«Futbol sülaləsi»nin ən görkəmli simaları (MARAQLI)

 

Futbol tarixində övladın atanın yolunu davam etdirməsi nadir hadisə deyil. Bununla bağlı müxtəlif misallar çəkmək mümkündür. Uzağa getməyək, bu gün futbol üzrə Azərbaycan milli komandasının üzvü Vaqif Cavadov futbolumuzun veteranlarından sayılan İsgəndər Cavadovun oğludur. Ancaq gəlin, diqqət yetirək, görək, oğulların ataların yollarını layiqincə davam etdirməsinə dair dünya miqyaslı hansı müstəsna futbol nümunələri var.

Çezara və Paolo Maldinilər

Hələ uşaqlıq illərindən Paolo «Milan»ın formasını geymək arzusundaydı. Söhbət ötən əsrin 60-cı illərində atası Çezaranın geydiyi qırmızılı-qaralı formadan gedir. Karyerası müddətində Çezara Maldini təkcə vətəni İtaliyada deyil, eləcə də bütün dünyada ən yaxşı mərkəz müdafiəçilərindən sayılırdı. «Milan»da 13 mövsüm, İtaliya çempionluqları, Avropa Çempionlar Kubokunun qalibi - bütün bunlar onun əldə etdiklərinin yalnız bəzi hissəsidir.

Ata Maldini karyerasını bitirdikdən sonra İtaliya klubları ilə məşqçiliyə başladı. Ölkənin gənclər və olimpiya seçməsi ilə işlədi və onlarla birgə üç dəfə Avropa çempionluğu sevincini yaşadı. İtaliyanın əsas milli komandasına rəhbərlik edən Ç.Maldini 2000-ci ildə Avropa birinciliyinin gümüş medallarına sahib çıxdı. Yeri gəlmişkən, həmin çempionatda oğlu Paolo da son dəqiqələrdə çempionluğu əldən verən heyətin tərkibində yer almışdı.

P.Maldini isə klub miqyasında atasından düz iki dəfə artıq oyun keçirib. 451-ə qarşı 902. Dəfələrlə İtaliya çempionu adanı qazanıb. Ölkə kubokuna və superkubokuna yiyələnib. Avropa Çempionlar Liqasının qalibi olub. Bütün futbolçu həyatını, yəni təxminən 25 mövsümü yalnız bir komandada - «Milan»da keçirib. Təkcə bu klubun deyil, eləcə də İtaliya milli komandasının da əvəzedilməz simasına çevrilib. 

Qeyd edək ki, hazırda Paolo Maldininin oğlu Kristan da «Milan»ın gənclərdən ibarət komandasında müdafiəçi mövqeyində top qovmaqdadır.

Yohan və Yordi Kroyf

Əgər Paolo Maldini göstərdiyi oyunla atası Çezaranı xeyli üstələmişdisə, Yordi Kroyfun atası Yohandan üstün olduğunu söyləmək mümkünsüzdür. Hendrik Yohannes Kruifi və ya qısaca Yohan Kroyfu «budslu Pifaqor», «uçan hollandiyalı» və başqa bu kimi ifadələrlə adlandırırdılar. Onun «Ayaks»dan başlanan karyera yüksəlişi Hollandiya milli komandasında və İspaniyanın Barselona futbol klubundakı möhtəşəm oyunla davamını tapdı. Dəfələrlə Hollandiya və İspaniya çempionluğunu qazandı. Üç dəfə Avropa Çempionlar Kubokuna yiyələnmiş hollandiyalı «Qızıl buds» mükafatının üç qat sahibi kimi də tarixə düşdü. Onu da vurğulamaq lazımdır ki, «uçan hollandiyalı»nın Hollandiya milli komandasının 1974 və 1978-ci illərin dünya birinciliyinin gümüş medallarını qazanmasındakı xidmətləri böyükdür.

Karyerasını bitirdikdən sonra Kroyf «Ayaks»da və «Barselona»da baş məşqçi kimi fəaliyyət göstərdi. Məşqçilik uğurları futbolçuluq nailiyyətləri qədər böyük olmasa da, kataloniya klubu ilə dörd dəfə dalbadal İspaniya çempionluğunu və 1994-cü ildə bir il sonra Çempionlar Liqası adlandırılacaq Avropa Çempionlar Kubokunu qazandı. 2010-cu ildə Kroyf «Barselona»nın fəxri prezidenti elan edildi.

Məşhur hollandiyalının oğlu olan Yordi Kroyf ilk futbol dərslərini «Ayaks»da aldı, 1988-ci ildə atası ilə birgə «Barselona»ya gəldi. Onun futbolçu karyerası da məhz buradan başlandı. Yeddi ilə yaxın Kataloniya klubunun gənclərdən ibarət heyətində top qovdu.  «Barselona»nın 1995-1996-cı illər mövsümündəki uğursuzluğundan sonra atası ilə birgə klubu tərk etdi və «Maençester Yunayted»ə gəldi.

«Qırmızı şeytan»ların tərkibində İngiltərə çempionluğunu qazansa da, bu, o qədər də böyük uğur sayıla bilməz. Çünki komanda rəhbərliyi ilə yola gedə bilmirdi. Sonralar Yordi Kroyf İspaniyanın «Selta», «Alaves» və «Espanyol», Ukraynanın «Metallurq» və nəhayət Maltanın «Valetta» klubunda oynadı. Atası kimi ola bilmədi.

Ralf və Oliver Kanlar

Ralf Kan 1963-cü ildə 19 yaşında Almaniyanın «Karlsrue» klubunun tərkibində ilk peşəkar matçına çıxdı. Bir müddət «Foniks Bolheym» və «Hamburq»un tərkibində top qovan ata Kanın karyerasını uğurlu saymaq olmaz. Ancaq ondan fərqli olaraq övladı Oliver qapıçı kimi əldə edilməsi mümkün olan demək olar, bütün uğurlara imza ataraq tarixə düşdü. Mühhenin «Bayern» klubundan başlanan möhtəşəm yolda dörd dəfə Avropanın, bir dəfə dünyanın ən yaxşı qapıçısı adını qazandı. İki dəfə Almaniyanın ən yaxşı oyunçusu, altı dəfə ən yaxşı qapıçısı adına layiq görülmüş Kan ölkənin milli komandasının da əvəzsiz çərçivə qoruyucularından oldu. Məhz O.Kan Avropa Çempionlar Liqasının finalında üç on bir metrlik cərimə zərbəsini dəf edərək «Bayern»nin «Valensiya» üzərindəki qələbəsinin memarına çevrildi. Dünya miqyaslı qapıçı 2008-ci ildə özünün futbolçu karyerasını bitirdi.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə