JAM-ın QHT Şurasının layihəsi əsasında növbəti toplantısı Yevlaxda keçirildi

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İnternet media resurslarından istifadədə milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği” adlı layihə çərçivəsində növbəti tədbir Yevlaxda baş tutub.

Yevlax Şəhər Gənclər Mərkəzində keçirilmiş toplantını giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Yevlax Rayon Təşkilatının aparat rəhbəri Əli Quliyev açaraq bildirib ki, prezident İlham Əliyevin diqqət yetirdiyi media siyasətinə rayonda böyük önəm verilməkdədir. Yerli «Kür» qəzeti bölgə mətbuatı içərisində tirajının yüksəkliyi baxımdan seçilən nəşrlərdəndir. Yevlaxda regional əhəmiyyət daşıyan «El» telekanalı uğurla fəaliyyət göstərməkdədir. Rayonda həmçinin yeni medianın funksiya və vəzifələrinə də böyük önəm verilməkdədir. Ümumən onlayn və ənənəvi medianın timsalında Yevlaxın daha da inkişafına və çiçəklənməsinə xidmət edən model fəaliyyət göstərməkdədir.

“Jurnalist Araıdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə “İnternet media resurslarından istifadədə milli-mənəvi dəyərlərin və ictimai davranış qaydalarının təbliği” layəhəsinin məqsəd və vəzifələrindən söz açıb. O bildirib ki, Azərbaycan əhalisinin 70 faizi internet istifadəçisidir. Dövlətin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində bu rəqəm daha da artacağı gözlənilir. Mövcud artımın nəticəsində yeni internet media orqanları yaranır: “Onların fəaliyyəti cəmiyyətin tələblərinə nə dərəcədə uyğundur? Suala cavablar birmənalı deyil. Ona görə də mövzu ətrafında düşünməyə, fikir mübadiləsi aparmağa ehtiyac var. Məqsədimiz onlayn media resurslarında milli-mənəvi dəyərlərin qorunması sahəsində nəzərə çarpan təmayülləri ictimaiyyətin müzakirəsinə çıxararaq mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına dəstək göstərməkdir”, - deyə S.Verdizadə layihə çərçivəsində indiyədək Cəlilabadda və Xaçmazda toplantıların təşkil olunduğunu vurğulayıb.

“Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Əvəz Rüstəmov bildirib ki, internet media məkanındakı neqativ təmayüllərə qarşı ictimai qınağın artırılmasına ehtiyac duyulmaqdadır. JAM-ın layihəsi, eləcə də layihə çərçivəsində gerçəkləşdirilmiş tədbirlər bu baxımdan mühüm əhəmiyyət daşımaqdadır. O, çıxışında internet media və ənənəvi medianın təsnifatındakı fərqlərə, internet sahəsində tənzimləmənin müxtəlif cəhətlərinə, sosial şəbəkələrlə, bloggerliklə bağlı məsələlərə toxunub. Ə.Rüstəmov onu da bildirib ki, internet medianın ənənəvi medianı tədricən sıradan çıxarmağa doğru getdiyi hazırkı vəziyyətdə medianın fəaliyyət üsul və vasitələrini dəyişməsi prosesinin ağrısız keçməsi son dərəcə vacibdir. Bunu isə dövlətlə yanaşı cəmiyyət özü də təmin etməlidir. Layihə də məhz bu baxımdan əhəmiyyətlidir.

Qarşılıqlı müzakirə şəraitində keçən toplantıda çıxış edənlər mövzunun aktuallığını vurğulayaraq internet media sahəsində ictimai tənzimləmənin milli-mənəvi dəyərlərin qorunmasına dəstək baxımından vacibliyini əsaslandırıblar. 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə