«Ərəb baharı»nın qadın sifət(sizliy)i

«Ərəb baharı» ssenarisində avanqard rol oynamış qadınların gözləntiləri özünü doğrultmadı. Diktatorlar devrildi, islahatlar aparıldı, ancaq zərif cinsin nümayəndələrinin həyatında müsbətə doğru heç nə baş vermədi. Əlbəttə, sözügedən ssenarinin özünün də ümumilikdə xalqların həyatında əsaslı pozitiv dəyişikliklərə gətirdiyini söyləmək mümkünsüzdür. Amma nəzərə almaq lazımdır ki, qadınların istəkləri elə də böyük deyildi.

İnqilabların baş verdiyi ölkələrdə hakimiyyətə yiyələnənlər isə tamamilə fərqli fikirdə idilər və onların düşüncə tərzlərinin nəticəsidir ki, hazırda ərəb qadınları öz hüquqları uğrunda internetdə mübarizə aparmağa başlayıblar. Bəli, yalnız internetdə. Çünki başqa yol yeni qayda-qanunlara görə, ciddi pozuntu kimi də dəyərləndirilə bilər. Məsələn, vaxtilə Hüsnü Mübarək rejiminə qarşı açıq şəkildə mübarizə aparmış misirli qadının hazırda eyni hərəkəti yeni prezident Məhəmməd Mursi hakimiyyətinə münasibətdə ağlından keçirməsi belə az qala günah səviyyəsinədək qaldırılır. Təbii, necə deyərlər, günahların yanından keçənlər tapılır. Onlardan biri livanlı fəal Diala Haydardır.

Bu xanım 4 həmfikri ilə birgə hələ «facebook» sosial şəbəkəsində «Ərəb dünyası qadınlarının üsyanı» adlı kampaniyaya start verib. Kampaniyadan məqsəd bütün dünyaya region qadınlarına qarşı ədalətsizliyin, qeyri-bərabərliyin tüğyan etdiyini göstərməkdir. 28 yaşlı Dialanın sözlərinə görə, «tarixin hər mərhələsində biz hansısa bəraət qazandırma cəhdlərinə şahidlik etmişik. Hazırda belə məsələləri müzakirəyə gətirməyin vaxtı deyil. Qadınlarımız müharibə də görüblər. Buna görə də haqlarımıza sahib çıxmanın zamanı yetişib».

Qeyd edək ki, «facebook»dakı sözügedən səhifəyə artıq 80 mindən çox qoşulan var. Hətta «Ərəb dünyası qadınlarının üsyanı» artıq ayrıca sayta da çevrilib. Hazırda hərəkat iki istiqamətdə iş aparmaqdadır. İştirakçı qadınlar birincisi, üzərində zərif cinsin nümayəndələrinin haqlarının qorunmasına kömək göstərilməsinin vacibliyi əks olunmuş plakatlar yayırlar, ikincisi, BMT-nin dəstəyi ilə zorakılıq və diskriminasiya hallarının tarixçəsi barədə materiallar toplayaraq dərcini həyata keçirirlər.

Hərəkata qoşulmuş on minlərlə qadın özünün həyat hekayəsi haqqında ətraflı söhbət açarkən, inqilablardan sonrakı müddətdə başlarına gəlmiş zorakılıq faktlarının təbiətinə diqqət yetirirlər və vəziyyətin dözülməz həddə çatdığını vurğulayırlar. Bu kimi məsələlərə münasibətini açıqlayan D.Haydarın sözlərinə görə, inqilab gizli şəkildə gerçəkləşmir, açıq formada baş tutur. Buna görə də biz üzləşdiyimiz hadisədəri və problemləri ictimaiyyətə bəyan etməliyik. «Səylərimiz nəticəsində xoşagəlməzliklərin heç də adi təsadüf kimi meydana çıxmadığını, həyatımızın tərkib hissəsi olduğunu dünyaya çatdıracağıq. Amma bunun üçün çox çalışmalıyıq. Zorakılıqla mübarizə uzun çəkəcək».

Diala ilə həmfikir olan iyirmi iki yaşlı tunisli Rahmanın üzləşdiyi durum və bu durumu aradan qaldırmaq üçün «ərəb baharı»na qoşulması gözlər önündə kifayət qədər dramatik səhnə canlandırır. Qadın deyir ki, hələ yeniyetmə yaşlarından bir nəfər onu təqib edir, loru desək, özününküləşdirmək istəyir, müxtəlif vasitələrlə həyatına qarışır. «Belələri çoxdur. Mən inqilaba qoşulan zaman beynimdə olan həmin adamların cinayət məsuliyyətinə cəlb edilməsinə şərait yaradacaq mühitin formalaşmasına dəstək göstərmək idi. Amma vəziyyət dəyişmədi. Yenə də bu sayaq məsələlər sanki tabulaşdırılıb. İnsanlar guya ailələrinin şərəfi naminə susurlar. Necə də absurd şərəfdir, anlamıram!»

Ümumən Dialanın başlatdığı hərəkat qadınlara münasibətdə şərəf və ləyaqət məsələsinə patriarxal baxışı kökündən sarsıtmağa yönəlib. Onun iştirakçılarının bildirdiklərindən məlum olur ki, əksəriyyət bir qədər öncə haqqında söz açdığımız tunisli qadın kimi düşünür və «ərəb baharı» ssenarisində iştirakla istəklərinin gerçəkləşəcəyinə ümid edib. Ancaq ümidlər doğrulmayıb. İnqilab ölkələri illərlə geri atdığı kimi, bu məmləkətlərdə qadına münasibətdə oturuşmuş struktura malik köhnə fikirlərə də yeni arxayiqlik notları gətirib.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə