əyləşdirir, hamıdan öncə ona söz verir, lazım gəldi-gəlmədi ağsaqqal, ağbirçək kimi irəli çıxardır, məsləhətinə sığınır. Vay-vay, hələ ona yaltaqlanır da...

Başqa bir məqama da diqqət yetirək. Söhbət kasıb adamın kişi, varlı adamınsa belə demək mümkünsə, primitiv ana sınağından çıxa bilməyən nakişi obrazının təqdimatından gedir. Axı, əslində kişilik və ya nakişilik kasıb-varlılıqla ölçülən şey deyil. Razıyam ki, bizlərdə hər kişinin işi deyil, varlansın, amma insanlığını saxlasın - “balıqçı” müəyyən mənada düz deyir. Amma bunu dəniz kənarında balıq tutan balıqçılar da bilir. Söz aktyor Rafael İsgəndərovun balıqçı obrazının dilindən çıxırsa, artıq fikir istər-istəməz topluma hesablanıb. Yəni, cəmiyyətimizdəki mövcud mənfi stereotip aktyorun dili ilə bir növ, təntənə qazanır. Avropada və ya Amerikada belə bir səhnəyə quruluş verildiyini təsəvvürə gətirə bilərsinizmi? Axı biz Qərbə inteqrasiya yolu tuturuq. Vara-dövlətə halal zəhmət hesabına qovuşulacaq cəmiyyəti arzulayırıqsa, bu statusa nəyinsə hesabına yiyələnmişlərin hansısa heyvani hisslərindən irəli gələn hərəkətləri nəyə görə ehkamlaşdırmalı, insanlarımızı iyrəndirməliyik? Anormal hissləri tənqid edirmişik kimi görkəm alaraq əslində hansısa mənada onların vətəndaşlıq hüququ qazanmasına xidmət görtərmirikmi? Baxın, neçə illərdir, “Bu şəhərdə” yol polislərini tənqid edir, ancaq tənqiddən nəticə çıxaran yoxdur. Rafael və Çoşğunun təqdimatlarındakı polis obrazı isə az qala bu peşənin daşıyıcıları üçün etalona çevrilib. Deməli, məsələyə daha peşəkar yanaşmaq lazımdır. İndiki halda isə söhbət təkcə zənginliyin dəyişdirdiyi insan tipinin anaya münasibətindən getmir, həmin insanın ətrafdakı hər şeyə baxışı anormaldır. Sizcə, “Bu şəhərdə”nin balıqçı səhnəsi harınlamış varlını insanlıq barədə düşündürürmü? Məncə, qətiyyən yox.

Demirəm, dünyanın hətta qabaqcıl deyilən ölkələrinin balıqçılarının hamısı bizdəkilərdən fərqlənirlər. Bəlkə onlar da torlarına qızıl balığın düşməsini, ona diləklərini çatdırmağı arzulayırlar. Ancaq miskin deyillər. İctimai rəy də onların timsalında topluma hesablanmış mesajlara həssasdır. Hansısa formada aşağılanma əsla qəbul edilməz. Həm də ona görə qəbul edilməz ki, Qərb dəyərləri insanı hərtərəfli varlı olmağa can atan kimi görmək istəyir, zənginlik yolunda azğınlaşan qiyafəsində yox. “Bu şəhərdə”nin məlum səhnəsi isə əslində uçurum yaradır. Uçurum zənginliklə kasıblıq arasındadır. Kasıb varlı dünyasından tamamilə uzaqdır və mövcud uzaqlıqda itib-batan ictimai motivdir. Yəni, kasıbın varlı dünyasından nəyə görə uzaq düşdüyü soruşulmur. Yaradılmış mənzərə təxminən “pişiyin ağzı ətə çatmayanda deyər iy verir” məsəlini xatırladır. Bizə belə bir xatırlatma lazımdırmı?

Sonda bütün bunları nəyə görə yazdığıma aydınlıq gətirim. Bəlkə bu səhnəni başqa yumoristik proqramda görsəydim, reaksiya verməzdim. Amma hadisələr “Bu şəhərdə”də vaqe olursa, məsələyə sıradan yanaşmaq mümkünsüzdür. Axı, Rafaellə Çoşğunun müxtəlif çıxışlarında ictimailik olub və var. Yəqin elə buna görədir ki, onların konsert proqramları günlərlə, özü də anşlaqla keçir. Hələ hər çıxışın orijinal və mümkündür ki, pirat disklərinin yayılmasını demirəm. Ortada əminəm ki, Azərbaycan reallığı üçün fantastik göstərici var və zənnimcə, bu göstərici halal zəhmət hesabına varlanmağa imkan verir. 12 yaşını qeyd etməyə hazırlaşan “Bu şəhərdə” kollektivinə məhz az öncə yazdıqlarımdan çıxış edərək suallar ünvanlamaq da yerinə düşər. Məsələn, soruşmaq mümkündür ki, konsertə gələnlər varlılardır, ya kasıblar? Qiymətlərə əsasən demək olar ki, orada kasıb adamlar olmur, ya da onların sayı azdır… Bunları bir kənara qoyub “Bu şəhərdə”nin cəmiyyətə təsirini qabartmaq istəyirəm. Nə də birmənalı o fikirdə deyiləm ki, haqqında bəhs etdiyim səhnə bilərəkdən hazırlanıb. Amma bilmək lazımdır. Ciddi işlə məşğul olan peşəkarlar təqdim etdikləri məhsulların hər tərəfini dəqiq təhlil etməlidirlər. Çünki onlar təkcə tamaşaçı, seyrçi toplamaq deyil, onu formalaşdırmaq missiyasını da üzərilərinə götürürlər. Bu, əslində ziyalılıq missiyasıdır və bu missiya üçün 12 il heç də az müddət deyil. “Bu şəhərdə”yə uğurlar!

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə