Keçmişin «21 dekabr»ları və ya cəfəng baxışların yaratdığı apokalipsis

Çox güman, dünyanın dağılacağı ilə bağlı ən son məlumatdan xəbəriniz var. Yəqin, həmin vaxtın yetişməsinə iki günün qaldığını da bilməmiş deyilsiniz. Amma məlumdur ki, indiyədək belə məlumatlar çox yayılıb. Bu dəfə ön plana mayalılar və Dalay Lama çıxıb. Mayalıların öz başlanğıcını bizim eradan əvvəl 3114-cü ildən götürmüş təqvimləri dekabrın 21-də başa çatır. Ona görə də yer kürəsində bir çoxları özlərinə azuqə toplamağa və sair ehtiyat tədbirləri görməyə başlayıblar. Müəyyən yerlərdə o qədər böyük təşviş yaranıb ki, hətta insanlar ağıllarını itirmək dərəcəsinə çatıblar. İşi belə görən NASA artıq dünyanın sonunun yaşanacağını təkzib edən video-çarx da yayımlamaq məcburiyyətində qalıb. Ancaq əslində təqvimin bitməsinin dünyanın sonunun olmadığını anlamaq üçün alimliyə ehtiyac yoxdur. Təqvimi yenidən başlamaq da mümkündür. Axı, bu hərəkəti hər il heç fərqinə varmadan edirik və heç vaxt da panikaya düşmürük. Hər bir halda yaxınlaşmaqda olan apokalipsis düşüncəsinin məntiqə söykəndiyini söyləmək olmur. Həm də belə fikirlərin vaxtilə düçar olduğu tragikomikliyə diqqət yetirməklə dünyanın elə lap başlanğıcdan məhv olma təhlükəsinin bir addımlığında dayandığını söyləmək mümkündür.

Əvvəla onu deyək ki, güclü sel kimi nəhəng miqyasa malik hadisələrin insanlığı yer üzündən silməsinə dair əsatir ən qədim zamanlardan var. Ondan Bibliyanın birinci kitabında da bəhs edilir. Hələ İsa Peyğəmbərin zamanında yəhudilər arasında dünyanın sonu ilə bağlı düşüncələr geniş vüsət almışdı və bildirilirdi ki, bu hadisə Messinin gəlişi ilə baş verəcək. İsanı xaç suyuna çəkmiş İohan da apokalipsisin yaxınlaşmasından danışırdı. Hətta bir çox alimlər hesab edirlər ki, İsa Peyğəmbərin özü də sağlığında bu barədə söhbət açırmış.

Ümumən dünyanın sonu ilə əlaqədar baxışlar messianizmlə (Allah tərəfindən seçilmiş insanın yer üzünə gələcəyi və haqq-ədalət yaradacağı ilə bağlı təlim. Müsəlmanlıqda bu, Mehdi Sahib əz Zamanın zühuru kimi göstərilir) bağlı olub və tarix özünü belə Messi adlandıranlar sarıdan korluq çəkməyib. Görünür, belələrindən ən qəribəsi kritli Musa olub. O, bizim eranın 5-ci əsrində yaşayıb. Bu adam möcüzə nəticəsində dəniz suyunun çəkilməsini və ardıcılları ilə birgə Kritdən Fələstinə yol alacağını gözləyirmiş. Musa əvvəlcədən müəyyənləşdirilmiş gündə tərəfdarları ilə birgə dənizin sahilinə gəlir və onlar suyun çəkiləcəyini zənn edərək birlikdə dənizə doğru irəliləyirlər. Təbii ki, belə demək mümkünsə, dənizin qurumaq niyyəti olmur və boğulduqlarını görən musaçıların axmaq halda sahilə qayıtmaqdan başqa çarələri qalmır. Bu hadisədən sonra ideya mənbəyi rolunda çıxış edən şəxsin qaçıb gizlənməkdən başqa çarəsi qalmır.

Yaxınlaşmaqda olan apokalipsislə bağlı nəzəriyyənin daha bir fenomeni minillikdir. Bu mənada başa çatdığını gördüyümüz ikinci minillik başlanmış üçüncüdən heç nə ilə fərqlənmir. Minillik başa çatanda müxtəlif dini inanclara malik şəxslər dünyanın axırını gözləyirdilər.

Maraqlıdır ki, bəşəriyyətin zəka nəhəngləri sayılan şəxslər də ətraf aləmin dağılacağı ilə bağlı cəfəngiyyatın əsirinə çevrilməkdən xilas ola bilməmişdilər. Məsələn, dahi İsaak Nyuton Bibliyada dünyanın sonuna dair tarixi tapmaq üçün xeyli vaxt sərf etmişdi. Nəhayət, müxtəlif təhlillər nəticəsində belə qərara gəlmişdi ki, bu hadisə 2060-cı ildə baş tutacaq…

1806-cı ildə apokaliptik isteriya özünün yüksək intellektuallığı və təfəkkür tərzi ilə seçilən İngiltərənin Lids şəhərinin sakinlərini də cənginə almışdı. Buna səbəb isə toyuq olmuşdu. Onun yumurtasının üstündə «İsa qayıdır» cümləsi yazılmışdı. Şəhərlilərin bu məsələyə həddən artıq aludə olmalarının yekunu isə ortaya gülməli mənzərə qoymuşdu. Məlum olmuşdu ki, toyuğun sahibi özü yumurtanı üzərini yazıb və onu yazıq toyuğun canına yeridib. Özündən çıxan toyuq dəli kimi o tərəf bu tərəfə qaçıb. Sahibi isə əvvəlcə qonşularının diqqətini toyuğun bu hərəkətinə çəkə bilib. İş elə gətirib ki, qonşuların köməyi ilə tutulmuş toyuq belə demək mümkünsə, xüsusi ritual olmadan sahibinin qucağındaca yumurtalayıb. Təbii ki, bu səhnə inandırıcı alınıb.

Bəli, bunlar keçmişdə olub və keçmişdə baş verənlər barədə danışarkən indiki reaksiyalara da diqqət yetirmək maraqlıdır. Axı, indi apokaliptik gözləntilər daha böyük fantaziyaya malikdir. 2000-ci ildə dünyada yeni dəyişikliklərin baş verəcəyi gözlənilirdi. Ötən ilki isteriyaları nəzərə alsaq, Harold Keplinqi mütləq xatırlamalıyıq. O, mayın 21-də hansısa yüksəlişin baş verəcəyini söyləmişdi. Yer kürəsində nəzərə çarpan elə bir hadisə baş verməyincə, bu adam bildirdi ki, mənəvi anlamda ilkin proses yaşanıb və əsl olay oktyabrın 21-də gerçəkləşəcək. Nəhayət, 21 oktyabr da gəldi və fövqəladə heç nə olmadı. Belədə Keplinqin camaat içərisinə çıxaraq üzr istəməkdən başqa əlacı da qalmadı.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə