Diqqət bölük! (REAKSİYA)

Yazıya bu başlıq seçməklə əsgərlik dövrünü xatırladım. Hər gün səhər qulaqların düşməni olan “diqqət bölük!” qışqırtısı ilə sanki beş dəqiqə yatırmışam kimi gələn yuxudan ayıldığımı yada saldım. Onu da deyim ki, son vaxtlar ölkədə əsgərlik çəkənlərin hər birini müəyyən mənada xatirələr aləminə aparan hadisələr yaşanmaqdadır. Böyük ölçüdə buna səbəb olan şəxs yeni müdafiə naziri cənab Zakir Həsənovdur. Hər gün barəsində xəbərlər yayılan yeni təyinatlardan görünür ki, ölkədə ordu ilə bağlı əsaslı islahatlar gerçəkləşdirilməkdədir və vəziyyətin belə şəkil alması hamımızı sevindirir. İctimaiyyətin məhz bu mövzudakı xəbərlərə həssas yanaşdığı da göz önündədir və mövcud xüsusda cənab Həsənovun söylədiklərinin maraqla qarşılanması təbiidir.

Yəqin nədən söz açacağımı təxmin etdiniz. Yeni nazirimiz ötən günə damğasını vuran açıqlama ilə yadda qalıb. Zakir müəllim bildirib ki, hərbi hissələrdə yemək bişirmək işinə ora yaxın kəndlərdən, yaşayış məntəqələrindən qadınlar cəlb edilməlidir. Hər bir halda bu fikrin xoş mərama hesablandığını şübhələndirmək niyyətim yoxdur. Sadəcə cənab nazirin açıqlamasından ilhamlanaraq əsgərlik xatirələrimi təzələdiyim üçün bəzi qeydlərim olacaq.

Ondan başlayım ki, məsələnin məğzini tam müəyyənləşdirə bilmədim. Yəni xəbərdən anlamadım ki, Zakir müəllim nədən narahat olaraq və ya nəyin dəyişilməsinə ehtiyac duyaraq belə açıqlama verib. Əsgərlərin daha dadlı yemək yemələrinimi istəyib, yoxsa Azərbaycan əsgərinin yeməkxanada xidmət aparması ənənəsinin aradan qaldırılmasını? Cənab Həsənovun nəyə görə peşəkar aşpaz deyil, kənd qadınına üstünlük verdiyi də maraqlıdır. Həm də loru deyək, kişi məclisində kişi aşpazın varlığı daha yaxşı olmazdımı?

Məsələnin ikinci tərəfinə keçid alaq. Hesab edək ki, əsgərlər dadlı yemək yeməlidirlər və yemək hazırlanmasında qadınların daha sərrast təsir bağışladıqlarını qəbul edək. Amma dadlılıq məsələsini əsgərlərin köməyilə də həll etmək mümkündür. Yəni belə deyək, yemək bişirən əsgərin öz üzərində çalışmaqla hazırladığını dadlı alındırması ağlabatandır. Hərbidə mahiyyətcə hərbiyə dəxli olmayan bir çox vərdişlər aşılandığı kimi, yemək bişirmək də öyrədilə bilər. Ordunun tərkibi çox da böyük olmayan, sadə və müvafiq sənədlərdə əksini tapmış standart qida rasionu var. Nəzərə alaq ki, lap peşəkar aşpaz da gəlsə, hazırladığı piti və ya boşbaş olmayacaq.

Üçüncü bir tərəfdən hesab edək ki, Azərbaycan əsgəri yemək bişirməməlidir. Yəni onun xidməti yemək bişirmək olmamalıdır. O zaman yeməkxana “naryad”ını (xidmətini) ümumiyyətlə aradan qaldırmaq lazımdır. Əsgər yemək bişirməyəcəksə, deyək ki, çörək də doğramamalı, boşqab da yumamalı, süfrə də silməməlidır. Ümumiyyətlə bu məntiq hərbi hissə daxilində klassik anlamda qəbul edilən bir çox işləri təxirə salır. Məsələn, yemək bişirməyən, çörək doğramayan, boşqab yumayan əsgər nəyə görə ərazi süpürməlidir? Hələ hərbi hissənin təmirinə cəlb edilən əsgər-malyarlardan danışmıram. Olmazmı əsgər birbaşa hərbi işə köklənsin?

Hərbi hissə daxilində həyata keçirilməsi çox vacib olan başqa tədbirlər də var və qeyd etdiyim məntiqlə buna görə əlavə insan potensialına ehtiyac duyulur. Və məsələ təkcə boş-bekar kənd, qəsəbə qadınlarının hərbi hissənin işinə cəlb edilməsində deyil. Belə olsa, ümumən infrastrukur dəyişməlidir. Hər halda kompleks yanaşma varsa, bu, özünü bir elementin qabardılmasında göstərməməlidir. Nəhayət, hərbiyə bağlılığı olmayan hansısa kənar şəxs hər gün evindən durub hərbi hissəyə gələrək orada yemək bişirəcəksə, kim təminat verə bilər ki, həmin adam təxribat məqsədilə əsgərlərin zəhərlənməsində istifadə olunmayacaq. Yox, konkret bunu demək istəmirəm, başqa suallar da var əslində. Elə əmək münasibətlərini götürək. Hərbçi olmayan şəxsin hərbi hissədəki gündəlik işi hansı formada rəsmiləşdiriləcək?

Sonda onu da deyim ki, əsgərlikdə olduğum 343 gün ərzində bir müşahidəni davamlı şəkildə aparmaq məcburiyyətində qalmışam. Deməli, hərbi hissə komandiri və eləcə də başqa zabitlər bir prosesin müxtəlif təfərrüratlarını nəzərə almayan qərarlar verirdilər. Məsələn, hərbi hissənin ərazisində siqaret kötüklərini görən zabit siqaret çəkməyi qadağan etmək kimi mənasız göstərişə imza atırdı. Halbuki bunun üçün normal yerlərin ayrılması mümkün idi. Hərbi 18 yaşdan 35 yaşadək insanların qulluq çəkdiyi yerdirsə, o zaman 33 yaşlı adama siqareti əmrlə tərgitmək gülünc görünür. Bundansa hərbi hissədə siqaretin zərərli tərəflərini təbliğ edən maarifləndirici lövhələr vurulsa daha yaxşı olmazmı?.. Ay camaat, mən bir zabitə dağlıq yerdə yerləşən hərbi hissənin yuxarı ərazisindəki otların yolunmasının lazımsızlığını çox çətinliklə anlada bilmişdim. Bu adam başa düşmürdü ki, otların təmizlənməsi torpağı boşaldacaq və azacıq külək əsən zaman torpaq əraziyə dağılacaq, yenidən təmizlik işlərinin təkrarlanmasına ehtiyac duyulacaq. Nəticə etibarilə mənasız vaxt itkisi yaranacaq.

Hərbi xidmət keçənlər yaxşı bilirlər ki, bu və buna oxşar şeylərdən kifayət qədər söz açmaq və ayrı-ayrı epizodlarda hətta ürəkdən gülmək də mümkündür. Zənnimcə, ordu quruculuğu prosesində maddi-texniki təminatın, nizam-intizamın yaxşılaşdırılması ilə yanaşı, dilə gətirdiyi fikirlərlə, çıxardığı qərarlarla gülüş obyektinə çevrilən zabit sindromunu da tarixin arxivinə göndərmək lazımdır. “Diqqət bölüy”ü də məncə, nisbətən nəzakətli formada səsləndirmək olar.

Azərbaycan Ordusuna dərin hörmət və ehtiramla, Əvəz RÜSTƏMOV

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə