Qadının və pulun hakimiyyəti (TƏHLİL)

Zahid ORUC, Milli Məclisin deputatı

İki gün öncə Barak Obama ölkəsinin gələcək Baş bankirini Senata təqdim etdi. Amerika Federal Ehtiyyatlar Sisteminin mövcud olduğu yüz ilə yaxın müddət ərzində ilk dəfədir ki, rəhbərliyə namizəd xanımdır. Belə böyük zaman müddətində dolların çap maşınının sükanı nədən qadına verilməyib, bu sualı araşdırmaq konspiroloqların işidir, lakin balacaboy Canet Yelley özünün yaradıcı gücü və intellektual qabiliyyəti ilə hazırda bu vəzifəyə ən şanslısıdır. Ben Bernankenin səlahiyyətləri başa çatır və Senatda çoxlu demokrat tərəfdarları olan xanım vitse-prezident rəqib partiya təmsilçilərinin də bir qisminin rəğbətini qazandığından 2014-cü ildən başlayaraq dövlətinin həyatında müstəsna şəxs kimi çoxluğun səsini qazanmağa qadir görsənir.

Doğrudanmı, qlobal iqtisadi oyunçu olan Birləşmiş Ştatlar məhz qadın əlinin stabilləşdirici gücündən faydalanmaq niyyətindədir və buna görə kişilərin pulun üzərində davam edən çoxəsrlik hakimiyyətinə son qoymaq qərarına gəlib? Hər halda reallıq bundan ibarətdir ki, 2007-ci ildən bu yana hər iclasda dünyanı ağır böhranın gözləməsini ardıcıl olaraq irəli sürən və onu aradan qaldırmağın yollarını göstərənlərdən biri məhz C.Yelley olub. Obamanın ilk prezdientliyi dövründə mühüm dövlət tənzimlənməsi, hökumətin sərt tədbirlərlə iqtisadiyyatı stimullaşdırmasının gərəklyi də onun ideyası sayılmalıdır. Beləliklə, sərt sınaqlar qarşısında qalan demokratların hakimiyyəti hələ çoxdan bu qadının zəkasından faydalanmağa başlayıb. İndi isə sözün bütün mənalarında borcunu qaytarmağaın vaxtıdır.

Morqan və Rotşild kimi milyarderlərin şəxsi idarəsi kimi meydana gələn İ Federal qurumu haqlı olaraq “dövlət içində dövlət” adlandırırlar. Təkcə bir faktı xatırlatmaq yetərlidir. İki il öncə bir neçə konqresmenin tələbi ilə Amerikanın bu mərkəzi maliyyə təşkilatında aparılan araşdırma ortaya çıxardı ki, son 7 ildə Bernankenın dəzgah makinası 16 trilyon dollar vəsaiti bir neçə iri quruma yönəldərək onu dünya iqtisadi dövriyyəsinə çıxarmışdır. Vaxtilə qızılın ekvivalentində tədavülə çıxarılan bu güclü valyutanın indi əsarət və işğal silahı kimi magik gücü onun real qiymətindən və daşıdığı dəyərdən daha böyükdür. Nəzərə alaq ki, Birləşmiş Ştatların ÜDM-i həmin “kənar pullar”ın istehsal olunduğu ildə 14 trilyon dollar olub.

Dünyanın əsas kapitalının hansı millətdə daha çox olduğunu hesablamaq çətin olsa da, bir fakt bəllidir ki, varlılar arasında qadınların çəkisi 4 faizdən yuxarı deyil. Həyat elə gətirib ki, hər yerdə ən ağır zəhmətə qatlaşan qadınlar yer üzünün ümumi məhsulunun üçdə ikisini hasil etsələr də, onlar puldan çox vaxt uzaq salınıblar. Hər zaman alicənablıqla qadına yer və qapı təklif edən kişilər pula gələndə amansız rəqabət və güzəştsizlik nümayiş etdiriblər. Dollar hər hansı cinsə elitar münasibətin fəlsəfəsinə malik deyil. Ona görə də pulun verdiyi azadlığa və gücə nail olmaq üçün hamı qanlı vasitələrə əl atır. Bu ölüm-dirim savaşıdır və orada zəriflərə-zəiflərə yer yoxdur. Həyatın hökmü isə məhkəmə verdiktlərindən daha sərt və qətidir!

Ona görə pulun qadın və kişilər arasında bərabər mütənasiblikdə bölgüsünə nail olmaq heç zaman mümkün olmayacaqdır. Bu onlarla faktordan asılı bir problemdir və tamam başqa söhbətin mövzusudur. 

Bununla belə, Obamanın vəzifəsi qədər dünyada təsirə malik olan bir təsisatın başına qadın gəlirsə, düşünməyə dəyər: Həvvanın Adəm üzərində hakimiyyəti başlanır. Məhz bunun üçün deyiblər: dünyanı sevgi və pul idarə edirsə, başa düşmək çətin deyil ki, pula bu qədər sevgi haradandır!

Yazı millət vəkili Zahid Orucun facebook səhifəsindən götürülüb

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə