BAMF-ın yeni layihəsi var

 

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Amerika Dövlət Departamentinin Məcburi köçkünlər və Miqrasiya bürosunun maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlıq çərçivəsində məcburi köçkünlərin daha sıx məskunlaşdığı Bərdə, Ağdam, Ağcabədi və Beyləqan rayonlarında  yeni layihənin icrasına başlayıb. Bu barədə BAMF-ın sədri U.Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli vətəndaş cəmiyyəti və icma əsaslı təşkilatların potensialının gücləndirilməsi” layihəsi bir il davam edəcək. Layihə müharibədən zərər çəkmiş və müharibənin təsirlərinə məruz qalmış 4 regionu (Ağdam, Ağcabədi, Bərdə və Beyləqan) əhatə edəcək. Sözü gedən layihənin məqsədi məcburi köçkünlərə müvafiq xidmətlər göstərən QHT-lərin və İcma Əsaslı Təşkilatların təlimlər və digər tədbirlər vasitəsilə potensialının gücləndirilməsi, maliyyə və qeyri-maliyyə xidmətlərinin təmin olunması vasitəsilə məcburi köçkünlərin peşə bacarıqlarının artırılması, biznesin inkişafına dəstək olmaqla sosial şəraitlərinin yaxşılaşdırılması, müxtəlif mədəni tədbirlərin və ya görüşlərin keçirilməsi ilə məcburi köçkün və məcburi köçkün olmayan şəxslər arasında qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsidir.

U.Rəhimoğlu bildirib ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların məşğulluğunun artırılması istiqamətində Azərbaycan Hökuməti xeyli işlər görüb. O, bu sahədə BAMF-ın həyata keçirdiyi tədqiqatların nəticələrindən və əldə edilən təcrübədən də danışıb. Əldə olunan uğurlarda Beynəlxalq Humanitar yardım üzrə Respublika komissiyasının fəaliyyətini xüsusi vurğulayan U.Rəhimoğlu daha sonra məcburi köçkünlərin sosial reinteqrasiyası, onların peşə vərdişlərinin gücləndirilməsi, yeni salınmış qəsəbələrdə iş yerlərinin artırılması, xüsusən ailə başçısını itirmiş kimsəsiz qadınların hələ də köməyə ehtiyacları olduğunu bildirib.

“Bu məqsədlə layihə çərçivəsində qeyd edilən rayonların hər birindən bir QHT ilə işləyəcəyik. Məcburi köçkünlərə hüquqi  yardımın edilməsi məqsədi ilə konsultasiya mərkəzlərinin yaradılması, QHT-lərin maddi-texniki bazasının gücləndirilməsi, icmanın səfərbər olması üçün sessiyaların keçirilməsi, məcburi köçkünlərə yardım məqsədi ilə koordinasiya / kommunikasiya mexanizmlərinin inkişaf etdirilməsi, məcburi köçkünlərin peşə vərdişlərinin artırılması, kiçik biznesin yaradılması və inkişaf etdirilməsi istiqamətində təlimlərin keçirilməsi, məcburi köçkünlərlə yerli icma sakinləri arasında reinteqrativ işlərin aparılması, problemlərin aradan qaldırılması üçün yerli hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə ümumşəhər görüşləri təşkil olunacaq. Daha sonra peşə təlimlərini başa vurmuş məcburi köçkünlərə kiçik sahibkarlıq fəaliyyətinin dəstəklənməsi məqsədi ilə güzəştli mikrokreditlər təklif ediləcək. Bu məqsədlə “Avrasiya-Kredit” bank olmayan kredit təşkilatı tərəfindən qiymətləndirmə aparılacaq. Bir il davam edəcək layihə çərçivəsində ailə başçısını itirmiş, aztəminatlı məcburi köçkün ailələrin kiçik və orta biznes sahələri yaradılacaq”, deyə - U.Rəhimoğlu söyləyib.

Qeyd edək ki zəngin təcrübəsi ilə layihənin hazırlanmasına dəstək vermiş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı layihənin son qiymətləndirilməsi və monitorinqini həyata keçirəcək.  

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə