Jurnalist-QHT Koalisiyası ilkin hesabatını açıqlayıb

 

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azad və ədalətli seçkilər uğrunda” Jurnalist Təşkilatları və QHT Koalisiyasının həyata keçirdiyi “2013-cü il prezident seçkilərinin monitorinqi” layihəsinin 1-ci mərhələsi çərçivəsində aralıq hesabat açıqlanıb. Aralıq hesabat 1 iyun – 17 sentyabr 2013-cü il tarixlərini əhatə edir.

Hesabatda qeyd olunur ki, monitorinq prosesi zamanı siyasi partiyalar və medianın sərbəst fəaliyyəti üçün hər hansı məhdudlaşdırıcı  faktorlar, müdaxilə və təzyiqlər qeydə alınmamışdır.

Siyasi partiyaların, medianın və vətəndaş cəmiyyəti institutlarının 9 oktyabr prezident seçkilərinə fəal hazırlaşdıqları müşahidə olunur. Ümumiyyətlə, cəmiyyət səviyyəsində 9 oktyabr seçkiləri ilə bağlı canlanma və fəallıq diqqəti çəkir. Bölgələrə monitorinq səfərləri, seçicilərlə görüşlər vətəndaşların seçkiyə hazırlıq prosesini diqqətlə izlədikləri və məlumatlı olduqlarını göstərib. Əvvəllki illərlə müqayisədə seçicilərin seçki prosedurları, seçkilərdə müşahidəçilik, səsvermə prosedurları, imzatoplama kampaniyası ilə bağlı daha məlumatlı olduqları  diqqət çəkir.

Azərbaycanda dövlət qeydiyyatından keçmiş 55 siyasi partiyadan 8-nin sədri prezidentliyə namizəd kimi qeydə alınıb. Bu isə dövlət qeydiyyatına alınmış partiyaların 14.54 faizi deməkdir. Ümumilikdə, dövlət qeydiyyatında keçmiş partiyaların 50 faizdən çoxunun bu və ya digər formada (namizəd irəli sürülməsi, seçki koalisiyalarında təmsil olunmaq) seçki marafonunda fəal iştirakı qeydə alınıb. 21 nəfərin prezidentliyə namizədliyi irəli sürülüb və onların namizədliyi MSK tərəfindən təsdiqlənib. Ümumilikdə, 11 partiya namizəd irəli sürüb.

Qeydiyyata alınan 10 namizəddən 8-i siyasi partiyaları təmsil edir.

Siyasi partiyalara, namizədlərini irəli sürən şəxslər və bütün maraqlı tərəflərə qanunvericiliklə qadağan edilməyən bütün növ fəaliyyətlərin həyata keçirilməsinə şərait yaradılıb. İcra hakimiyyəti strukturlarının, yerli özünüidarəetmə orqanları və seçki adminstrasiyasının qanun çərçivəsində fəaliyyət göstərdiyi və kənar müdaxilələrin olmadığı qeydə alınıb.

Hesabatda bildirilir ki, imzatoplama kampaniyası sakit məcrada, qanunvericiliyin tələblərinə əməl olunmaqla keçib. Jurnalist-QHT Koalisiyasının bölgələrdə keçirdiyi görüşlər zamanı məlum olub ki, seçicilər sərbəst şəkildə imzatoplama kaampaniyasında iştirak ediblər. Seçki adminstrasiyası və yerli icra hakimiyyəti orqanlarının kampaniyaya müdaxiləsi, seçicilərlərə təzyiqlərlə bağlı hər hansı fakt qeydə alınmayıb.

KİV-in ilkin monitorinqi də göstərir ki, imzatoplama kampaniyasına müdaxlilələrlə bağlı təsdiqlənmiş faktlartla bağlı məlumat və xəbərlər verilməyib.

Hesabatda vurğulanır ki, seçkilərin demokratik keçirilməsinə zəmin yaradan əsas amillərədn biri də yüksək seçici fəalllığıdır. Seçicilərlə görüşlər zamanı əldə olunan məlumatlar və müşahidələr göstərir ki, 9 oktyabr prezident seçkilərində seçici fəallığı kifayət qədər yüksək olacaq.

İnternet media və sosial şəbəkələr seçki marafonuna qoşulan siyası partiya və namizədlərə öz fikirllərini və mövqelərini sərbəst şəkildə açıqlamaq imkanlarını genişləndirib. Alternativ informasiya mənbələri yaradıb. Bütün bunlar isə ümumilikdə media və ifadə azadlığının hüdudlarını daha da genişləndirib.

Eyni zamanda əvvəlki illərlə müqayisədə seçicilərin seçki prosesi, müşahidəçilik, səsvermə prosedurları barədə daha məlumatlı olduqları müşahidə olunur. Bu isə seçkilər zamanı vətəndaş nəzarətinin daha yüksək səviyyədə olacağını ehtimal etməyə real əsaslar verir.

Seçkilər elan olunmamışdan əvvəl keçirilən kütləvi aksiyalar və seçicilərlə görüşlər üçün kifayət qədər sayda yerlərin ayırılması (açıq havada yerlər və zallar) seçki marafonuna qoşulan siyasi qüvvələrin, namizədlərin sərbəst toplaşmaq azadlığı hüququndan istifadə etməsi sahəsində problemlərin müşahidə edilməyəcəyini söyləməyə imkan verir.

Seçkilərin yerli və xarici müşahidəçilər tərəfindən izlənilməsi üçün geniş imkanlar yaradılıb. Sadə qeydiyyat prosedurları müşahidəçi kimi vətəndaşların seçkini izləməsinə əlverişli şərait yaradıb. Monitorinq zamanı müşahidəçilərin qeydiyyatı ilə bağlı heç bir neqativ fakt aşakr edilməyib. Eyni zamanda məntəqələrin 20 faizi veb-kameralarla təchiz olunacaq. Bu isə öz növbəsində seçkilərin yerli və xarici müşahidəçilərin ciddi nəzarəti altında keçəcəyinə əminlik yaradır.

Monitorinqin ilkin mərhələsinin nəticələri göatərir ki, 9 oktyabr prezident seçkilərinin azad, ədalətli və dünyada qəbul olunmuş demokratik standartalara uyğun keçməsi üçün bütün zəruri hazırlıqlar görülüb, seçki marafonuna qoşulan siyasi partiyalar, namizədlər üçün bərabər şərait yaradılıb. Seçkilərə vətəndaş nəzarətinin yüksək səviyyədə olması üçün zəruri addımlar atılıb. Eyni zamanda söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı sahəsindəki vəziyyət fikir plüralizmi, açıq debatlar, müzakirələr, polemikalar üçün geniş imkanlar açır.

Jurnalist Təşkilatları və QHT Koalisiyası hesab edir ki, ölkədəki ictimai-siyasi mühit, söz və mətbuat, sərbəst toplaşmaq azadlığı sahəsində vəziyyət, seçkilərə hazırlıqla bağlı görülən tədbilər, ədalətili, demokratik və dünyada qəbul olunan beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsinə imkan yaradır. 

Qeyd edək ki, Jurnalist-QHT Koalisiyasının rəhbəri tanınmış jurnalist Seymur Verdizadədir.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə