JAM bələdiyyələrə dəstək olacaq

«Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyi «Bələdiyyələrlə kənd icmalarının səmərəli fəaliyyətinin təşkilinə dair təşəbbüslərin dəstəklənməsi» layihəsinin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirilən layihədən məqsəd ictimai əhəmiyyətli problemlərin həllinə dair bələdiyyələrlə daha intensiv əməkdaşlıq formasının yaradılmasına kömək göstərməkdən ibarətdir. Bunun üçün respublikamızın müxtəlif bölgələrinin kəndlərində məhəllə komitəsi strukturunu formalaşdırmaq, fəaliyyətini təşkil etmək, həmçinin həmin komitələrin bələdiyyələrlə səmərəli əlaqələrinin yaradılmasına kömək göstərmək nəzərdə tutulur.

Mart-iyun ayları ərzində gerçəkləşdiriləcək layihə çərçivəsində Cəlilabad, Tərtər rayonlarının bir neçə kəndində və Mingəçevir şəhərində yerli əhali ilə bələdiyyə nümayəndələrinin görüşlərinin təşkili, mövcud istiqamətdəki dünya təcrübəsinin bölüşülməsi, əldə edilmiş nəticələrlə bağlı medianın mütəmadi şəkildə məlumatlandırılması planlaşdırılır.

JAM sədri Seymur Verdizadə bildirib ki, layihənin ünvanlandığı başlıca əhali qrupu kənd icmasıdır: “Təşəbbüsün gerçəkləşməsi nəticəsində əsasən bu təbəqədən olan insanlar faydalanacaq. Məhəllə komitələrinin timsalında yerli idarəetmə orqanlarının işinə marağın güclənməsi, inamın artması üçün mexanizm sınaqdan çıxarılacaq ki, bu mexanizm layihənin digər bölgələrdə də gerçəkləşdirilməsi üçün baza rolunu oynayacaq, ideyanın davamlılığının zərurətini əsaslandıran başlıca amil kimi çıxış edəcək”. 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə