Hansı metro stansiyalarındakı ticarət obyektləri sökülməyəcək?

Neçə gündür ki, Bakı metropoliteninin stansiya və keçidlərində ticarət obyektlərinin sökülməsi ilə bağlı xəbərlər yayılmaqdadır. Hətta ticarət köşkləri söküləcək kiçik sahibkarlar Bakı Metropoliteni idarəsinin qarşısında etiraz aksiyası da keçirdilər. Metropoliten rəhbərliyi və Bakı şəhər İcra Hakimiyyəti başçısıyla görüşən sahibkarlara hər iki qurumdan bildiriblər ki, metro keçidlərində olan dükanlar istisnasız olaraq söküləcəkdir. Hətta sahibkarlara martın 27-nə kimi vaxt da qoyulub.

APA-nın əldə etdiyi məlumata görə, metronun “Nəriman Nərimanov” stansiyasında 185, “Neftçilər” stansiyasında 186, “Koroğlu” stansiyasında 109, “Qara Qarayev” stansiyasında 94, “Əhmədli” stansiyasında 93, “Xalqlar Dostluğu” stansiyasında 96, “İnşaatçılar” stansiyasında isə 88 ticarət obyekti söküləcək. Ümumilikdə isə sökülməsi planlaşdırılan ticarət obyektlərinin sayı 1194-dür. Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev də söküləcək ticarət obyektlərinin sayının 1194 olduğunu təsdiqləyib. Ticarətçilərə alternativ olaraq  “Yaşıl”, “Şərq” və Keşlə bazarlarında, “Günəş” və AMAY ticarət mərkəzlərində yerlər təklif olunub. APA-nın verdiyi xəbərə görə, metronun “28 May” stansiyasında heç bir obyektin sökülməyəcəyi qeyd olunub.

Ramiz Hacıyev qeyd edib ki, Cəfər Cabbarlı heykəlinin altında yerləşən yeraltı keçiddəki ticarət obyektlərinin sökülməsi nəzərdə tutulmayıb. Ramiz Hacıyevin bidirdiyinə görə həmin keçidin metropolitenlə heç bir əlaqəsi yoxdur. Araşdırmamız zamanı məlum oldu ki, yalnız 28 may ərazisindəki metro keçidi deyil, metronun "20 yanvar" stansiyası ərazisindəki keçid də Bakı metropoliteninin balansında deyil. Və adı çəkilən hər iki metrostansiya ərazisində olan dükanlar ayrı-ayrı fiziki şəxslərin deyil, şirkətlər tərəfindən uzun müddətli müqavilə əsasında icarəyə götürülüb və vaxtlı vaxtında icarə müqaviləsinə uyğun olaraq dövlətə vergi ödənilibdir. Eyni zamanda bu ərazidə olan dükanlar səliqə-səhman baxımından da digər keçidlərdən fərqlənməklə yanaşı, keçidlərdə yalnız bir tərəfli quraşdırılıb ki, bu da sərnişinlərin maneəsiz gediş -gəlişinə əngəl yaratmır.

"20 yanvar" metro keçidlərində olan mağaza sahibləri ilə görüşümüzdə onlar bildirdilər ki, digər metrostansiyalardan fərqli olaraq bu ərazidəki dükanlar şirkət tərəfindən idarə olunur və hər ay bağladığımız müqavilə əsasında rüsumlar ödənilir ki, bu da ümumilikdə şirkət tərəfindən vergilərin ödənilməsinə sərf olunur. Təəssüf olsun ki, hər iki metro ərazisində mağazaları olan şirkət sahibləri ilə əlaqə yarada bilmədik. Bayram ərəfəsi olduğundan şirkət rəhbərliyinin bu məsələ ilə bağlı yalnız bayramdan sonra münasibət bildirəcəklərini qeyd etdilər.

Belə qənaətə gəlmək olar ki, Metropoliten ərazisində söküləcək dükanların siyahısında bu ərazilərin adlarının çəkilməməsi onların qanuni müqavilə əsasında fəaliyyət göstərməsi, hüquqi şəxslər tərəfindən idarə olunması və vergiyə cəlb olunması  ilə bağlıdır. Araşdırmamızı davam etdirəcəyik.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə