Azərbaycan güləşinin «maqomedrasul sindromu» (ETİRAZ)

Əvəz RÜSTƏMOV

 

Televiziya ekranından Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda Bakıda keçirilmiş beynəlxalq yarışa tamaşa edəndə yadıma London Yay Olimpiya Oyunlarında idmançılarımızın iştirakı düşdü. Güman edirəm, ötən ilin yayında vətəndaşlarımızın hədsiz marağına səbəb olmuş böyük idman hadisəsinin bəzi epizodlarını diqqətə çatdırmağa ehtiyac var. Xatırlayırsınızsa, medallarımız, xüsusən də qızıl medallarımız özünü bir xeyli gözlətdi. Hamımız Azərbaycan idmançısı adı ilə təqdim olunan legionerlərin iştirakı ilə baş tutmuş qarşılaşmalara köklənsək də, «əcnəbi millilərimizin» dişsiz yenilgisi səhnəsini görəndə əsəbləşirdik. İstər-istəməz sahəyə cavabdeh şəxslərin səriştəsizliyi üzərində dayanırdıq. Gileyimizdə belə legionerlərin lazım olub-olmadığına dair suallar ön plana çıxırdı.

Əslində bir çox olimpiya idman növlərində xaricdən gətirilmiş atletləri varlığını qəbul etmək lazımdır. Çünki idmanda bizlərə təbiətcə aidiyyatı olmayan sahələr var. Hesab edək ki, həmin sahələri dirçəltmək məqsədilə gənclərimizə canlı örnəklər gərəkdir. Amma mövcud deyim prinsipcə nə sərbəst, nə də yunan-roma güləşinə aid olmalıdır. Axı, burada bəlli ənənəyə malikik. Ağız dolusu deyirik ki, güləş milli idmanımızdır.

Doğrudan da uşaqlarımız bir növ, anadangəlmə güləşçi doğulurlar. Əslində bu mənada futbolu da vurğulamaq mümkündür. Bizdə futbolla bağlı xoşagəlməz tendensiyadakı xarakterik xüsusiyyət isə övladlarımızın peşəkar futbolçu kimi yetişdirilməsinin üstündən elə kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulmuş dərnəklərdəcə yekə bir xəttin çəkilməsidir. Proses belə baş verir: məşqçi düzgün fiziki, taktiki və psixoloji hazırlıq keçmədən ortaya topu atır, azyaşlı uşaqlar da başlayırlar həyətdə-bacada oynadıqları oyunu stadionda təkrarlamağa. Nəticədə böyük futbolçu potensialı davamını tapmır. Sonra da təəccüblənirik ki, nəyə görə Avropa ölkələrindəki futbolçular sanki at kimi qaçırlar, bizimkilər hərəkətə gələn an dilləri beş metrə çölə çıxır. Təbii ki, burada «məşqçi nəyə görə öz işini düzgün tutmur» sualının müxtəlif məqamlarına da toxunaraq mühakimə yürütmək mümkündür…

Nə isə, güləşdən danışırdıq. Zənnimcə, idmana güclü dövlət qayğısı barədə bar-bar bağırılan məmləkətdə güləşin daha çox diqqətlə əhatə olunduğunu nəzərə alsaq, o futbol kimi əcayib şəklə düşmək aqibətini yaşamamalıydı. Hə, futbolu da bir az anlayaq, hardasa irsiyyət faktoruna dayanaraq bizdə gürcülərdəki, elə düşmənimiz ermənilərdəki kimi futbolçuların olmadığını etiraf edək. Demirəm, vəziyyətlə barışaq… Gəlin, yüksək ənənələrə malik güləşimizin futbolumuzun gününə düşməsinə imkan verməyək. Sizi bilmirəm, mən olimpiya oyunlarında Toğrul Əsgərovun qızıl medalına Şərif Şərifovun qızılından qat-qat artıq sevindim. Şərif Dağıstan güləş məktəbinin yetirməsidir, necə deyirik, milliləşdirilmiş legionerdir. Məğlubiyyətə gəldikdə, Rövşən Bayramovun finalda İran pəhləvanına, Fərid Əhmədovun yarımfinalda erməni atletə yenilməsini sırf idman hadisəsi olaraq dəyərləndirdim və üzüntüm də məhz bu ab-havaya kökləndi. Ancaq haqqında bəhs etdiyim Azərbaycan Güləş Federasiyasının kuboku uğrundakı beynəlxalq yarışda Azərbaycan idmançısı adı ilə təqdim olunan gənclərin zəfərlərinin bizə komanda hesabında birincilik qazandırmasına əsla sevinə bilmədim. Onun fərqinə vardım ki, artıq gənc komandamıza da legioner cəlb edirik. Hanı damarında güləşçi qanı axan gənclərimiz? Maqomedlər, məhəmmədrəsullar, həmzətlər birinci yeri tutur, fərruxlar, namiqlər, pərvizlər qalır qıraqda, yaxud üçüncülük uğrunda görüşə çıxır, yaxşı halda finalda uduzur. Buna nə ad verək? Budurmu güləşimizin sabahı? Soruşmuram ki, necə olur, əl boyda Dağıstan Azərbaycanın gənclər üzrə güləş millisinin heyətini müəyyənləşdirən idmançıları verir? Məsələ bu verimlilikdən faydalanmanın güləş ənənələrinə malik ölkə üçün sadəcə rüsvayçılıq doğurmasındadır. Azərbaycandakı idman olimpiya komplekslərinin sahəsi az qala Dərbəndin və ya Maxaçqalanın ərazisi qədərdir. Görəsən, bunun fərqinə varırıqmı?

Sonda bir müşahidəmi də bölüşməyi vacib sayıram. Əlbəttə, idmanda güclü qalib gəlir. Bazar günü başa çatmış beynəlxalq turnirdə əslən azərbaycanlı və dağıstanlı olan iki gəncin qarşılaşmasına diqqət yetirdim. İkincinin birinci qarşısındakı üstünlüyündə təkcə güc faktorunu sezmədim. Psixoloji baxımdan həmyerlimiz görüşə sanki məğlub çıxmışdı. Oxşar vəziyyəti digər bir neçə qarşılaşmada da hiss etdim. Nəticəyə gəldim ki, Azərbaycan güləşində dağıstanlı məsələsi artıq bəlli sindrom halına gətirilib. Bəlkə bu meyl əvvəldən də var. Hər halda iki olimpiya çempionumuzdan birinin öz yetirməmiz olmadığını nəzərə almaq zərurətilə baş-başayıq. Hələ bir çox digər mükafatçılarımızı demirəm. Zənnimcə, indiki vəziyyətdə problem haqqında söz açdığımız sindromun gəncləşməsində, məhz güləş sahəsinə cavabdeh insanların onu gəncləşdirməsindədir. Bilmirəm, belə siyasət, yəni Azərbaycan güləşini əcnəbiləşdirmək, bu vəziyyətdə isə dağıstanlılaşdırmaq kimə sərfəlidir? Kimlər kimlərdən və nədən hansı məqsədlər naminə bəhrələnirlər? Bəlkə, kimlərsə idmanda nəticə qazanılmasını keçmiş SSRİ-nin kolxoz planları anlamında qəbul edir? Belə yanaşma varsa, kökündən səhvdir. Birincilik də, qalibiyyət də, medallar da olmur olmasın. İş görülürsə, nə vaxtsa nailiyyətlər özü gələcək. İndiki mənzərədə isə böyük ölçüdə Azərbaycan güləşinin kürəyinin yerə vurulmasından başqa bir şey nəzərə çarpmır və belə iş görmək sadəcə yolverilməzdir. Çox təəssüf.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə