Dəli bir ağlamaq keçdi könlündən... Milli Qəhrəman

Və ya jurnalist Milli Qəhrəman Alı Mustafayevin həyat yolundan səhifələr

Yazı “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə reallaşdırdığı “Milli Qəhrəmanların tanıdılması kampaniyasının təşkili” layihəsi çərçivəsində hazırlanıb.

1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində "Mi-8" vertolyotunun ermənilər tərəfindən vurulmasından indi 20 ildən də artıq zaman ötür. Hadisə nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında Azərbaycan Dövlət Televiziyasının əməkdaşı Alı Mustafayev də var idi.

İstedadlı şair və jurnalist, həyatsevər və qayğıkeş insan, dara düşənlərin həmişə köməyinə tələsən Alı Mustafayev yüz minlərlə televiziya tamaşaçılarının sevimlisi olmuşdu. Telekanalda xəbər buraxılışları, bir qayda olaraq, onsuz olmazdı.

Bir başqası olsaydı, ilk vertolyot qəzasından, ondan aldığı yaradan və üz-üzə durduğu təhlükədən sonra bir də o şeytan maşınına ayaq basmazdı. Alı isə bilərəkdən, bu təhlükəli səfərlərin aqibətini əvvəlcədən görə-görə yenə qızmar nöqtələrə tələsirdi. Hər gün işə gəlməzdən öncə yolunu Şəhidlər Xiyabanından salardı. Burada uyuyan günahsız insanlara baxıb köks ötürür, qəlbi qan ağlayırdı. Ona görə də Qarabağ harayını dünyaya çatdırmaq istəyirdi. 1991-ci ilin 20 noyabrında erməni faşistlərinin gülləsindən alovlanan vertolyot səmadan uçan ulduz kimi yaralı torpaqlarımıza doğru yan aldı. Alının və digər mərd Azərbaycan oğullarının bu qədər məhəbbətlə sevdikləri, uğrunda öz həyatlarını qurban verdikləri torpaqlarımıza doğru...

Alı Mustafayev 1952-ci il 14 apreldə Qazax rayonunun Qazaxbəyli kəndində fəhlə ailəsində doğulub. Burada orta təhsil alıb (1959-1969). Ordu sıralarında hərbi xidmətdə olub, tərxis ediləndən sonra Bakı elektrik maşınqayırma zavodunda tokar işləyib (1971-1976). Zavoddan göndəriş ilə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirib (1976-1981). Təyinatla Azərbaycan Televiziya və Radio Verilişləri şirkətinə göndərilib. Ədəbi-bədii yaradıcılığa tələbəlik illərindən başlayıb. Onun lirik şeirləri və publisist yazıları dövri mətbuatda müntəzəm çap edilib. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınıb.

Erməni quldurlarının Azərbaycana hücumu dövründə Dağlıq Qarabağdan - qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla rəğbət qazanıb. Moskvada Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olub (1989-1990). 1991-ci ildə "İlin ən yaxşı jurnalisti" mükafatına layiq görülüb.

Ölümündən sonra ona Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Şəhidlər Xiyabanında dəfn edilib. Bakıda, Nərimanov rayonundakı 202 saylı orta məktəb Alı Mustafayevin adını daşıyır.

Bacarıqlı, operativ telejurnalist

Alı Mustafayevin çağdaş jurnalistikamızdakı xidmətləri böyükdür. Çox da uzun olmayan ömür yolunda ciddi uğurlar və populyarlıq qazanmaq heç də hər yazara nəsib olmur. Bu, gərgin zəhmətin nəticəsi idi. Onun televiziya jurnalistikası sahəsindəki novatorluq keyfiyyətləri cəmiyyətdə hələ ötən əsrin 70-80-ci illərindən başlayaraq böyük maraqla qarşılanırdı. Qarabağ müharibəsi başlayan gündən Alı Mustafayev qaynar nöqtələrdə tez-tez görünür, efirdə erməni vəhşiliklərini ifşa edirdi. Bəlkə, bir tale idi ki, qəhrəmanlıq fəaliyyəti məhz Qarabağ torpağında başa çatdı. Ölümündən sonra ona Azərbaycanın Əməkdar jurnalisti fəxri adı da verilib. Alı Mustafayev, Salatın Əsgərova kimi jurnalistlər Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizənin önündə gediblər, şəhidlik zirvəsi ilə misilsiz örnəyə çevriliblər. 

Alı Mustafayev ədəbi-bədii yaradıcılıqla da məşğul olurdu. Bu sitiqamətdəki fəaliyyətinə tələbəlik illərindən başlayan şəhid jurnalistimizin şeirləri elə ilk baxışdan geniş oxucu kütləsinin marağına səbəb olurdu. Alı Mustafayev Azərbaycanın gələcəyini, firavan sabahını, müstəqil dövlət olduğunu arzulayan və bu arzunu əmələ çevirən tək-tək ziyalılardan, vətənpərvər insanlardan idi.

Alı Mustafayevlə yanaşı, ölkənin böyük çinli məmurlarının və eləcə də bir sıra tanınmış ictimai xadimlərin qətlə yetirilməsi Azərbaycana vurulan ilk böyük zərbə oldu. Bu hadisə erməni işğalçılarının Qarabağa yolunu açdı. Çünki həmin heyət düşmənin qorxduğu ən böyük qüvvə və işğalçıların Qarabağa girməsinə əngəl ola biləcək ən böyük maneə idi. Ölkəmizin faciəsinin ilk mərhələsi olan bu hadisə tariximizə yeni bir səhifə açdı ki, bu gələcək nəsillər üçün örnək və həyat dərsi olacaq.

Alının alın yazısı

Qələm dostu Bəşir Şəriflinin Milli Qəhrəman haqqında xoş xatirələrindən: 

- Dəli bir ağlamaq keçir könlümdən... Təkcə ağlamaqmı? Şən, oynaq zarafatlarını eşidən bir kəs deməzdi ki, Alı dəli bir ağlamaq üçün qəribsəyib. Əslində, könlündən keçən çox şeylər vardı - təzə aldığı mənzilində yaxınları, doğmaları ilə bir ömür yaşamaq, üç oğul balasının toyunu görmək, arabir Qazaxdan gətirdiyi telli sazı kökləmək, daha nələr... 

Hər gün öz gülüşünlə, yerişinlə, bizə tanış olan baxışınla "Xəbərlər"in qapısını açıb içəri girəndə yaratdığın xoş əhval üçün darıxardıq. Bir də o söz üçün darıxardıq ki, onu yalnız Alı Mustafayevdən eşitməyə vərdiş etmişdik:

- Ayə, dayım da var, pulum da, sizin nəyiniz var ki?! Özüm də bəy oğlu bəyəm.

Amma biz hamımız çox yaxşı bilirdik ki, Alının ömründə çətin günlərinin sayı daha çox olub. On illərlə kirayədə yaşayıb, özü də erməninin evində. Zarafatla deyərdi: Ayə, erməni evi olanda nə olar ki, günortanı bizdəyik. Bir qismat çörəyimi kəsin". Və nədənsə, onun sözündən çıxmazdıq, gedərdik. Elə şən əhval yaradardı ki, çətin günün yükünü unudardıq...

   
Sonuncu görüşümüzü yaxşı xatırlayıram. 19 il əvvəl elə noyabr ayının 19-u idi. "Xəbərlər"də iş günü təzəcə başlamışdı. Dedilər ki, Alı səfərə tələsir. Buna vərdişliydik. Sorağı gah Moskvadan gələrdi - sovetlərin qurultayından, gah Qırmızı körpüyə görüşə tələsərdi, elə bil vaxt-vədə onu qovurdu...
   
O gecənin vahiməli xəbərini elə "Xəbərlər"in özü yayımladı. Qarakənddən gələn qara xəbərə təsəlli əvəzi söz tapa bilmədik. Bu xəbərin gəldiyi gün hamımız bir yerdəydik - sükutla, gözü yol çəkən adamlar kimi bir-birimizin üzünə baxırdıq. Elə bil hamımız günahkar idik. Bütün günü bu boyda ölkənin xəbər düzümünü bir-birinə calayan, açılmaz qapıları ərklə, ürəklə, təpərlə döyən yazarlara oxşamırdıq. O gecə xeyli yazıqlaşmışdıq. Alının körpə Turqutu qədər çarəsiz və yetim görünürdük. Nə Lalə xanıma, nə də bir-birimizə təsəlli verə bilirdik. Elə bil o gecə sözümüz də, özümüz də tükənmişdik. Lal sükuta o qara xəbər meydan oxuyurdu. Və o gecə "Xəbərlər"də qara bir sükut vardı...

Alı kədəri öz içində əritməyə vərdişli idi. Tez-tez ürəyinin ağrıları tutanda deyərdi ki, böyük dərdlərin qarşısında belə ağrıları dilə gətirmək günahdır. Nə qədər zarafatcıl olsa da, hər şeyi öz arşını ilə ölçüb-biçərdi, haqsızlığa dözüm göstərməzdi. Ən çətin məqamda da urvatlı sözə güvənərdi...

İsti söz üçün qəribsədiyini də görmüşdük. Misralarını öz dilindən də eşitmişdik. Onda bir daha yəqin etmişdik ki, Alı bu dünyanın ən zərif, kövrək adamlarından biridir. Amma bir sözünü də unuda bilmirik. Deyərdi ki, mən ona görə gülə-gülə gəzirəm ki, hər adam görə-görə ağlaya bilməz. Və bu deyimlərin üstündən şirin Qazax ləhcəsi ilə doyumsuz zarafatlara keçərdi...

Biz həmişə bir-birimizi qoruya-qoruya yaşayardıq. Amma o qara xəbərin vahiməsindən qoruna bilmədik. Səndən sonra doğmaların da təzə mənzilinə uyğunlaşmadılar. Təkcə mənzilə yox, sənsiz bu obaya, bu yurda sığmadılar. Təzə mənzildə sənsiz yaşamağa tablaşmadılar, səkkizinci mərtəbədə döydüyümüz qapının o tərəfindən səs-səmir gəlmədi...

Yaşadığın doqquzmərtəbəli binanın qarşısında vurulmuş xatirə lövhəsinə həkk olunmuş şəkildəki mənalı baxışınla o mərtəbələrdən qat-qat hündürlükdə görünürsən. Və o hündürlüyü telejurnalistikanın ən çətin sınaqlarında pillə-pillə ötə bildin. Sənin nəyin vardısa, halal haqqın idi. Bir obanın şirin ləhcəsini, Qazaxbəyli kəndinin təəssübünü, ağbirçək ananın xeyir-duasını heç nəyə dəyişmədin. Böyük şəhərdə ən dəyərli seçimin ömür-gün yoldaşın Lalə oldu. Elə bil hər şeyi vaxtında-vədəsində ölçüb-biçmişdin. Biçimində və seçimində öz ömrünün yaşanan və qırılan fraqmentlərinin keçidlərini səndən özgə heç kəs belə duya bilməzdi.

Alı nə qədər səmimi, istiqanlı idisə, o qədər də məqamında sərt idi. 90-cı illərin əvvəlləri idi, Azərbaycan dilində Vəzirov kimi danışanların çoxu vəzifədə idi. Və onda bu eksperimenti "Xəbərlər"də də sınaqdan çıxarmaq istədilər. Dilimizi bilməyən bir naşını "Xəbərlər"ə baş redaktor təyin etmişdilər. Uşaqların hamısı gileylənirdi, amma hamı susurdu. Heç kəsin gözləmədiyi tərzdə Alı qapını açıb girdi içəri ki, a qağa, birincisi, xoş gəlmisən, amma Vallah, bura sənin yerin deyil. Nə qədər ki bu xəbər böyüməyib, getməyin məsləhətdir. Onda o adam hər şeyi anlamışdı. Bircə onu soruşmuşdu ki, koqda? Alı da gülə-gülə cavab vermişdi ki, ne zavtra, luçşe seqodnya. Bununla da məsələ bitmişdi. Otağın açarlarını da elə Alıya vermişdi.

   
Ömrünü iki qütbün arasında bölürdün - açıq-aşkar bəyan etdiyin telejurnalist Alı Mustafayev və gizli-gizli qoruduğun şair imzan - Alı Qazaxbəyli. Sənin təkcə telejurnalist və şair kimi yox, həmkar və həmsöhbət kimi sevən, xatirələrinlə isinən dostların az deyil. Və nə yaxşı ki, bu xatirələr bu gün də yada düşür. Dayandığın zirvə 40-a çatmayan yaşında sənə bu dünya ilə əmin-arxayın halallaşmaq haqqı verib. Qalan nə varsa, ömür nəyə macal vermədisə, üç balanın - Toğrulun, Turalın, Turqutun qismətidir, halal haqqıdır! 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə