Silahla qələm kimi - Milli Qəhrəman

Yazı “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsi çərçivəsində hazırlanıb.
Yazı “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsi çərçivəsində hazırlanıb.

Ötən əsrin 80-ci illərinin sonlarında ermənilərin əzəli Azərbaycan torpağı olan Qarabağa iddialarının yenidən ortaya çıxması nəticəsində Sovetlərin tərkibində öz dinc-sabit həyatı ilə yaşayan respublikanın rahatlığı pozuldu. Moskvadakı və xaricdəki havadarlarının dəstəyi və təhriki ilə tarixi xülyalarını gerçəkləşdirməyə çalışan ermənilər bu xəyanətləri ilə özlərinin də asudə yaşadıqları Cənubi Qafqazda qanlı müharibəyə səbəb oldular. Növbəti dəfə on minlərlə insanın ölümünə, yüz minlərlə insanınsa öz ev-eşiyindən didərgin düşməsinə, regionda sabitliyin uzun müddət pozulmasına baiskar olan ermənilər üzərlərindəki tarixi lənəti bir qədər də artırdılar.

Qeyd edildiyi kimi, təqribən 30 il əvvəl Azərbaycan SSRİ-nin on beş müttəfiq subyektindən biri olaraq, dövrün tələblərinə uyğun yaşayırdı. Ermənilərdən fərqli, millətçiliyə yoluxmayan, ideoloji çərçivədən çıxmamağa çalışan, öz sərhədlərini genişləndirmək haqqında düşünməyən, əksinə, torpaqlarının bir hissəsinin də itirlməsinə səssiz qalan azərbaycanıların ətalətli davranışı bədnam qonşularda Qarabağla bağlı planlarını ən qısa müddətdə həyata keçirəcəklərinə ümid yaratdı.

Lakin onların bu gözləntilərinin boşluğu Qarabağa yönəlik iddialarını təkrar ortaya qoyduqları ilk andan tam təsdiqləndi. On illər ərzində kənarda müqavimət potensialını itirdiyi təsəvvürü yaranmış Azərbaycan xalqı ermənilərin növbəti həyasızlığı önündə qısa müddətdə səfərbər olmağı bacardı. Əlbəttə, millətin erməni iddiaları önündə dirəniş göstərməsi milli ziyalıramızın Moskvadan idarə olunan bu prosesin qarşısına cəsarətlə çıxmaları, bir qarşı torpağımızın belə ermənilərə güzəştə gedilməyəcəyini əminliklə bəyan etmələri sayəsində mümkün oldu.

Öz ziyalısını öndə görən xalq kütlələri də Qarabağın Azərbaycandan qoparılması planlarının baş tutacağına imkan verməyəcəklərini hər addımda nümayiş etdirməyə başladılar. Azərbaycanın ərazi bütövlüyünün pozulmasının yolverilməzliyi mövqeyində qətiyyətlə dayanan xalqın meydanlara axışması, separatçılara qarşı ən sərt tədbirlərin görülməsini Moskva və Bakı rəhbərliyindən təkidlə tələb etməsi məkrli plan müəlliflərinin də ciddi narahatlığına səbəb oldu.

Bununla belə, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Moskvanın sürətlə silahlandırdığı ermənilər sovet ordusunun Qafqazdakı bölmələrinin iştirakı ilə Azərbaycana qarşı əsl müharibəyə başladılar. Bu təhlükə qarşısında əliyalın qalan xalq, xüsusilə Dağlıq Qarabağ və onunla yanaşı ərazilərdə yaşayan əhali özünü və torpağını erməni təcavüzündən qorumaq üçün bütün mümkün vaistələrdən istifadə etmək məcburiyyətində qaldı. O vaxtkı hakimiyyətin torpaqların müdafiəsi məsələsinə laqeyd münasibəti, ciddi qərarların qəbulundə özünü yenə də Moskvanın iradəsindən asılı hiss etməsi erməniləri Qarabağdakı azərbaycanlı kəndlərini ard-arda işğal etmələrinə şərait yaratdı.

Vəziyyətin belə davam etməsi Azərbaycanın vətənpərvər övladlarını hərəkətə keçməyə və ermənilərin geri oturdulması istiqamətində real fəaiyyət göstərməyə sövq etdi. Torpaqlarımızı ermənilərdən və onları hərtərəfli dəstəkləyən sovet-rus qoşunlarından müdafiə etməyə tələsən Azərbaycan oğulları və qızları qısa müddət ərzində təşkilatlanaraq, yüksək döyüş qabiliyyətli hərbi birləşmələr yaradaraq torpaqlarımızın müdafiəsində misilsiz qəhrəmanlıqlar göstərdilər.

Təbii ki, Azərbaycanın müdafiəsində iştirak edən, əlində silah Vətən torpaqlarının keşiyində dayanan, bu yolda şəhidlik zirvəzinə yüksələn, o cümlədən, sağlamlığını ömürlük itirən hər bir soydaşımız bizim üçün əzizdir. Ancaq qeyd olunmalıdır ki, Azərbaycan ərazilərinin erməni təcavüzündən qorunmasında ilk hərəkətə keçənlər yenə də xalqımızın ziyalı təbəqəsinin nümayəndələri -  torpaqlarımızın qorunması işinə instinktlə deyil, şüurla qoşulan həmvətənlərimiz oldular. Həmin ziyalılardan biri müharibənin alovlandığı ilk dövrlərdən silaha sarılaraq Azərbaycan torpaqlarının qorunmasında fədakarlıq göstərən, bu yolda canını belə əsirgəməyərək müqəddəs şəhidlik zirvəsinə ucalan jurnalist Kazımağa Kərimovdur.

Kazımağa Kərimov 1951-ci il sentyabr ayının 1-də Qubadlı rayonunun Sarıyataq kəndində çoxuşaqlı ziyalı ailəsində dünyaya göz açıb. Ailədə yeddinci uşaq olan Kazımağa aşağı siniflərdən başlayaraq dərslərinə ciddi yanaşar, ən böyük arzusu olan ali məktəbə daxil olmaq üçün səylə hazırlaşardı. Bu arzusu onu əvvəllər hər zaman xəyal etdiyi Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə apardı. Qəbul imtahanlarını uğurla verən Kazımağa respublikanın ən nüfuzlu ali məktəbinin tələbəsi adını qazandı və Universiteti uğurla bitirib əmək fəaliyyətinə başladı. Lakin ermənilərin Qarabağa yeni iddiaları baş qaldıranda bütün vətənpərvərlər kimi Kazımağa da ilk növbədə özünü, ailəsini və sevimli peşəsini deyil, Vətən torpaqlarının müdafiəsini düşünərək cəbhəyə yollandı. Bununla da hər zaman həqiqəti yazmağa alışmış qələmini silahla əvəz etməli oldu.

Döyüş yolu Goranboydan başlayan K.Kərimovun tək jurnalistikada deyil, hərb sənətində də özünəməxsus istedada sahib olduğu üzə çıxdı. Məhz onun hərbi istedadına şahid olan komandanlıq Kazımağanı Goranboyda yaradılmış özünümüdafiə batalyonunun komandir müavini təyin etdi. Cəsur jurnalist və hərbçi olan Kazımağanın döyüş və hərbi şəraitdə bir komandir kimi idarəetmə təcrübəsi döyüşdən döyüşə artırdı. Goranboyun  Gülüstan, Qaraçinar, Manas, Şəfəq, Tapqaraqoyunlu və digər kəndləri uğrunda gedən döyüşlərdə igidlik nümunəsi göstərən Kazımağanın adı artıq nümunəvi hərbçi kimi çəkilir, gənc döyüşçülərə örnək olaraq göstərilirdi.

K.Kazımov hazırladığı Ağcakənd əməliyyatı ilə ermənilərin bölgədəki bir sıra strateji yüksəklik və məntəqələri ermənilərdən geri almağı, Azərbaycan Ordusunun rahat irəliləməsinə şərait yaratmağı düşünürdü. Lakin təəssüf ki, Ağcakənd əməliyyatı bu fədakar və cəsur zabitimizə həyatı bahasına başa gəldi. Ermənilərlə ağır döyüşdə onlara canlı qüvvə və texnika baxımından ciddi itki verən Kazımağa döyüşdə aldığı güllə yarasından dünyasının dəyişərək, Vətən uğrunda şəhid oldu.

Xalqımız və dövlətimiz Kazımağanın Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirib. Azərbaycan prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə Kazımağa Kərimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Bundan başqa, Bakı şəhərində küçə, Goranboyun Qızılhacılı kəndində Mədəniyyət evi və Qubadlının Balasoltanlı kəndində orta məktəbə Kazımağa Kərimovun adı verilib. 

Seymur

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə