«İnternet media saytlarının fəaliyyəti və milli-mənəvi dəyərlər»

Gəncədə bu mövzuda "dəyirmi masa" keçirilib

 

«RUH» Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı «İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi» layihəsi çərçivəsində ilk «dəyirmi masa»sını Gəncədə, Yeni Azərbaycan Partiyasınn Gəncə şəhər təşkilatının binasında keçirib. «İnternet media saytlarının fəaliyyəti və milli-mənəvi dəyərlər» mövzusunda baş tutmuş tədbirə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, yerli ictimaiyyətin, şəhərdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri qatılıblar.

«Dəyirmi masa»nı giriş sözü ilə Yeni Azərbaycan Partiyasınn Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev açaraq bildirib ki, ölkədə aparılan geniş abadlıq və quruculuq işləri Gəncədə xüsusilə dinamik xarakterə malikdir. Ölkə prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi məqsədyönlü xəttin icrası əməli nəticələrini müxtəlif istiqamətlərdə verməkdədir. «Bildiyiniz kimi, ötən il Gəncə Avropanın Gənclər paytaxtı seçildi. Bu, son  dərəcə böyük uğur, eyni zamanda məsuliyyətdir. Məsuliyyəti doğrultmaq üçün səylə çalışırıq. Mövcud xüsusda media sahəsindəki işlər də vurğulanmalıdır. Şəhərimizdə internet media resurslarının sayı artır. Ənənəvi KİV-lərin potensialının gücləndirilməsinə də diqqət yetirilir. İnformasiya resurslarının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda baş verən prosesləri peşəkarlıqla işıqlandırmalarına önəm verilir. Ümumən KİV sahəsində dövlətin müəyyənləşdirdiyi siyasətdəki söz və ifadə azadlıqlarının dərinləşdirilməsi prinsipi prioritet seçilir», - deyən N.Həmzəyev «RUH» AJMK-nın təşəbbüsü, QHT Şurasının maliyyə dəstəyi ilə keçirilən toplantının maarifləndirici tərəflərinin ümumi işə fayda gətirəcəyinə əminliyini vurğulayıb. O, yeni ictimai institut kimi formalaşmaqda olan internet media resurslarında milli-mənəvi dəyərlərin qorunmasının aktuallılığını  müxtəlif faktlarla əsaslandırıb.

Layihənin koordinatoru, «RUH»AJMK-nın icraçı direktoru Əvəz Rüstəmov çıxışına «İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi» layihəsi barədə ətraflı məlumat verməklə başlayıb. O bildirib ki, mart-iyun ayları ərzində gerçəkləşdiriləcək layihədən məqsəd onlayn media resurslarında milli-mənəvi dəyərlərin qorunması sahəsində nəzərə çarpan təmayülləri ictimaiyyətin müzakirəsinə çıxararaq mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına dəstək göstərməkdir. Həmçinin layihədə jurnalist məsuliyyəti və peşəkarlığının müxtəlif aspektlərini diqqətə çatdırmaqla internet medianın milli-mənəvi dəyərlərin qorunmasındakı rolunu artırmaq, cəmiyyət üzvlərinin internet media ilə bağlı gözləntilərini qruplaşdıraraq müvafiq qurumlara təqdim etmək nəzərdə tutulur: «Tədbirimizin təşkilinə həssas yanaşdığına görə cənab Elmar Vəliyev başda olmaqla Gəncə şəhər rəhbərliyinə təşəkkürümüzü bildiririk. Layihə çərçivəsindəki ilk tədbirimizin burada reallaşmasına son dərəcə vacibdir. Çünki Gəncə ictimai-siyasi, habelə mədəni sahədəki aktivlik baxımdan həmişə seçilib. Şəhərin bu xüsusiyyətində medianın da payı şübhəsizdir», - deyən Ə.Rüstəmov onu da bildirib ki, son dövrlər internet media resurslarının sayındakı artım söz və ifadə azadlıqlarının dərinləşdirilməsi baxımından nə qədər pozitiv amil olsa da, proses çoxsaylı neqativ cəhətlərlə  də yadda qalır. Bəzən xoşagəlməz hallar cəmiyyədə əsrlərlə formalaşmış dəyərləri təhdid edir. Buna görə də belə tendensiyalarla mübarizə aparılmalıdır. Media ictimaiyyəti məsələyə xüsusilə diqqət göstərməlidir. Mövcud istiqamətdə həqiqi qələm sahiblərinin peşəkarlığa söykənərək təqdim etdikləri materiallara ehtiyac var: «Hesab edirəm ki, layihə çərçivəsində Gəncədə baş tutan ilk tədbirimiz iştirakçıların da müzakirə olunan məsələyə dolğun baxış bucağının ortaya qoyulmasıyla yadda qalacaq».

«İnternet media resurslarında milli-mənəvi dəyərlərin qorunması jurnalist peşəkarlığının əsas göstəricilərindən biri kimi» layihəsinin eksperti, «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri Seymur Verdizadə çıxışında diqqəti internet media resurslarında milli-mənəvi dəyərlərə etinasız yanaşma hallarının müxtəlif təzahür formalarına yönəldib. O bildirib ki, qlobal siyasi proseslərdə başlıca mübarizə vasitəsinə çevrilən medianın daşıdığı ictimai missiya əksər hallarda unudulur. İnternetin qazandırdığı  texniki imkanların gətirdiyi yeniliklər müstəvisində milli-mənəvi dəyərlərə etinasız münasibət özünü göstərir: «Əlbəttə, bu, təəssüf doğuran haldır. Hər bir halda məsələyə media peşəkarlığı nöqteyi-nəzərdən yanaşmaq vacibdir. Çünki əslində internetin inkişafı medianın transformasiyasına, yəni çatdırılma vasitələrini dəyişdirib, peşəkarlıq və məsuliyyət meyarları isə dəyişməzdir», - deyən S.Verdizadə internet media ilə bağlı dünya miqyasında nəzərə çarpan bir sıra meyllərdən  ətraflı söz açıb.

«Dəyirmi masa»da çıxış edənlərdən AzTV-nin bölgə müxbiri Əhməd Qədiroğlu, “Gəncənin səsi” qəzetinin baş redaktoru Rəfiqə Sadıqova, “Aqrar mütəxəssis” qəzetinin baş redaktoru Maarif Rzayev, İnter.az TV-nin və Salamnyus İnformasiya Agentliyinin bölgə müxbiri Qalib Rəhimov, Gəncə Dövlət Universitetinin “Yüksəliş” qəzetinin müxbiri Firəngiz İsmayılova, “Respublika” qəzetinin bölgə müxbiri Zabit Xəlilov, “Yeni Gəncə” qəzetinin baş redaktoru Süsən Tağıyeva, Kür İnformasiya Agentliyinin əməkdaşı İsrafil Zeynalov, Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) bölgə müxbiri Sabir Əliyev və başqaları müzakirə edilən mövzunun aktuallığını vurğulamaqla, bəzi internet saytlarda gənc nəslin mənəvi tərbiyəsi baxımdan yolverilməz materiallara rast gəlindiyini diqqətə çatdırıblar. Onlar bu cür neqativ təmayüllərin tez bir zamanda aradan qaldırılması işinə, mövcud istiqamətdəki maarifləndirici tədbirlərə Azərbaycan dövlətinin davamlı dəstək göstərməsini ictimai sektora yönələn dəyərli qayğı ənənə kimi də qiymətləndiriblər.

Toplantıda internet media sahəsində milli-mənəvi dəyərlərə də etinasızlıq mühitinin yaranmasına səbəb olan məsuliyyətsizlik ab-havasının aradan qalxması üçün hüquqi tənzimləmə mexanizminin tətbiqinə dair təkliflər məqbul sayılıb. Çıxış edənlər həmçinin jurnalistika fakultəsinə qəbulda qabiliyyət imtahanı mexanizminin tətbiqi ilə bağlı təşəbbüsləri müsbət qiymətləndiriblər.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə